Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Azərbaycan Səhiyyə Nazirliyi idxalına icazə verilən dərmanların sayını açıqlayıb (TREND)

Azərbaycanda 4000-ə yaxın dərman preparatı dövlət qeydiyyatına alınaraq reyestrə daxil edilib. Bunu Trend-ə Analitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət İnspeksiyasının rəisi Pərviz Əzizbəyov deyib.

Onun sözlərinə görə, ölkəyə yalnız dövlət qeydiyyatına alınmış dərmanlar idxal edilə bilər. Reyestrə daxil edilməyən dərmanların ölkəyə idxalı isə qadağandır.

Əzizbəyov deyib ki, ölkəyə reyestrə daxil edilməyən dərmanlar da gətirilir. Amma həmin dərmanlar nazirliyin apardığı reydlər zamanı aşkarlandıqda müsadirə edilir.

İnspeksiya rəisi dərman bazarında artıq saxta dərmanların sayının çox azaldığını söyləyib.

"Biz saxta dərman dedikdə yararsız, qeydiyyatı, yararlılıq sertifikatı olmayan dərmanları nəzərdə tuturuq. Amma bu dərmanların hamısını saxta kimi qəbul etmək olmaz. Çünki bu dərmanların arasında keyfiyyətli dərmanlar da var. Sadəcə, qeydiyyatsız, sertifikatsız olduğu üçün biz o dərmanlara yararsız dərman kimi yanaşır və onları müsadirə edirik", - Əzizbəyov bildirib.

14/07/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013