Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə Nazirliyi yuxarı yaş həddi ilə bağlı məsələyə aydınlıq gətirib (MİLLİ.AZ)

Dövlət müəssisələrində çalışanlar üçün yuxarı yaş həddinin 65 müəyyənləşdirilməsi ilə bağlı “Dövlət qulluğu haqqında” qanuna edilən yeni dəyişikliklərin tətbiqi səhiyyə müəssisələrində kadr baxımından problemlər yaratmayacaq.

 

Bunu Trend-ə Azərbaycanın səhiyyə nazirinin müavini Elsevər Ağayev “Dövlət qulluğu haqqında” qanuna edilən yeni dəyişikliyə münasibət bildirərkən deyib.

Nazir müavini əlavə edib ki, gənc kadrların hazırlığı prosesi aparılsa da, yaşlı nəslin təcrübəsinə həmişə xüsusi əhəmiyyət verilir.

“Kadr hazırlığı həyata keçirilir, gənclərə yer verilir, onlar inkişaf edirlər, təcrübələrini artırırlar. Amma yaşlı nəslin təcrübəsinin öz yeri var. Yəqin ki, onların təcrübəsindən də hər zaman istifadə olunacaq. İstər dövlət, istərsə də özəl müəssisələr onların təcrübəsindən faydalanacaq. Gələcəkdə təcrübəsi, işləmək həvəsi, bilik-bacarığı yüksək olan yaşlılar özəl müəssisələrdə də işləyə biləcəklər. Daha doğrusu, özəl müəssisələr özləri onları tapıb gətirəcəklər. İndi də belədir- yaşından asılı olmayaraq, səhiyyə işçiləri dövlət müəssisələrində çalışırlar, işdən sonrakı müddətdə isə onlar özəl müəssisələrdə fəaliyyətlərini davam etdirə bilirlər”,- Ağayev bildirib.

O qeyd edib ki, bu məsələdə elmi tədqiqat müəssisələrində çalışanlara fərdi yanaşmanın olacağı gözlənilir.

“Aydındır ki, gənclərə, aktiv olanlara yer verilm əlidir. Amma bəzi sahələr, xüsusilə elm sahəsində çalışan insanlar yaşından asılı olmayaraq, öz işləri ilə daha çox fayda verə bilirlər. Bu məsələ hələ təsdiqini tapmasa da, biz bilirik ki, ölkə prezidentinin tapşırığı ilə elmi tədqiqat müəssisələrində çalışanlar üçün yaş həddi fərqli olacaq”, - Ağayev bildirib.

Nazir müavini bildirib ki, son 5 ildə səhiyyə işçilərinin məvaciblərinin 5 dəfə artmasına baxmayaraq, hazırkı vəsait yenə də ölkənin rəhbərini qane etmir.

Elsevər Ağayev səhiyyə işçilərinin dövlət qulluğu işinə aid edilməsi nəticəsində əmək haqlarının artımı istiqamətində mühüm addımların atılacağını da söyləyib.

8/06/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013