Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Məcburi köçkünlər üçün yeni xəstəxana binaları tikilir

23 fevral 2007

 

Məcburi köçkünlər üçün yeni xəstəxana binaları tikilir

 

Ağcabədi rayonu ərazisində - Taxta Körpü qəsəbəsində və 84 obada məskunlaşmış laçınlı məcburi köçkünlər üçün yeni xəstəxana binası inşa edilir

 

Xatırladaq ki, bu günə qədər Laçın Mərkəzi Rayon Xəstəxanası üç «fin evi»ndə fəaliyyət göstərirdi. Stasionar şərait olmadığından, yerli səhiyyə işçiləri evbəev dolaşıb səhhətindən şikayətlənənləri evlərdə müayinə və müalicə edirdilər. Laçın Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Elçin İsgəndərov bildirib ki, indiyədək Taxta Körpü qəsəbəsində və 84 obanın hər birində ciddi müalicəyə ehtiyacı olanlar isə Bakıya və ya ətraf rayonlardakı müalicə ocaqlarına üz tutmalı olurdu. Yeni inşa edilən 20 çarpayılıq xəstəxana binası istifadəyə verildikdən sonra bu problem aradan qalxacaq. «Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı»na uyğun olaraq, laçınlıların müvəqqəti məskunlaşdıqları “Taxta körpü”də isə 25 çarpayılıq yeni xəstəxananın inşasına başlanılıb. Müasir standartlara cavab verəcək tibb ocağının ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur.

 

Rayon İcra Hakimiyyətindən bildiriblər ki, hazırda 1 xəstəxana, 1 poliklinika, 37 tibb, 43 feldşer-mama məntəqəsi, 3 həkim ambulatoriyası, gigiyena və epidemiologiya mərkəzi rayon əhalisinə tibbi xidmət göstərir. Ötən il 2 kənd xəstəxanası dövlət vəsaiti hesabına təmir olunub. İxtisaslı həkim briqadaları 84 obada məskunlaşmış əhaliyə vaxtaşırı tibbi yardım göstərir, yoluxucu xəstəliklərin qarşısını almaq üçün profilaktik tədbirlər görür.

 

Tibb qəzeti

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013