Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Azərbaycan alimi Virusoloqların Beynəlxalq Elmi İttifaqının eksperti təyin edilmişdir (AzərTAc)

Vaşinqtonda yeni beynəlxalq qurum - Virusoloqların Beynəlxalq Elmi İttifaqını (Global Virus Response Network (GVRN)) təsis etmək məqsədi ilə simpozium keçirilmişdir. Simpoziumda dünyanın 38 nüfuzlu virusologiya alimi, o cümlədən Milli Onkologiya Mərkəzinin (MOM) baş direktorunun elmi iş üzrə müavini, tibb elmləri doktoru, tibbi virusologiya sahəsində tanınmış mütəxəssis, Rusiya Təbiət Elmləri Akademiyasının akademiki, DST-nın QİÇS problemi üzrə ekspertlər qrupunun sabiq üzvü, professor Murad Məmmədov iştirak etmişdir.

 

AzərTAc xəbər verir ki, simpoziumda GVRN-nın aparıcı həmtəsisçisi, Merilend Universitetinin Virusologiya İnstitutunun dünya şöhrətli alimi Robert K.Qallo çıxış etmişdir. Dünyada ilk dəfə insanın onkogen retroviruslarını aşkar edən R.K.Qallo, həmçinin, immun çatışmazlığı virusunu ilk dəfə identikləşdirmiş iki alimdən biridir.

 

Alim vurğulamışdır ki, dünyanın aparıcı tibbi virusoloqlarını bir araya gətirən GVRN virus xəstəliklərinin öyrənilməsi sahəsində aparıcı elmi-qanunverici qurum olmalıdır.
Simpozium iştirakçıları məlum endemik virus xəstəliklərinə dair qlobal fəaliyyət strategiyasını, habelə yeni virus təhdidlərinə çevik əlaqələndirilmiş cavab yollarını və imkanlarını müzakirə etmişlər.
İştirakçılar müzakirələrin yekunlarına əsasən, “GVRN-də iştirak və ona dəstək Bəyannaməsi”ni və GVRN-nın Nİzamnaməsini imzalamışlar.

 

Sənəddə deyilir ki, GVRN-in fəaliyyəti iki məqsədə xidmət edir. Birinci məqsəd viruslu xəstəliklərə qarşı ümumdünya mübarizə strategiyasının elmi əsaslarını hazırlamaq və bu mübarizəni bütövlükdə dünyada deyil, həm də ayrı-ayrı regionlarda həyata keçirməyin prioritetlərini müəyyənləşdirməkdir. GVRN-nin digər məqsədi tibbi virusologiya sahəsinə gənc mütəxəssislər cəlb etmək, habelə ağır iqtisadi şəraitdə qrantlarının ixtisar edilməsi təhlükəsi ilə üzləşən aparıcı virusoloqları dəstəkləməkdir.

 

Simpozium iştirakçıları GVRN-nın müxtəlif qitə və regionlarda tədqiqat işlərini əlaqələndirən regional mərkəzlər yaratmaq barədə qərar qəbul etmişlər. GVRN-in Şərqi Avropa və MDB ölkələrindəki mərkəzi belə mərkəzlərdən biri olmuşdur. Mərkəzə 6 elmi ekspert, o cümlədən həmvətənimiz professor M.Məmmədov təyin edilmişdir.

 

Qeyd edək ki, Azərbaycan Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin alimləri uzun illərdir ki, virus problemləri ilə məşğul olurlar. Onlar onkogen viruslarını öyrənmək sahəsində ilk tədqiqatlarını hələ ötən əsrin 60-cı illərinin əvvəlində aparmışlar. QİÇS bütün dünyada yayılmağa başlayanda məhz MOM keçmiş SSRİ-də ilk tədqiqat müəssisələri siyahısına daxil edilmişdir. Azərbaycanda ilk dəfə bu infeksiyanın üzə çıxarılmasına yönəlmiş diaqnostik tədqiqatlar məhz burada aparılmışdır.

 

Akademik Cəmil Əliyevin təşəbbüsü ilə yalnız ötən 25 il ərzində burada təkcə onkogen deyil, həm də qeyri-onkogen virusların öyrənilməsinə dair bir sıra orijinal elmi işlər, herpes qrupundan olan müxtəlif virusların və müxtəlif virus hepatitlərinin törətdiyi infeksiyaların ölkəmizdə yayılması sahəsinin müəyyənləşdirilməsinə həsr olunmuş tədqiqatlar aparılmışdır. Məhz MOM-un alimləri Azərbaycanda ilk dəfə onkogen insan retroviruslarının, habelə C,G,E və hətta TT hepatit virusunun ölkəmizdə dövr etməsi faktını sübuta yetirmişlər. Bu virusların bəzilərinin və digər virusların onkoloji xəstəliklərin inkişafında rolunun öyrənilməsi sahəsində bir sıra maraqlı kəşflər məhz MOM-un alimləri tərəfindən edilmişdir. Bu işlərin əhəmiyyəti dünyanın elmi birliyi tərəfindən tanınmış və qiymətləndirilmişdir.

9/04/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013