Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Azərbaycanın səhiyyə sisteminin əsas prioritetlərindən biri tibbi xidmətin səviyyəsinin müasir dünya standartlarına uyğunlaşdırılmasıdır (Trend)

17 iyun - Səhiyyə işçilərinin peşə bayramı münasibətilə səhiyyə nazirinin müavini Elsevər Ağayevin Trend-ə müsahibəsi

 

- İlk növbədə, Sizi səhiyyə işçilərinin peşə bayramı münasibətilə təbrik edirəm.

 

- Artıq 10-cu ildir ki, Azərbaycanda səhiyyə işçilərinin peşə bayramı qeyd olunur. Bu bayramı səhiyyə işçilərinə ulu öndərimiz Heydər Əliyev bəxş edib. Bu illər ərzində səhiyyədə çox böyük uğurlar qazanılıb, yüzlərlə qabaqcıl səhiyyə işçisi ulu öndərimiz Heydər Əliyev və onun kursunu uğurla davam etdirən İlham Əliyev tərəfindən müxtəlif adlarla təltif olunub.

 

- Səhiyyə Nazirliyi son dövrlərdə Azərbaycanın səhiyyə sistemində hansı uğurlara nail olub və qarşıda hansı yeniliklər gözlənilir?

 

- Son 5 ildə səhiyyə sisteminə dövlət büdcəsindən ayrılan vəsaitlər 8 dəfə artıb. Bu, çox böyük rəqəmdir. Səhiyyə sisteminə dövlət büdcəsindən ayrılan vəsaitlərin məbləği hər il artırılır. Ayrılmış vəsaitlər çərçivəsində səhiyyə sistemində xeyli işlər görülüb. Son illər səhiyyəmizin əsas prioritet istiqamətlərindən biri uzun illər diqqətsiz qalmış tibb müəssisələrinin vəziyyətinin yaxşılaşdırılması, onların müasir dünya standartları səviyyəsində inşası, təmiri və təchizatıdır. Səhiyyə sistemimizin digər əsas prioriteti əhaliyə göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsidir. Bu istiqamətdə də çox işlər görülüb. Milli Məclis tərəfindən müxtəlif xəstəliklərlə əlaqədar qəbul olunmuş qanunlar arxasında maliyyə təminatı durmadığına görə özünün işlək mexanizmini tapa bilmirdi. Azərbaycanda 5 ili əhatə edən səhiyyə üzrə 9 Dövlət Proqramı icra olunub. Bu il həmin proqramlar 2011-2015-ci illər üzrə yenidən təsdiqlənib. Bu proqramlar səhiyyənin çox vacib sahələrini əhatə edir. Məsələn, əvvəl xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələr lazımi aparatların olmaması səbəbindən dünyasını dəyişirdilər. İndi isə artıq Bakı və regionlarda yaradılan 20-dən artıq Hemodializ Mərkəzində müalicə alan xəstələr normal həyatlarını yaşaya bilirlər. Bu mərkəzlərdə hazırda 1700-dən çox xəstə hemodializ müalicəsi alır.

Onkoloji və irsi qan xəstələrinin problemləri də artıq öz həllini tapıb. Azərbaycanda 1400-dən artıq hemofiliya, 1800 talassemiyalı xəstə var ki, onların da hamısı dövlətin qayğısı ilə əhatə olunublar.

Minilliyin hədəflərindən biri ana-uşaq ölümünün azaldılmasıdır. Azərbaycan səhiyyəsinin bu istiqamətdə gördüyü işlər beynəlxalq təşkilatlar, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müsbət qiymətləndirilir. Azərbaycanda bununla bağlı Dövlət Proqramı qəbul olunub, Bakı və rayonlarda 7 Perenatal Mərkəz yaradılıb və fəaliyyətə başlayıb. İmmunprofilaktika çərçivəsində də uğurlu addımlarımız var. Bır sıra xəstəliklərin kökü kəsilib, poliemelit, difteriya, göy öskürək kimi xəstəliklərə artıq Azərbaycanda rast gəlinmir.

 

Azərbaycanda dövlət və özəl tibb arasında sədd aradan qaldırılacaq

 

- Azərbaycanda yeni tibb müəssisələrinin açılması, mövcud müəssisələrin maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı Səhiyyə Nazirliyinin apardığı siyasət bundan sonra hansı istiqamətlər üzrə inkişaf edəcək? Bu sahədə hansı yeniliklər gözlənilir?

 

- Son 6 ildə təxminən 350-dək tibb müəssisəsi inşa olunub, yenidən qurulub və ya təmir olunub, avadanlıqlarla təchiz olunub və müasir standartlara uyğunlaşdırılıb. Bu il də bir necə müəssisənin təməlinin qoyulması planlaşdırılır. Belə müəssisələrdən biri də Bakı Sağlamlıq Mərkəzidir. Prezidentin ehtiyat fondundan ayrılan vəsait hesabına inşa olunacaq mərkəzin təməlinin qoyulmasına hazırlıq görülür. Yeni müəssisələr yalnız Bakı deyil, respublikanın rayonlarını da əhatə edir. Prezidentin ehtiyat fondundan və investisiya proqramı çərçivəsində ayrılan vəsait hesabına regionlarda yeni müəssisələrin inşası və təmiri nəzərdə tutulub. Onlardan biri də Ağcabədi rayonunda Mərkəzi rayon Xəstəxanasının binasının inşasıdır ki, möhtərəm prezidentimiz tərəfindən artıq onun təməli qoyulub.

Bununla yanaşı, Qaradağ, Qobustan və Ələtdə xəstəxana və poliklinika, Xətai rayonunun Əhmədli qəsəbəsində xəstəxana binasının tikilməsi üçün vəsait ayrılıb. Bakı şəhərinin və qəsəbələrinin sosial-iqtisadi inkişafı ilə bağlı proqram çərçivəsində 3 il ərzində 53 tibb müəssisəsinin tikintisi, təmiri və yenidən qurulması nəzərdə tutulur. Onlardan 18-nin inşa və təmirinə bu il başlanacaq. İnvestisiya proqramı və Səhiyyə Nazirliyinə ayrılan vəsaitlər çərçivəsində də Bakıda yerləşən poliklinikaların təmiri və avadanlıqlarla təchizatı uğurla həyata keçirilir.

 

- Ölkədə özəl səhiyyə xidmətinin göstərilməsi ilə bağlı vəziyyəti necə qiymətləndirirsiniz?

 

- Hazırda Səhiyyə Nazirliyinin lisenziyası əsasında 252 ambulator, 80 stasionar tibb müəssisəsi özəl fəaliyyətlə məşğul olur. Hazırda ölkədə stomatoloji fəaliyyətlə məşğul olan kabinetlərin sayı 260-dan çoxdur.

Azərbaycanda özəl səhiyyə müəssisələri inkişaf edir, onlar üçün yaşıl işıq yandırılır. Bu yaxınlarda özəl tibb müəssisələrinin rəhbərləri ilə Səhiyyə Nazirliyində keçirilən toplantıda onlara dövlət müəssisələrindən fərqləndirilmədikləri bildirildi. Əvvəllər özəl tibb müəssisələrinin fəaliyyəti ilə nazirliyin hansısa kiçik qurumu, şöbəsi məşğul idisə, indi artıq nazirliyin bütün şöbələri özəl müəssisələrin problemləri ilə maraqlanmalı, onların problemlərinə isti yanaşmalıdırlar.

 

Regionlardakı həkimlərin də sertifikasiyasına başlanacaq

 

- Bu ilin əvvəlindən Azərbaycanda həkimlərin sertifikasiyasına başlanılıb. Sertifikasiya prosesinin nəticələrindən razı qalmısınızmı?

- Səhiyyə işçilərinin sertifikasiyası mühüm addım idi, Səhiyyə Nazirliyi də bu işi görə bildi. Düz 1 il əvvəl - 2010-cu il iyunun 10-da Nazirlər Kabineti tərəfindən sertifikasiyanın qaydaları təsdiq edildi. Bu ilin əvvəlindən isə sertifikasiya prosesinə başlanılıb. Bu proses tibb işçilərinin savadlarının artırılması, onların öz üzərində işləməsi üçün çox mühüm addımdır. Açıq demək lazımdır ki, uzun illər tibbi fəaliyyətlə məşğul olmalarına baxmayaraq, bir sıra həkimlərimiz yeni ədəbiyyatla maraqlanmaq istəmir, səhiyyə yenilikləri ilə tanış olmurlar. Sertifikasiya bizim tibb işçilərini yaxşı mənada məcbur edir ki, onlar öz biliklərini artırsınlar, bu günün tələblərinə cavab versinlər. Tibb Kitabxanasına müraciət edənlərin sayı dəfələrlə artıb.

Bir necə ay ərzində 979 nəfər sertifikasiyadan keçib. Onun cəmi 10 faizi sertifikasiya prosesində ya iştirak etməyib, ya da uğursuz nəticə əldə edib. 979 nəfərin 53-ü imtahanlara gəlməyib. Onların əksəriyyəti üzrlü səbəblərdən imtahanda iştirak edə bilməyib, 46 nəfər isə sertifikasiyadan keçə bilməyib. Bu onun göstəricisidir ki, artıq tibb işçiləri öz üzərilərində çalışırlar, sertifikasiyaya hazırlaşırlar, ona görə də onların nəticələri uğurlu olur.

 

- Hazırda həkimlərin sertifikasiyası yalnız Bakı şəhərində həyata keçirilir. Regionlarda bu prosesə nə vaxtdan başlanacaq?

 

- Yaxın zamanlarda regionlardakı həkimlər də bu prosesə cəlb olunacaq. Artıq iki aydır ki, regionlardakı həkimlərin də sertifikasiyadan keçməsi üçün sənədlər qəbul olunur. Sertifikasiya Bakıda keçiriləcək. Çünki bu proses ciddi şəkildə proqram və kompüterlə təchizat tələb edir. Gələcəkdə bəzi regionlarda sertifikasiyanın keçirilməsi üçün regional mərkəzlərin yaradılması da gündəmdədir.

 

Səhiyyə işçilərinin əməkhaqları əhəmiyyətli dərəcədə artacaq

 

- Ölkə başçısının korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi ilə bağlı verdiyi göstərişdən sonra Azərbaycanın səhiyyə sistemində hansı dəyişikliklər baş verib?

- Ölkə başçısının korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair göstərişindən - fevraldan indiyə kimi Səhiyyə Nazirliyinə vətəndaşlar tərəfindən 3700-dən çox müraciət edilib. Bu müraciətlərin hər biri araşdırılıb. Korrupsiyaya qarşı mübarizə məsələsi Səhiyyə Nazirliyinin ciddi nəzarətindədir. Nazirlikdə bununla bağlı xüsusi sektor, nazirliyin Aparatında "Qaynar xətt" yaradılıb. Həm "Qaynar xətt"ə daxil olan müraciətlər, həm də Respublika Prokurorluğunun Korrupsiyaya Qarşı Mübarizə İdarəsindən daxil olan məlumatlar bir-bir analiz olunur. Günahı olan tibb işçiləri söz yox ki, cəzalandırılır. Xəstələr çox zaman tibb işçilərinin diqqətsizliyindən şikayət edirlər. Diqqətsiz həkimlər də bizim tənbehimizdən kənarda qalmırlar. 100-dən artıq səhiyyə işçisi inzibati tənbeh verilməklə cəzalandırılıb. Səhiyyə Nazirliyinin bir nömrəli təlimatı budur ki, həkimlər, ümumilikdə tibb işçiləri xəstələrlə etik davranışlarına diqqət yetirməlidirlər.

 

- Səhiyyə işçilərinin əməkhaqlarının artımı gözlənilirmi?

 

- Son 5 ildə səhiyyə işçilərinin əməkhaqlarının bir neçə dəfə artmasına baxmayaraq, bu vəsait yenə də artırılacaq. Əməkhaqlarının artırılması istiqamətində yeni addım atıldı. Ölkə Prezidentinin sərəncamı ilə səhiyyə və təhsil işçiləri dövlət qulluğunun xüsusi növünə aid edildi. Bu isə o deməkdir ki, səhiyyə işçilərinin əməkhaqlarının artımında yeni nəticələr görüləcək.

 

Azərbaycanda 100-dən artıq ürək qüsuru olan uşaq pulsuz əməliyyat olunacaq

 

- Azərbaycanda müəyyən əməliyyatların həyata keçirilməsi üçün xəstələr uzun müddət növbə gözləməli olurlar. Bu problemin həlli istiqamətində hansı işlər görülür?

 

- Bir sıra ölkələrdə xəstələr planlı əməliyyat olunmaları üçün 6 ay və ya 1 il gözləyirlər. Azərbaycan Səhiyyə Nazirliyi isə bu işləri elə planlaşdırmaq istəyir ki, növbə gözləyənlər, xüsusilə də uşaqlar qısa müddətdə əməliyyat olunsunlar və normal həyata qayıtsınlar.

Xaricdən gələn çox yüksək səviyyəli mütəxəssislər də Azərbaycana gələrək burada həm tədris kursları keçir, həm də əməli cəhətdən öz təcrübələrini bölüşürlər. Bu yaxınlarda Ukraynadan gələn heyət Prezidentin ehtiyat fondundan ayrılmış vəsait hesabına yaradılan Səhiyyə Nazirliyinin Uşaq Cərrahiyyə Mərkəzində 10 azyaşlı uşaq üzərində cərrahiyyə əməliyyatı apardılar. Təxminən növbədə olan 100-ə qədər ürək qüsurundan əziyyət çəkən uşaq mərhələ ilə əməliyyat olunacaqlar.

16/06/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013