Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Narkomaniyaya qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş tədbir keçirilib

Bakı, 30 iyun, Əziz Məmmədov, AZƏRTAC

 

Ötən ilin sonunadək ölkəmizdə 29 min 448 nəfər, o cümlədən 20 min 576 nəfər opioidlərin, 8872 nəfər isə kannabioidlərin qəbulu ilə qeydiyyata alınıb. Onlardan 24 min 56 nəfəri dispanser qeydiyyatında, 5392 nəfəri isə profilaktik qeydiyyatda olub. Qeydiyyatda olan narkomanların arasında qadınların sayı 612, toksikomanların sayı isə 183 nəfər təşkil edir.

 

AZƏRTAC xəbər verir ki, bu barədə iyunun 30-da Respublika Narkoloji Dispanserində narkomaniyaya qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş tədbirdə məlumat verilib.

 

Tədbirdə qeyd edilib ki, keçən il 2142 narkoman, o cümlədən 1567 nəfər dispanser, 575 nəfəri profilaktik qeydiyyata götürülüb. Ötən il 1249 nəfər, o cümlədən 691 nəfər dispanser qeydiyyatından, 558 nəfər isə profilaktik qeydiyyatından çıxarılıb. Habelə 20 min 576 nəfər infeksion narkotik istifadəçisindən 459 nəfəri qadınlardır.

 

Bu ilin 6 ayı ərzində Ədliyyə Nazirliyi tərəfindən Respublika Narkoloji Mərkəzinə göndərilənlərin məhkəmə-narkoloji tibbi yoxlaması təmin olunub. Respublika üzrə 2017-ci ilin 6 ayı ərzində ekspertizadan cəmi 1089 nəfər keçib. Onlardan 657 nəfəri məcburi müalicəyə cəlb olunub. Mülki işlə əlaqədar narkoloji tibb müəssisəsində məcburi müalicədə olan narkomaniyaya mübtəla olanların ümumi sayı 21 nəfərdir, onlardan 16 nəfərin müalicəsi indi də davam edir.

 

Narkoloji Dispanserin direktor müavini Bilal Əsədov tədbirdə çıxış edərək bildirib ki, ölkəmiz BMT-nin 1961-ci ildə qəbul etdiyi narkotik vasitələr haqqında, 1971-ci ildə qəbul etdiyi psixotrop maddələr haqqında, 1988-ci ildə qəbul edilən narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə bağlı konvensiyalarına qoşulub. Bununla əlaqədar, Səhiyyə Nazirliyi BMT-nin Narkotiklərə Nəzarət üzrə Beynəlxalq Komitəsinə narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə əlaqəli mütəmadi olaraq hesabatlar göndərilir.

 

Respublika Narkoloji Mərkəzində bu ilin altı ayında 11 min 952 nəfər sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinələrdən keçib. Onlardan 715 nəfər narkotik vasitələrin istifadəsinə görə müayinə olunub və 402 nəfərdə aşkarlanıb.

 

Bu ilin altı ayı ərzində Respublika Narkoloji Mərkəzində 1650 nəfər müalicə alıb. Onlardan 613-ü alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları, 1028 nəfəri opioidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları, 9 nəfər isə digər diaqnozları ilə müalicəyə qəbul edilib.

 

Respublika Narkoloji Mərkəzində, həmçinin metadonla əvəzedici müalicə proqramı həyata keçirilir. Metadonla əvəzedici müalicə proqramı üzrə fəaliyyət göstərən iki məntəqədə proqram çərçivəsində 202 xəstə, o cümlədən 156 nəfəri Respublika Narkoloji Mərkəzində, 46 nəfəri isə QİÇS ilə Mübarizə Mərkəzində müalicə alır.

 

Səhiyyə Nazirliyinin 2011-ci ilin iyulunda verdiyi “Respublika Narkoloji Mərkəzində insanda immun çatışmazlığı virusu infeksiyası üzrə könüllü məsləhət və müayinə məntəqəsinin yaradılması barədə” əmrə əsasən, həmin vaxtdan 1 Respublika Narkoloji Mərkəzində immun çatışmazlığı virusunun infeksiyası üzrə könüllü məsləhət və müayinə məntəqəsi yaradılıb. Respublika Narkoloji Mərkəzində bu ilin 6 ayında 1431 nəfər müayinədən keçib.

 

Narkomaniya xəstəliyinə mübtəla olan yeniyetmə və gənclərin vaxtında müəyyən edilərək barələrində tibbi-profilaktik və maarifləndirmə tədbirlərinin həyata keçirilməsinin zəruriliyi baxımından, təhsil alanların narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etmələrinin və asılılığının aşkarlanması üçün Səhiyyə və Təhsil nazirliklərinin birgə fəaliyyət planına əsasən, “Narkotiklərə YOX deyək!” şüarı altında kompaniya davam edir.

 

Mərkəzin mütəxəssisləri bu ilin altı ayı ərzində paytaxtın 28 məktəbində təşkil olunmuş tədbirdə, Respublika məktəblərarası debüt forumunda, 2, 17, 5 və 11 nömrəli cəzaçəkmə müəssisələrində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə keçirilən tədbirlərdə, habelə təlimçilərin hazırlanması ilə əlaqədar Bakının Qaradağ rayonunda, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Göygöl, Beyləqan, Ağcabədi, Tərtər, Naftalan və Goranboy rayonlarında narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə keçirilən təlim-məşğələlərində də iştirak ediblər. Respublika Narkoloji Mərkəzinin təşəbbüsü ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində “Hərbçilərimiz sağlam həyat naminə”, Dövlət Sərhəd Xidmətinin Akademiyasında “Sərhədçilərimiz sağlam həyat naminə”, Daxili İşlər Nazirliyinin Polis Akademiyasında “Ağ ölümdən özünüzü qoruyun!” adlı kütləvi ictimai kampaniyalar uğurla həyata keçirilib.

 

Tədbirin sonunda jurnalistlərin suallarına cavablar verilib.

30/06/2017

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..