Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə Nazirliyi ana ölümlərinin qarşısını alınmasında israrlıdır

Ana və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması dövlətin sosial yönümlü siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Səhiyyə nazirinin diqqət və nəzarətdə saxladığı bu sahəyə yönəlmiş daim bir sıra işlər görülür, müxtəlif layihələr həyata keçirilir. Belə addımlardan biri də Səhiyyə naziri Oqtay Şirəliyevin iyun ayının 20-də Balakən rayonunda keçirdiyi qəbul zamanı olmuşdur. Belə ki, müraciət etmiş 5 aylıq hamilə, Qax rayon sakini Məmmədova Ülviyyə Çingiz qızı, bu günlərdə həkimlərimizin tükənməz səyləri sayəsində yenidən dünyaya qayıtmışdır. Balakən rayonunda keçirilən qəbul zamanı nazirə müraciət etmiş xanım İran İslam Respublikasından olduğunu, orada anadangəlmə kəskin ürək qüsurundan əziyyət çəkən Ülviyyə xanıma, hamiləliyin ilk aylarından sonuna kimi xəstəxanada qalmağı məsləhət görmüşlər. Təklifin maddi imkanları xaricində olması, həbelə psixoloji cəhətdən xarici ölkədə belə bir riskli doğuşun icra olunması təhlükəsi ilə üzləşən gənc ailənin son ümid yeri səhiyyə nazirinin qəbuluna gəlmək olub. Müraciətdən dərhal sonra cənab nazirin xüsusi tapşırığına əsasən Ü.Məmmədova Respublika Perinatal Mərkəzinə yerləşdirilmişdir. Hamiləliyinin son üç ayını Perinatal Mərkəzin və Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin kardioloqlarının ciddi nəzarəti altında saxlanılmış və oktyabrın 1-də qeysəriyyə əməliyyatına alınmışdır. Əməliyyat Respublika Perinatal Mərkəzin baş həkimi S. Məmmədova və Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin baş həkimi Y.Əliyevin başçılığı altında icra olunmuşdur. Əməliyyat uğurla sona yetirilmiş, hazırda xanım və yeni doğulmuş körpə tam sağlamdır.

Səhiyyə Nazirliyi Ülviyə xanım kimi, yüzlərlə ana olmaq arzusunda olan xanımlara yardım etməyə hazırdır. Lakin onlardan da tələb olunan məqamlarda var ki, bu da onların vaxtında həkimə müraciət etmələri, daim həkim nəzarəti altında olmalarıdır.

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin Məlumatı

13/10/2014

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013