Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Həkimlər Səhiyyə Nazirliyinə qarşı: tibb işçiləri niyə imtahan olunmaq istəmirlər? (Modern.az)

SERTİFİKASİYA PROSESİNİN ARXASINDA DURAN MƏQSƏD DƏ AYDIN DEYİL

 

«30 ilə yaxındır nevropotoloq işləyirəm. Özümü tərifləmirəm, bu günə kimi bir xəstə belə məndən narazı qalmayıb. İndi fərq qoymadan hamını imtahana çəkməyi düzgün saymıram. Adam yaşından, başından utanır». Dövlət xəstəxanalarının birində, üstəgəl özəl tibb müəsisəsində çalışan həmsöhbətim İ.Əliyeva deyir ki, iş təcrübəsindən, yaşından asılı olmayaraq hər kəsin Səhiyyə Nazirliyinin keçiridiyi sertifikasiya imtahanına cəlb olunması 30-40 ilin həkimlərinin işinə kölgə salır.

 

Onun sözlərinə görə, sertifikasiya ilə nə həkimlərin bilik səviyyəsinin yüksəldilməsinə, nə də tibb sahəsində mövcud olan qüsurları aradan qaldırmaq mümkündür.  

Həkimlər sertifikasiya prosesinin özünün qüsurlu olması fikrindədir.

 

Məlumat üçün bildirək ki, bu ildən etibarən Nazirlər Kabinetinin qərarına əsasən, Səhiyyə Nazirliyi tərəfindən bütün həkimlər və tibb bacıları sertifikasiya imtahanına cəlb olunub. İmtahanlardan keçən həkimlərə 5 il müddətinə praktiki tibbi fəaliyyətlə məşğul olmaq imkanı verilir. İmtahandan keçə bilməyən işçilər isə 6 aylıq kurslara göndərilir və bu müddət başa çatdıqdan sonra onlar 2-ci dəfə də imtahana dəvət olunur. İkinci halda da sertifikasiyadan keçə bilməyən həkimlərə praktiki tibbi fəaliyyətlə məşğul olmaq qadağan edilir.

 

Azərbaycanın səhiyyə naziri Oktay Şirəliyev sertifikasiya prosesinin ən yaxşı halı kimi qeyd edib ki, bu proses nəticəsində əhali həkim savadsızlığının qurbanı olmayacaq.

Amma Azərbaycanda bu prosesin aparılması bir sıra suallar doğurur. Ümumiyyətlə sertifikasiyaya ehtiyac varmı? Bu prosesin məhz Səhiyyə Nazirliyi tərəfindən təşkili nə dərəcədə düzgündür?

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyir ki,

 

SƏHİYYƏ NAZİRLİYİ ÖZ XOŞU İLƏ SERTİFİKASİYA KEÇİRMİR.

 

Əhalinin sağlamlığı haqqında qanunda həkimlərin sertifikasiyadan keçməsi və ixtisas artırmaları, ixtisas dəyişmələri ilə bağlı qaydalar müəyyən olunub. Qanun qüvvəyə minəndən sonra dövlət başçısı onun icrası ilə bağlı sərəncam verib və bu işlərin həyata keçirilməsi Səhiyyə Nazirliyinə həvalə olunub. Millət vəkili deyir ki, Səhiyyə Nazirliyi inzibatçılardan, adminstratorlardan ibarət bir qurum deyil. Yüksək mütəxəssislərdən ibarət komissiya yaradılıb və obyektiv şəkildə bu iş aparılır:
«Həkimlik elə bir sənətdir ki, gərək hər gün öz bilik və vərdişlərini artırasan. 30-40 ilin həkiminin tanıdığı tibb aləti fanedeskop və təzyiq ölçən idi. İndi isə o qədər müasir avadanlıqlar çıxıb ki… Diaqnostika aparatını 40 ilin həkimi işlədə, onun müəyyən etdiyi analizləri izah edə bilmirsə, onun iş keyfiyyəti barədə nə söyləmək olar, onda həmin həkim nəyə lazımdır».

Azərbaycan Tibb Universitetinin müəllimi, VİP sədri Əli Əliyev isə sertifikasiynın qanun pozuntuları ilə həyata keçirildiyini deyir. Onun sözlərinə görə,

MARAQLI TƏRƏFİN BU PROSEDURU HƏYATA KEÇİRMƏSİ QEYRİ-QANUNİDİR.

«Çünki Səhiyyə Nazirliyi işə götürən və həkimləri testdən keçirən qurum kimi çıxış edə bilməz. Azərbaycan qanunvericiliyinə görə, tibb sahəsində  təhsil almış və internaturanı keçmiş bütün şəxslərin ölkə ərazisində həkim işləmək hüququ var. Bunu heç kim məhdudlaşdıra bilməz. Ona görə də bu məsələnin siyasi, maddi, kadr məqsədlərini istisna etmirəm. Hamı bilir ki, qeyri-rəsmi olaraq Azərbaycanda həkim ştatının qiyməti nədir. Həmin sahədə böyük işsizlik və vakansiya problemi mövcuddur. Təbii ki, bu prosedurdan istifadə edib imtahandan keçməyən həkimlərin ştatlarının gələcəkdə kimlərəsə «verilməsi» məqsədi ola bilər. İstisna etmirəm ki, Azərbaycansayağı keçirilən testlərdə təmənna məsələləri də ortaya çıxa bilər. Artıq həkim çevrələrində qiymətlər haqqında qeyri-rəsmi söhbətlər var».

 

Ə.Əliyevin sözlərinə görə, burda digər qanun pozuntusu nazirliyin qərarı ilə deyil, həkimlərin öz ərizələri ilə prosesə cəlb olunmalarıdır. Onun fikrincə, bununla Səhiyyə Nazirliyi həm özünü sığortalayır, həm də hüquqi baxımdan özünü sərbəst saxlayır.

 

Azərbaycanda hüquqşünaslar da Səhiyyə Nazirliyinin sertifikasiya prosesinin həyata keçirilməsini düzgün saymırlar.
Vətəndaşların Əmək Hüquqları Liqasının rəhbəri, hüquqşünas Sahib Məmmədova görə, prosesin özü, imtahanın keçirilməsi düzgün deyil,

SERTİFİKASİYA PROSESİNİN ARXASINDA DURAN MƏQSƏD DƏ AYDIN DEYİL.

«Başqa məsələdir ki, biz hamımız pasiyent olaraq naşı həkimlərin qurbanıyıq. Problem ondadır ki, Səhiyyə Nazirliyinin lobbiçiliyi ilə Əmək Məcəlləsinə xüsusi bənd artırıblar. Bu heç o qanunvericiliyə oturmayan bir bənddir. Ümumiyyətlə, məcəllənin strukturuna aid olmayan maddədir və burda nəzərə tutulur ki, həkimlər attestasiyadan keçirilməlidir. Əslində bütün dünyada həkimliyin göstəricisini müəyyən edən həkimlər assosasiyalarıdır. Məsələn, dünya ölkələrində stomotoloqlar assosasiyası, terapevtlər, kardioloqlar assosasiyası və s. var. İctimai peşə təşkilatları yeni tibb sahəsini bitirmiş şəxsi üzv qəbul etməzdən əvvəl həmin şəxs imtahan verir, onun peşəkarlığı yoxlanılır, sonra üzv qəbul olunur. Bundan sonra onlar həkim fəaliyyəti ilə məşğul ola bilərlər.  Bizdə isə hər şey tərsinə gedir. Bu səlahiyyəti nazirlik üzərinə götürüb. Əslində isə nazirlik bunu edə bilməz».

Digər tərəfdən, ekspert deyir ki, tutaq, məcəlləyə dəyişiklik edilməsini başa düşdük. Amma onu nəzərə almayıblar ki,

 

QANUNUN GERİYƏ ŞAMİL EDİLMƏSİ ÖZÜ KOBUD QANUN POZUNTUSUDUR.

 

Azərbaycan qanuvericilik sisteminə görə, qanunların geriyə qüvvəsi yoxdur. O, bundan sonraya şamil olunmalı idi. Yəni yeni gələn həkimlərə. Bunlar isə 25-30 il işləyən həkimləri sertifikatisiyadan keçirirlər, bu tamam antikonstitusion bir hərəkətdir.

 

Hüquqşünas xatırladıb ki, Əmək Məcəlləsinə görə işçi işə qəbul olunandan 1 il sonra atestasiyadan keçirilə bilər və o üç dəfə atestasiyadan keçdikdən sonra ömrünün sonuna kimi nə qədər işləsə, daha bu prosesdən keçirilmir: «Çünki artıq o sübut edir ki, bu işi bilir. 25-30 il işləyən həkimi atestasiya etmək isə burda neqativ hallardan xəbər verir. Başqa məsələdir ki, yeni qəbul olunanları sertifikatlaşdırsınlar. Mən də bununla razıyam, amma bunu da Səhiyyə Nazirliyi etməməlidir».

Millət vəkili M.Quliyev isə deyir ki, dünyada həkim assosasiyalarının yaranma tarixinə, təcrübəsinə, cəmiyyətdə yerinə, nüfuzuna diqqət yetirmək lazımdır. Azərbaycandakı assosasiyalar demək olar cəmiyyət tərəfindən tanınmır, tibb ictimaiyyəti arasında nüfuz sahibi deyillər. Səbəb də obyektivdir. Bir neçə ildir yaranıblar, ona görə təcrübələri yoxdur, fəaliyyət çərçivələri də dardır. Amma müəyyən illər keçəndən sonra ola bilsin üçüncü, dördüncü sertifikasiyanı da o assosasiyalar keçirsinlər.

Azərbaycan Həkimlər Assosasiyasının rəhbəri Qalib Əliyev isə deyir ki,

DÜNYADA ATTESTASİYA ANLAYIŞI YOXDUR.

O etiraf edir ki, Azərbaycanda həqiqətən də elə həkimlər var ki, onların savadları, keyfiyyətləri həkimlik peşəsinə layiq deyil. Belə insanları sadəcə sıradan çıxarmaq lazımdır. Buna isə atestasiya ilə nail olmaq mümkün deyil: «Bunun üçün jandarma üsulu tətbiq etməyə də ehtiyac yoxdur. Özünü tənzimləyən bir qüvvə olmalıdır. Tibb kollektivləri özləri yanındakı savadsızı, şəxsi keyfiyyətlərinə görə həkimliyə layiq olmayan insanları sıradan çıxarmalıdırlar.

 

Görün attestasiya ilə nəyə nail olurlar? Məsələn, imtahan verən Lyudmila Petrovna adlı həkim rusdur, o sıfır bal topayıb. Bəllidir ki, Azərbaycan dilini bilmir, verilən suaları başa düşmür, ona görə sıfır bal alıb. Həkimə belə qiymət vermək olmaz. Tutaq mən İngiltərədə təhsil almışam, elə terminlər var, oxuyub başa düşə bilmirsən. Bir var tibbi xidmətin yaxşılaşdırılmasına yönəlmiş suallar olsun, bir də var kimyadan, ordan burdan suallar olsun. Əgər 35 il əvvəl kimyanı keçən həkim yadında saxlamayıbsa, onun pis həkim olduğunu düşünmək düzgün deyil».

 

Söhbət etdiyimiz digər həkimlər də deyirlər ki, bu sahədə bir var tibbi fəaliyyət, bir də var tibbi nəzəriyyə. 20-30 ilin həkimi artıq nə edəcəyini təbii ki, bilir və onun üçün nəzəri hissələr önəmli deyil. Ancaq imtahanlarda suallar həkimin hansı sahədə çalışmasından asılı olmayaraq bütün sahələri əhatə edir. Həkimlər imtahanlara təqdim olunan testlər rus dilindən tərcümə olunduğundan bəzilərinin cavabının səhv olduğunu, testlərdə göstərilən ədəbiyyatların 99 faizi rus dilində olduğunu deyirlər. Testlərdə biri çox sualların cavabı düzgün olmadığını, bəzisinə isə bir neçəsi uyğun gəldiyini bildirirlər.

Səhiyyə Nazirliyinin aparat rəhbəri, Səhiyyə Mütəxəssislərinin Sertifikasiya Şurasının sədri Zəkiyyə Mustafayeva isə deyir ki, nazirlik tərəfindən test imtahanının sualları konfidensiallıq gözlənilməklə, 3 mürəkkəblik dərəcəsi üzrə tərtib edilib. Hazırlanmış suallar toplusunda onların sayı imtahanda istifadə ediləcək sualların sayından ən azı 10 dəfə çoxdur. Hər ixtisas üzrə test sualları xüsusi komissiyalar tərəfindən hazırlanıb. Əgər imtahana hazırlaşan tibb işçisi bir testə bir neçə cavab variantının düz gəlməsini hesab edirsə, o, nazirliyin saytının “Sual - cavab” bölməsinə müraciət edə və test komissiyası bu suala yenidən bilər. Onun sözlərinə görə, sertifikasiyanın məqsədi həkimlərə ixtisas dərəcəsinin verilməsi deyil, tibb işçilərinin ümumi bilik səviyyəsinin yüksəldilməsi, yalnız savadlı mütəxəssislərin praktiki fəaliyyətlə məşğul olmasıdır. Sertifikatlaşdırma nəticəsində ixtisas dərəcəsinin verilməsi, maaşların artırılması da nəzərdə tutulmur.

«DÜZGÜN CAVABLAR GİZLƏDİLİR»

Ə.Əliyev isə deyir ki, suallar nazirliyin rəsmi internet saytında yayılsa da, cavabların istinad olunduğu ədəbiyyat haqqında qeyri-səhih məlumatlar var. Nədənsə istinad olunan ədəbiyyatlar Rusiya alimlərinin kitablarıdır, hərçənd ki, onlara ekvivalent olan Azərbaycan ədəbiyyatı da mövcuddur. Sertifikasiya prosesinə hazırlaşan həkimlərlə təmasları olduğunu deyən Ə.Əliyevə görə, sualları tərtib edən şəxslərin özlərinin bilgilənməsinə ehtiyac var: «Konkret olaraq biokimya üzrə suallar var ki, onların tərtibatına baxmışam cavablar ikili xarakter daşıyır. Yaxud biokimyəvi proseslər, bakteroloji analizlər haqqında müxtəlif ədəbiyyatlar da fərqli yanaşmalar var. Bu, problem yaradacaq, çünki sertifkasiya aparacaq tərəf aydın cavabları dərc etmir. Düzgün cavablar gizlədilir və həkim bilmir ki, düzgün məlumatı hardan öyrənə bilər. İmtahana daxil olan şəxslərin əlindən qaralamalar alınır, onlar gələcəkdə öz cavablarını yoxlamaq imkanından da mərhum edilirlər. Eyni zamanda apelyasiya hüquqları da qeyri-müəyyəndir. Müsahibə mərhələsi də çox qeyri-müəyyən, subyektiv amillərə əsaslanan və şəxsi mülahizələrlə qərar çıxarılan bir prosedurdur. Belə çıxır ki, həkim biliyini yazılı imthanda sübut etsə də ikinci mərhələdə komissiya həmin həkimə şəxsi münasibəti və mülahizələrindən çıxış edərək münasibət ifadə edəcək. Bu da çox qəribədir və təxminən hakim seçkilərində tətbiq edilən bir üsuldur. Maksimum dərəcədə prosesi həyata keçirən tərəf üçün maxinasya imkanları saxlanılıb. Məndə olan məlumata görə hətta

HİMNİN SÖZLƏRİNİ BİLMƏYƏN VƏ ONU İFAƏ ETMƏKDƏ ÇƏTİNLİK ÇƏKƏN HƏKİM MÜSABİQƏDƏN KEÇMƏMİŞ KİMİ QİYMƏTLƏNDİRİLİB

və altı ay işdən məhrum olunub. Aydın qanunvericilik bazası yoxdur, ona görə insanlar bu barədə dəqiq məlumat ala bilmirlər».
Bütövlükdə prosesi mənfi qiymətdəndirən Ə.Əliyevə görə, həkimlərin öz üzərində işləməsini təmin etmək üçün başqa üsullardan istifadə etmək mümkün idi. Amma nədənsə Səhiyyə Nazirliyi daha mürəkkəb, daha şübhəli və bulanıq üsul seçib, bu da cəmiyyətdə narazılıqla qarşılanmaqdadır.

Q.Əliyev isə düşünür ki, burda həkimin fəaliyyətini tənzimləyən lisenziyadan söhbət getməlidir: «Sertifikat məhsula verilir. Yaxud insana hansısa seminarda iştirakından sonra təqdim olunur. Amma

HƏKİMİN DİPLOMUNU GÖTÜRÜB SERTİFİKATLA ƏVƏZ ETMƏK HÜQUQİ CƏHƏTDƏN DÜZGÜN DEYİL.

İkincisi, orda ixtisas dərəcələrinin alınmasından söhbət gedir. Kardioloqlar Assosasiyası təbii ki, kardioloqların ixtisas dərəcəsini müəyyənləşdirməkdə əsas söz sahibidir. Lisenziya verən komitələr var, daha onlar «qohumumdur gözümü yumub buraxım qabağa», yaxud «aram yoxdur, baltalayım» prinsipi ilə işləmirlər. Onun sözlərinə görə, bu cür yanaşmalar qanunvericilikdə olan boşluqlardan irəli gəlir.

 

Bəs görəsən sertifikasiya nəticəsində səhiyyə nazirinin söylədiyi kimi həkimlərin savadının, yüksəlməsinə nail olmaq mümkündürmü?

 

Ekspert S.Məmmədov deyir ki,

SERTİFİKATSİYA HƏKİMLƏRİN KLAFİKASİYASININ ARTIRILMASINA XİDMƏT ETMƏYƏCƏK.

 

«Çünki bunun əvvəlində bir neqativ məqam dayanır və bu proses xoş məqsədə qulluq etmir. Kimisə çıxarıb kimisə yerinə götürmək məqsədi daşıyır. Xatırlayıram ki, bir xəstəxanın təmirindən sonra baş həkimi bütün işçiləri çıxarıb yenidən yığdı. Səhiyyə sistemində belə neqativ hallar sonsuzdur, bunun başında duranlar siyasəti düzgün aparmırlar və sertifikatlaşdırma məsələsi də düzgün siyasət deyil».

S.Məmmədov həkimlərin də bu prosesdən narazı qalmasına dair məlumatların olduğunu, amma buna rəğmən rəhbərlik etdiyi quruma əmək hüquqlarırının pozulması ilə bağlı hər hansı müraciət olmadığını deyir. Ekspert həkimlərin və  müəllimlərin guya cəmiyyətin aktiv təbəqələri hesab olunduqlarını, amma əslində onların öz haqlarını tələb etməyən kateqoriya olması fikrindədir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova isə deyir ki, proses başlanandan

 

HAMI OXUYUR, MƏŞĞUL OLUR, BUNUN  NƏYİ PİSDİR Kİ?!

 

Kitabxanaya gələn həkimlərin sayı günbəgün çoxalır. Onun sözlərinə görə, bu günə kimi 12 ixtisas üzrə imtahan keçirilib və 294 həkim prosesdə iştirak edib, onların 274-ü, yəni 93 faizinin hər iki mərhələdən uğurla keçib. Artıq 161 həkimə sertifakatlar da təqdim olunub. İmtahandan keçməyənlər isə 6 ay ərzində maaşlarını alınmaq şərtilə, praktiki fəaliyyətdən kənar yenidən imtahana hazırlaşacaqlar.

 

Qaydalara görə, ikinci dəfə də imtahandan keçməyən həkimlərə praktiki tibbi fəaliyyətlə məşğul olmaq qadağan edilir.

Xatırladaq ki, Azərbaycan qanunvericiliyinə görə, tibb işçilərinin fəaliyyəti yalnız məhkəmənin qərarı ilə dayandırıla bilər. Belə olduğu halda imtahan nəticəsində həkimin fəaliyyətinin dayandırılması nə dərəcdə doğrudur?

M.Quliyev deyir ki, əslində burda söhbət imtahandan keçməyən həkimin tutduğu vəzifədən azad olunaraq, amma aşağı pillələrdə çalışmasından gedir. Həkimlik diplomunu heç kim onun əlindən almır. Həkim ixtisas artırma kursu keçməklə, imtahan verməklə işinə bərpa oluna bilər. Sertifikasiyanın məqsədi budur ki, həmin həkim tutduğu vəzifəyə, ixtisasına uyğun peşə biliklərinə malik olub olmaması aydınlaşsın. Tutaq həkim yüksək standartlı klinikada işləyir, əgər oranın standartlarına cavab vermirsə, deməli, orda işləmək hüququnu itirir. Amma ondan aşağı pillələrdə işləyə bilər.

S.Əhmədova isə deyir ki, bu proses özbaşına deyil, ölkə rəhbərinin qərarı ilə elə aparılır və bundan qazanan tərəf də sırf əhalidir. O, sertifikasiyanın nazirlik tərəfindən həyata keçirilməsində də qəbahət görmür və deyir ki, vacib olanı işin şəffaflığıdır. «Tibb elə bir sahədir ki, daim yenilənir, yeni  xəstəliklərlə bərabər, müasir tibb avadanlıqları da çıxır. 30-40 ilin həkimi olmağın əhəmiyyəti yoxdur, hər kəs bu yenilikləri öyrənmək və biliklərini təkrarlamaq məqsədilə sertifikasiyadan keçməlidir.
Bəs mütəxəssislər nə

 

TƏKLİF

 

edirlər? S. Məmmədov hesab edir ki, həkimlərin peşə təşkilatı haqqında qanun qəbul edilməli, bu təşkilat yaradılmalı və həkim olmaq istəyən tibbi məktəbi qurtaran hər kəs həmin quruma üzv olmalıdır. Necə ki, hər hüququ qurtaran vəkil olmur, bunun üçün gərək Vəkillər Kollegiyasına üzv olsun, həkim də həmin qayda ilə işə götürülə bilər.

Ekspert Q.Əliyev isə həkimlik məcəlləsinin qəbulunu zəruri sayır. «Problemləri bununla aradan qaldırmaq olar. Sertifikasiya nə həkimin savdını artıracaq, nə də rüşvət hallarını aradan qaldıracaq. Həkimin mənəmliyini, cəmiyyətdə rolunu artırmaq lazımdır, onun imtiyazları olmalıdır. Daha 120 manat əmək haqqı almamalıdır. Yaponiyada yeni başlayan həkim 15 min dollar alır.  Rusiyada, İranda da məbləğ qat-qat yüksəkdir, daha həkimlər dilənçilik etmirlər.

Ə.Əliyevə görə isə dünyada da həkimlərin vaxtaşarı öz üzərlərində işləməsini təmin edən prosedurlar mövcuddur. Sadəcə bu prosedurları Səhiyyə Nazirliyi deyil, neytral tərəf həyata keçirməli və həmin qurum sırf həkimin biliyinə qiymət verməlidir.

Araşdırmamız bir daha onu təsdiqləyir ki, həm sertifikasiya prosesinin təşkili, həm də onun həyata keçirilməsi qüsurludur. Prosesi maraqlı tərəfin aparması, üstəgəl ekspertlərin sadaladığı qanun pozuntuları deməyə əsas verir ki, bu, heç də qarşıya qoyulan məqsədə, yəni həkim savadsızlığının aradan qaldırılmasına gətirib çıxarmayacaq. Əksinə, həkimlərin hüquqlarının pozulması, onların asılı vəziyyətə düşməsi ilə nəticələnəcək.

16/03/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013