Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Azərbaycanda dövlət tibb müəssisələrində yaşı 70-dən yuxarı olan işçilərin çalışma müddətinin uzadılma kriteriyaları açıqlanıb (TREND)

Azərbaycanda dövlət tibb müəssisələrində çalışan yaşı 70-dən yuxarı olan işçilərin fəaliyyət göstərməsi üçün lazım olan kriteriyalar artıq Səhiyyə Nazirliyi tərəfindən (SN) müəyyənləşdirilir. Trend-in məlumatına görə, bunu bazar ertəsi Azərbaycanın səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib.

 

Onun sözlərinə görə, yaxın zamanlarda SN bununla bağlı təkliflərini Nazirlər Kabinetinə təqdim edəcək və təkliflər hökumət tərəfindən təsdiq olunacaq.

 

"65 yaşla 70 yaş arasında olan tibb işçilərinin fəaliyyət müddətlərinin uzadılması üçün bir limit var. Tibb müəssisələrində çalışanların 2 faizi qədəri və işçilərinin say həddi 100-dən aşağı olan tibb müəssisələrində 2 nəfərin işləmə müddətinin 1 il uzadılması mümkündür. Yaşı 70-dən yuxarı olan işçilərin fəaliyyət göstərməsi üçün isə kriteriyalar müəyənləşdirilir", - nazir müavini deyib.

 

Ağayev çalışma müddəti uzadılarkən nəzərə alınacaq kriteriyaları da açıqlayıb. Onun sözlərinə görə, çalışma müddəti uzadılarkən işçilərin Səhiyyə Nazirliyi tərəfindən təltif edilməsi, elmi dərəcəsinin olması, bəzi ucqar yerlərdəki tibb müəssisələrində həkimlərə, mütəxəssislərə olan ehtiyac nəzərə alınacaq.

 

Nazirlik tibb müəssisələrinin rəhbərlərinə öz seçimləri zamanı bu kriteriyalara üstünlük verməyi tövsiyə edib.

 

Ağayev deyib ki, hazırda dövlət səhiyyə müəssisələrində çalışanlardan təxminən 7100 nəfərin yaşı 65-dən yuxarıdır. Onlardan 1900 nəfəri həkim, qalanları isə orta kiçik tibb işçiləri və "digərləri" kateqoriyasına daxil olan işçilərdir.

 

65 yaşlı işçilərin nə vaxtdan işdən çıxarılacağına gəldikdə, Ağayev deyib ki, artıq bütün müəssisələrdə bununla bağlı işlərə başlanılıb və işçilərin siyahıları hazırlanıb. Eyni zamanda, toplantılar keçirilir və tibb işçiləri bununla bağlı məlumatlandırılırlar.

 

"Onların fəaliyyətinə xitam veriləcək. Sonradan isə qeyd edilən kriteriyalara uyğun gəlinən müəyyən sayda tibb işçiləri əmək müqaviləsi ilə yenidən 1 il müddətinə fəaliyyətlərini davam etdirə biləcəklər. Artıq qanun qəbul olunub, fərman imzalanıb. Ona görə də biz qısa müddətdə onun icrasına başlamalıyıq", - Ağayev bildirib.

 

Nazir müavini yaşı 65-dən yuxarı olan işçilərin işdən azad edilməsinin səhiyyə üçün böyük problem yaratmayacağını da qeyd edib.

1/08/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013