Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Azərbaycanda rezidenturaya keçiriləcək ilk qəbul imtahanlarının vaxtı açıqlanıb (Trend)

Azərbaycanda baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya ilk qəbul imtahanlarının sentyabradək keçirilməsi nəzərdə tutulur. Bunu cərşənbə axşamı Trend-ə Azərbaycanın səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

 

Onun sözlərinə görə, imtahanlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçiriləcək.

Nazir müavini deyib ki, 2011-2012-ci tədris ili üzrə rezidenturaya daxil olmaq istəyənlər üçün 300-dən çox plan yeri ayrılıb. Həmin yerlərin hamısı ödənişsizdir.

"Səhiyyə Nazirliyi və Azərbaycan Tibb Universitetinin birgə müəyyənləşdirdiyi plana görə, 300 nəfər rezidenturada pulsuz təhsil alacaq. Amma gələcəkdə isə rezidentura təhsil ödənişli əsaslarla da ola bilər. Bu, rezidenturaya qəbul qaydalarında da göstərilib"-Ağayev deyib.

Bu il Azərbaycanda rezidenturaya qəbul ilk dəfə keçiriləcək.

Azərbaycan Nazirlər Kabineti "Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları"nı 2010-cu ilin aprelində təsdiq edib. Rezidenturaya qəbul olunmaq hüququna baza ali tibb təhsili olan şəxslər malikdirlər.

Müsabiqə həkimin qəbul imtahanından topladığı bal əsasında aparılacaq.

Təhsilalma formasından asılı olmayaraq, hər hansı bir ixtisasa yerləşdirilmiş həkim tələb olunan sənədləri müəyyən olunmuş müddətdə Səhiyyə Nazirliyinə təqdim etməklə qeydiyyatdan keçməlidir.

Həkimin həmin müddətdə qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcək.

8/06/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013