Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Dağınıq skleroz müalicə edilməzsə, ağır əlilliyə səbəb ola bilən sinir xəstəliyidir

Bakı, 25 may, AZƏRTAC

 

Mayın 25-i Beynəlxalq Dağınıq Skleroz Günüdür.

 

Dağınıq skleroz xəstəliyi bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da səhiyyənin aktual problemlərindən biridir. Son tibbi tədqiqatlar göstərir ki, dağınıq skleroz xəstəliyi xeyli cavanlaşıb. Bəs xəstəliyin ilk simptomları özünü necə büruzə verir? Onun diaqnostikası necə aparılır?

 

AZƏRTAC-ın bu və ya digər suallarını tibb elmləri doktoru, professor, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun nevrologiya kafedrasının müdiri, Əməkdar Elm Xadimi Rəna Şirəliyeva cavablandırıb.

 

- Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2012-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı”nın qəbul olunması bu xəstəliyə tutulanların dövlət tibb müəssisələrində müayinə və müalicəsinin həcminin və həyat keyfiyyətinin artırılması, onların inyeksiya vasitələri və dərman preparatları, o cümlədən yüksək effektli preparatlarla təminatının yaxşılaşdırılması uçun bütün lazımi şərait yaradıb.

 

Dağınıq skleroz əksərən gənc yaşlarda başlayan, proqressiv artan və nəhayət, müalicə edilməzsə, ağır əlilliyə səbəb ola bilən sinir xəstəliyidir. Qeyd edim ki, bəzən dağınıq sklerozu terminoloji oxşarlığına görə yaşlı insanlarda rast gəlinən ateroskleroz xəstəliyi ilə qarışdırırlar. Bilmək lazımdır ki, bunlar tam müxtəlif xəstəliklərdir. Dağınıq sklerozun ən xoşagəlməz xüsusiyyəti insanın cavan yaşlarında ciddi əlilliyə səbəb olmasıdır.

 

Xəstəliyin ilk simptomları o dərəcədə müxtəlif ola bilir ki, bəzən ilkin diaqnozun qoyulması həkimlər üçün də çətin olur. Görmə pozğunluqları, əl və ayaqlarda keylik və zəiflik, başgicəllənmə, sidik ifrazının çətinləşməsi və bu kimi rəngarəng simptomlar bu xəstəliyin erkən əlaməti kimi təzahür edə bilər. Buna görə, hər bir şəxs orqanizmində hər hansı bu tipli narahatlıq hiss edərsə, diaqnozun qoyulması həkimin ixtiyarına buraxmalıdır.

 

- Xəstəlik irsi olaraq keçirmi?

 

- Dağınıq skleroz irsi xəstəliklərə aid edilmir. Buna görə yaxınlarından birinin dağınıq sklerozla xəstələnməsi heç kimdə öz səhhəti haqda narahatlıq yaratmamalıdır. Hərçənd ki, bəzi ailələrdə iki və daha artıq şəxsin dağınıq sklerozla xəstələnməsi halları qeydə alınıb.

 

-Bu xəstəlikdən yaxa qurtarmaq nə dərəcədə realdır? Xəstənin yaxınları onun vəziyyətini yüngülləşdirmək üçün hansı qabaqlayıcı tədbirlər görməlidirlər?

 

-Hazırda heç bir müalicə yanaşması dağınıq sklerozdan tam sağalmanı təmin etmir. Bütün dünyada istifadə olunan müalicə tədbirlərinin əsas məqsədi xəstəliyin baş vermiş kəskinləşmələrini söndürmək və növbəti kəskinləşmənin qarşısını almaqdan ibarətdir. İstifadə olunan müasir immunomodulyator xüsusiyyətli preparatlar buna tam imkan verir. Nəzərə almaq lazımdır ki, bir neçə il xəstəliyin müvəffəqiyyətli profilaktikası dağınıq sklerozun inkişafının dayanması, sinir sisteminin yeni zədələrinin baş verməməsi və praktiki olaraq sağalmaq deməkdir.

 

Dağınıq sklerozun müalicəsində xəstələrin yaxınlarının rolu çox böyükdür. Belə ki, ciddi emosional stressə məruz qalmış xəstəyə psixoloji dəstək vermək, onu tək qoymamaq vacibdir. Fiziki çatışmazlıq zamanı keyfiyyətli qulluq edə bilmək xəstənin müalicəsində əhəmiyyətli rol oynayır.

 

- Səhiyyə Nazirliyi dağınıq skleroz xəstələrinin müalicəsi üçün hansı tədbirlər həyata keçirir?

 

- Hazırda Səhiyyə Nazirliyinin müvafiq müəssisələrində bu xəstələrə qeyd etdiyim Dövlət Proqramı çərçivəsində dünya standartları səviyyəsində yardım göstərilir. Səhiyyə Nazirliyinin Nevroloji Mərkəzində ilkin diaqnoz qoyulmuş xəstələr, eləcə də xəstələr təkrar qəbul edilərək ən müasir tibbi diaqnostik üsullarla müayinə olunur, müvafiq müalicə alırlar. Mərkəzdə 2013-2015-ci illər ərzində 1000-ə yaxın xəstə konsultativ və müalicəvi yardım alıb. Onlardan 845 nəfərə dağınıq skleroz diaqnozu qoyulub və bu şəxslər müvafiq preparatlarla dövlət tərəfindən tam təmin edilir. Bundan əlavə, 100-dən artıq xəstə dinamik müşahidəyə götürülüb.

 

Eyni zamanda, həkimlərin bu sahə üzrə təkmilləşdirilməsi üçün zəruri addımlar atılır. Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) sinir xəstəlikləri kafedrasında həkimlərin təkmilləşdirilməsi kurslarında həkim nevropatoloqlara (200-ə qədər mütəxəssis) dağınıq skleroz xəstəliyinin diaqnostikası, müalicəsi və reabilitasiyası barədə mühazirələr, seminar və praktik məşğələlər keçirilib. ADHTİ-nin sinir xəstəlikləri kafedrasının, Azərbaycan Tibb Universitetinin (ATU) nevrologiya və tibbi genetika kafedrasının, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) əməkdaşları birgə “Dağınıq skleroz üzrə klinik protokol” (1000 nüsxə) hazırlanıb. 2013-cü ildə Türkdilli Dövlətlərin I Beynəlxalq Nevrologiya Konqresi çərçivəsində dağınıq skleroz xəstəliyi haqqında xüsusi bölmədə Azərbaycan, Türkiyə və Qazaxıstandan aparıcı mütəxəssislərin iştirakı ilə məruzələr dinlənilib. 2014-cü və 2015-ci illərdə isə Nevroloqların Milli Assosiasiyası ADHTİ-nin sinir xəstəlikləri kafedrası ilə birgə Türkiyənin aparıcı mütəxəssislərinin iştirakı ilə tibb bacıları üçün Avonex preparatının inyeksiya metodikasına dair təkrar təlim kursu keçirib. Nevroloqların Milli Assosiasiyasının görüşləri zamanı respublikamızın nevroloqlarına dağınıq skleroz xəstəliyinin diaqnostikası və müalicəsi barədə mühazirələr oxunub.

 

Bundan başqa, ADHTİ-nin sinir xəstəlikləri kafedrasının, ATU-nun nevrologiya və tibbi genetika kafedrasının əməkdaşları birgə “Dağınıq sklerozun klinikası və diaqnostikası” üzrə tədris vəsaiti hazırlayıblar və 2015-ci ildə vəsait 100 nüsxə çap edilib. İSİM-in əməkdaşları ilə birgə həkimlər üçün 1000 tirajda plakat və əhalini maarifləndirmək üçün 2400 nüsxə buklet (dağınıq skleroz haqda 10 mif) çap edilib paylanılıb. Nevroloqların Milli Assosiasiyasının görüşləri zamanı ayda 1 dəfə olmaqla 20-25 nəfərdən ibarət qruplarda respublikanın nevroloqlarına dağınıq skleroz xəstəliyinin diaqnostikası və müalicəsi barədə mühazirələr oxunub. Hazırda Dövlət Proqramı çərçivəsində tibb işçilərinin bu sahə üzrə təkmilləşdirilməsi tədbirləri, habelə əhali arasında bu xəstəliyə dair maarifləndirmə işləri davam etdirilir.

 

– Xəstəliyin profilaktikası üçün nə məsləhət görürsünüz?

 

- İndiyə qədər dünyada dağınıq skleroz xəstəliyinin sübutlu profilaktika tədbirləri işlənib hazırlanmayıb. Amma dağınıq skleroz xəstəliyində insanın immun sisteminin qeyri-normal fəaliyyətinin əsas rol oynadığını nəzərə alsaq, bu sistemi zədələyən aşağıdakı faktorları qeyd etmək vacibdir: siqaret və alkoqoldan uzaq olmaq, normal müddətli və keyfiyyətli yuxu, bizi daim sıxan psixi stress faktorlarına uyğunlaşmağa çalışmaq, doğulduğun və böyüdüyün ərazi və iqlimdə yaşamaq, mülayim dərəcəli fiziki aktivliyi təmin etmək. Belə həyat tərzi istər dağınıq skleroz, istərsə də digər sinir sistemi xəstəliklərinin profilaktikasında çox əhəmiyyətlidir.

 

25/05/2016

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..