Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Uşaqların icbari dispanserizasiyasına dair geniş konfrans kecirildi

Uşaqların sağlamlığının qorunması məsələsi dövlətimizin daim diqqət mərkəzindədir. Son illər ölkəmizdə bu sahədə mühüm nailiyyətlər əldə edilsə də pediatrik yardımın keyfiyyətinin yaxşılaşdırılması və bu xidmətdə çalışan tibb işçilərinin peşə biliklərinin artırılması və həmin biliklərin beynəlxalq standartlara uyğun olması istiqamətində aparılan işlər davam etdirilir. Həmin tədbirlərin davamlılığının təmin edilməsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”nın əhəmiyyətli rolu var. Bu proqramın həyata keçirilməsi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tədbirlər planı hazırlanıb təsdiq edilmışdir. Həmin tədbirlər planına üyğun olaraq Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu ana və uşaq sağlamlığının qorunması sahəsində çalışan həkimlərə uşaqlar arasında geniş yayılmış xəstəliklərin erkən aşkarlanması, müalicəsi, profilaktikası, fəsadlarla mübarizə sahəsində keyfiyyət standartlarının çatdırılması, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi üçün təlimlər keçirir. Bu təlimlərə xarici ölkələrdən dəvət olunmuş mütəxəssislər də qatılırlar. Mütəmadi davam edən təlimlər çərçivəsində institut 18-19 noyabr 2014-cü il tarixində “Uşaqlar arasında geniş yayılmış xəstəliklər” mövzusunda elmi-praktiki konfrans keçirmişdir. Konfransda çıxış edən ilə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru N.A.Qasımov ölkəmizdə son illərdə uşaqların sağlamlığının qorunması üçün daha yüksək səviyəli işlər və tədbirlər aparıldığını qeyd etdi. Onun sözlərinə görə, uşaq xəstəliklərinin erkən diaqnostikası daha mühüm yer tutur və uşaqların icbari dispanserizasiyadan keçirilməsi Dövlət Proqramı səviyyəsində olması əhəmiyyətini əks edir.

 

Konfransın birinci günü Avstriya Respublikasını təmsil edən professor Dieter Kollerin “Uşaqlarda allergik xəstəliklər: diaqnostika və müalicə" və “Pediatrik allerqologiyanın əsasları” mövzusunda məruzələri ilə yanaşı Respublika SN – nin Baş pediatrı, professor Nəsib Quliyevin ”Azərbaycanda uşaqlara tibbi xidmətin problemləri və perspektivləri”, professor İbrahim İsayevin ”Anadangəmə ürək qüsurların prenatal diaqnostikası və profilaktikası”, professor Aslan Həsənovun ”Azərbaycanda uşaq əhalisi arasında nevroloji xəstəliklərin yayılmasının öyrənilməsi", professor Surxay Musayevin ”Uşaqlarda sistem qurdeşənəyinin müalicəsində kiçik dozalarda immunoterapiyanən effektliyi " və Azər Fərəcin “Exokardioqrafiya və genetika" mövzusunda çıxışları dinlənildi.

 

Konfransın ikinci günü professor Dieter Kollerin “Uşaqlarda infeksion xəstəliklərin ağırlıq dərəcəsinin müəyyənləşdirilməsi. Banal infeksiyaların müalicəsi", İngiltərəli mütəxəssis doktor Andreas Petropolusun "Uşaqlarda ən çox yayılmış anadangəlmə ürək qüsurları" və “Uşaq yaşlarında ən çox yayılmış ürək damar sisteminin xəstəlikləri”, professor Lalə Allahverdiyevanın “Naxçıvanın “Duzdağ Mağara”sında uşaqlarda bronxial astmanın qeyri-dərman müalicəsi”, dosent Səadət Hüseynovanın ”Vaxtından əvvəl doğulmuş uşaqlarda hipoksik-işemik ensefalopatiyaların ağrılıq dərəcəsinin qiymətləndirilməsinə müasir yanaşmalar", dosent Sənubər Vəliyevanın “Azərbaycanda uşaqlarda raxit və D hipovitaminozunun yayılması”, dosent Rəqsanə Məmmədovanın ”Uşaqlarda bronxoobstruktiv sindrom” mövzusunda məruzələri dinləniləcək. Bundan başqa Mərkəzi Neftçilər xəstəxanasının anesteziologiya və kardioloji reanimatologiya şöbəsinin müdiri professor Ermann Massa da “ Multirezistent qramm müsbət endokarditlərin müalicəsi” mövzusunda məruzəsi ilə konfransa qatılacaq.

 

Konfransda Ə.Əliyev adına ADHTİ-nin həkim-müdavimləri, Respublikanın pediatrik xidmətinin həkimləri, uşaq xəstəxənaları və uşaq poliklinikalarının həkimləri iştirak edirlər.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin Məlumatı

 

18/11/2014

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013