Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

“Bakı Sağlamlıq Mərkəzi” 2013-cü ilə qədər hazır olacaq (Gün.Az)

“Bakı Sağlamlıq Mərkəzi”ndə tikinti işləri davam etdirilir. Gün.Az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.


Məlumata görə, Prezident İlham Əliyevin 2010-cu il 6 avqust tarixli Sərəncamı əsasında inşa edilən Bakı Sağlamlıq Mərkəzi iki korpusdan ibarət olacaq. 45 min kvadratmetr sahəni əhatə edəcək tikinti işləri üçün ölkə başçısı Prezidentin Ehtiyat Fondundan 5 milyon manat ayırıb.

“Müasir səhiyyə ocağında qəbul, gözləmə və qeydiyyat şöbəsi, mərkəzi sterilləşdirmə bloku, qan bankı və laboratoriyalar yerləşəcək. Laboratoriyalarda klinik-hemotoloji, biokimyəvi-immunoloji və klinik-mikrobioloji analizlər aparılacaq. Mərkəzdə müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans salonu da nəzərdə tutulur” – deyə, Səhiyyə Nazirliyindən bildirilib.

Bundan başqa qeyd edilir ki, köhnə Bakı şəhər Onkoloji Dispanserin 1,4 hektarlıq ərazisində inşa edilən Bakı Sağlamlıq Mərkəzində 12 mərtəbəli doğum korpusu tikiləcək. Buradakı ginekoloji şöbə 50, fizioloji doğum şöbəsi isə 105 çarpayılıq olacaq.

Məlumat üçün qeyd edək ki, ölkə başçısı cənab İlham Əliyev ötən 6 avqust 2010-cu ildə “Bakı Sağlamlıq Mərkəzi”nin yaradılması haqqında Sərəncam imzalayıb. İyulun 4-də isə prezidentin iştirakı ilə Bakı Sağlamlıq Mərkəzinin təməlqoyma mərasimi keçirilib.

11/07/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013