Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Elsevər Ağayev: “Azərbaycanda bəzi ölkələrdə tibbi təhsil alanların diplomlarının tanınmasında problemlər yaranır” (APA)

“Azərbaycanda mərhələli tibbi təhsilə keçidlə əlaqədar olaraq bəzi ölkələrdə tibbi təhsil alanların diplomlarının tanınmasında problemlər yaranır. Bu problemlər əsasən Ukrayna və Rusiyadan gələn diplomlarla əlaqədardır”.

APA-nın məlumatına görə, bu haqda səhiyyə nazirinin müavini Elsevər Ağayev bu gün keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, dünyanın tanınmış bir sıra universitetlərində təhsil almış həkimlərin ixtisas şəhadətnamələrinin işəgötürmə komissiyasında qəbulunda problemlər yoxdur: “Amma bir sıra postsovet ölkələrində internatura sistemi qalmaqdadır. Yəni 6 il təhsil aldıqdan sonra 1 il müddətində tələbəyə ixtisas verilir. Amma bu bizim hazırkı tədris proqramımıza uyğun gəlmir. Ona görə də bu cür diplom almış vətəndaşlara bir daha xəbərdarlıq etmək istəyirik ki, onların dar çərçivədə aldıqları təhsillə bağlı diplomlar komissiyadan keçməyə bilir. Onlar Azərbaycanda rezidenturaya imtahan verib, ixtisasları almaq məcburiyyətində olacaqlar”.

E.Ağayev vurğulayıb ki, xaricdə tibbi təhsil alanların diplomlarının Azərbaycanda tanınması Səhiyyə Nazirliyinin səlahiyyətində deyil: “Bu diplomlar Təhsil Nazirliyi tərəfindən tanınır. Diplomu Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş həkimlərin işə buraxılmasını isə Səhiyyə Nazirliyi həyata keçirir. Bununla bağlı nazirlikdə işə buraxma komissiyası fəaliyyət göstərir”.

Nazir müavini onu da xatırladıb ki, rezidenturaya qəbul imtahanları sentyabr ayında Tələbə Qəbulu Dövlət Komissiyası tərəfindən həyata keçiriləcək: “Bu imtahanlarda iştirak etmək üçün yaş həddi yoxdur, həkim-mütəxəssis kimi yetişmək istəyən 65 yaşadək vətəndaşlar bu imtahanlarda iştirak edə bilər”.

1/08/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013