Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə Nazirliyi yaşı 70-dən yuxarı olan həkimlərin fəaliyyət göstərməsi üçün müddəalar hazırlayıb (APA)

“Dövlət qulluğu haqqında” qanuna yaş məhdudiyyəti ilə bağlı edilən əlavə və dəyişikliklər barədə qanunun səhiyyə sistemində icrasına başlanıb.

APA-nın xəbərinə görə, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

Nazir müavini deyib ki, dövlət büdcəsindən maliyyələşən səhiyyə müəssisələrində çalışan yaşı 65-70 arasında olan işçilərin fəaliyyət müddətinin uzadılması üçün bir limit var. Onun sözlərinə görə, həkimlərin sayı 100-dən aşağı olan tibb müəssislərində 2 nəfərin fəaliyyət müddətinin bir il uzadılması mümkündür.

E. Ağayev deyib ki, yaşı 70-dən yuxarı olan həkimlərin fəaliyyət göstərməsi ilə bağlı isə müəyyən müddəalar hazırlanıb və Səhiyyə Nazirliyi tərəfindən bu təkliflər Nazirlər Kabinetinə təqdim edəcək. Nazir müavini qeyd edib ki, həmin müddəalara görə, ucqar yerlərdə müəyyən ixtisaslar üzrə mütəxəssislərin olmadığı təqdirdə, Səhiyyə Nazirliyi tərəfindən təltif olunmuş, elmi dərəcəsi olan 70 yaşdan yuxarı həkimlərin iş fəaliyyətini davam etdirməsi mümkündür.

Onun sözlərinə görə, hazırda səhiyyə sistemində 7100 nəfərə qədər yaşı 65-dən yuxarı səhiyyə işçisi var. Onlardan 1900-ü həkim, qalanları orta tibb işçisi və səhiyyə sahəsində çalışan işçilərdir.

1/08/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013