Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Azərbaycanda orta tibb işçiləri və regionlarda işləyən həkimlər də sertifikasiyadan keçəcəklər (Milli.az)

Azərbaycanın tibb müəssisələrində işləyən orta tibb işçiləri və regionlardakı tibb müəssisələrində çalışan həkimlər də sertifikasiyadan keçəcəklər. Bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, həkimlərin sertifikasiyası hələlik yalnız Bakı şəhəri üzrə həyata keçirilir. SN hazırda regionlardakı həkimlərlə yanaşı, orta tibb işçilərinin də sertifikasiyasına başlamaq üçün hazırlıq işləri görür.

Orta tibb işçilərinin sertifikatlaşdırılmasına hazırlıq məqsədi ilə aprelin 8-dən artıq sınaq test imtahanlarının keçirilməsinə başlanılıb.

İndiyədək 1559 həkim sertifikasiyadan keçib. Onların 61 faizi 90 baldan yuxarı nəticə göstərib. İmtahanlarda iştirak edən həkimlərdən 90 nəfər isə sertifikasiyadan keçə bilməyib.

Azərbaycanda həkimlərin sertifikasiyasına bu ilin yanvarından başlanılıb. Sertifikasiya iki mərhələli keçirilir. İlk mərhələdə həkimlər imtahan verirlər. I mərhələdən keçən həkimlər isə müsahibədən keçirlər. Müsahibə Səhiyyə Nazirliyinin mütəxəssisləri tərəfindən aparılır.

Test imtahanının və müsahibənin nəticələri əsasında sertifikasiyadan keçən şəxslərə sertifikasiya şəhadətnaməsi verilir. Sertifikasiyadan keçənlər 5 il müddətində müvafiq ixtisas üzrə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ əldə edirlər.

25/07/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013