Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə Nazirliyi postsovet ölkələrinin bəzilərində tibb təhsili alan Azərbaycan vətəndaşlarına xəbərdarlıq edir (TREND)

Səhiyyə Nazirliyi bir neçə postsovet ölkəsində tibb təhsili alan Azərbaycan vətəndaşlarına xəbərdarlıqla müraciət edib. Trend-in məlumatına görə, Azərbaycanın səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib ki, bir neçə postsovet ölkəsində tibb təhsili sistemində internatura sistemi hələ də qalır. Bu isə Azərbaycanın hazırkı tibbi tədris proqramına uyğun gəlmir. Ona görə də SN belə diplom almış vətəndaşlara xəbərdarlıqla müraciət edərək bildirir ki, onların yiyələndiyi ixtisaslar SN-in İşə Buraxılma Komissiyası tərəfindən qəbul edilməyə bilər.

 

Ağayev deyib ki, 2009-cu ilin sentyabrında qəbul olunmuş "Təhsil haqqında" qanunda tibbi təhsil iki mərhələyə - baza tibb təhsili və həkim mütəxəssislərin hazırlığını nəzərdə tutan rezidentura mərhələsinə bölünüb.

 

Nazir müavini bildirib ki, yeni, mərhələli tibb təhsili sisteminə keçilmə bır sıra problemlər yaradır.

 

"Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş "Rezidenturanın məzmun və formasının təşkili qaydalarında" da göstərilir ki, yeni tədris proqramı qəbul olunmalıdır. Bu da artıq qəbul olunub. İndi artıq digər ölkələrdə tibb təhsili alıb və mütəxəssis kimi yetişmiş həkimlər SN-də İşə Buraxılma Komissiyasında bir daha sınaqdan keçməlidirlər. Çox zaman dünyanın tanınmış universitetlərini bitirmiş həkimlərin ixtisas şəhadətnamələri heç onlar özləri sorğuya dəvət olunmadan qəbul edilə bilir. Ancaq bəzi postsovet ölkələrində hələ də internatura sistemi qalır və bu da bizim bugünkü tədris proqramımıza uyğun gəlmir. Ona görə də bu cür diplom almış vətəndaşlara bir daha xəbərdarlıq etmək istəyirik ki, onların dar çərçivədə yiyələndiyi ixtisaslar bu komissiyadan keçməyə bilər. Çünki onların tədris proqramı Azərbaycanın tədris proqramına uyğun gəlməyəcək. Onlar yenidən rezidenturaya imtahan verib bu ixtisasları almaq məcburiyyətində qalacaqlar. Əsas problem Ukrayna, Rusiyada alınan diplomlarla bağlı olur", - Ağayev qeyd edib.

 

Nazir müavini bildirib ki, xarici ölkələrin ali məktəblərində tibb təhsili alan Azərbaycan vətəndaşlarının diplomlarının tanınması SN-in səlahiyyətində deyil. Diplomlar Təhsil Nazirliyi tərəfindən tanınır.

"Sadəcə olaraq, TN tərəfindən diplomu təsdiq olunmuş şəxslərin, həkimlərin işə buraxılmasını SN həyata keçirir. Bununla əlaqədar uzun illərdir ki, SN-də İşə Buraxılma Komissiyası fəaliyyət göstərir. Sadəcə olaraq, "Təhsil haqqında" qanun qəbul edilənə qədər başqa ölkələrdə, yəni postsovet məkanında klinik ordenaturadan keçənlərin də şəhadətnamələri, vəsiqələri SN tərəfindən tanınırdı. Qanundan sonrakı müddətdə ordenaturadan keçənlərin vəsiqələri isə yəqin ki, tanınmayacaq. Onlar yenə də hansısa ixtisasa yiyələnmək istəyirlərsə, rezidenturaya imtahan verməyə məcburdurlar", - Ağayev bildirib.

 

Onun sözlərinə görə, rezidenturaya qəbulla əlaqədar bu ildən Azərbaycan Tibb Universitetində internaturaya qəbul da keçirilməyəcək.

 

Ağayev qeyd edib ki, 2010-cu ilin martında Nazirlər Kabineti tərəfindən rezidenturanın təşkili qaydaları təsdiqlənib. Bu ilin sentyabrında dövlət sifarişi ilə Azərbaycan Tibb Universitetini bitirmiş və digər mütəxəssislər üçün 300 plan yeri üzrə rezidenturaya qəbul imtahanları keçiriləcək.

 

"İmtahanlar 40 ixtisas üzrə keçiriləcək. Ancaq ATU-nu bitirənlərin hamısının həkim-mütəxəssis kimi hazırlanmasına ehtiyac yoxdur. Onların əksəriyyəti ailə həkimi, sahə terapevti və SN-in müəyyən etdiyi digər sahələrdə fəaliyyət göstərə bilərlər", - nazir müavini deyib.

1/08/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013