Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Azərbaycan Çinin səhiyyə sahəsində təcrübəsindən bəhrələnməyin tərəfdarıdır (AzərTAc)

Avqustun 24-də Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev Çin Xalq Respublikasının səhiyyə nazirinin müavini Nuanq Jiefin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.


Nazirliyin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, görüşdə nazir O.Şirəliyev Çində səhiyyənin qədim köklərə malik olduğunu və hərtərəfli inkişaf etdiyini bildirmişdir. Çində səhiyyənin Avropa və ənənəvi milli təbabət istiqamətlərində inkişafını nəzərə çarpdıran O.Şirəliyev hər iki istiqamətdə gözəçarpan nailiyyətlərin əldə olunduğunu vurğulamışdır. Qeyd etmişdir ki, Dünya Səhiyyə Təşkilatının baş katibi kimi məsuliyyətli vəzifənin çinli xanım Marqaret Cana həvalə olunması təsadüfi deyildir. Onun namizədliyini dəstəkləyən ölkələrdən biri də Azərbaycan olmuşdur.


Çində əczaçılıq sahəsinə böyük diqqət ayrıldığını, bu sahədə neqativ hallara rast gəlinmədiyini deyən nazir bu ölkənin səhiyyəsindəki təcrübədən Azərbaycanın bəhrələnməsinə tərəfdar olduğunu bildirmişdir.


Nuanq Jief Azərbaycanda bütün sahələrdə sürətlə gedən islahatlardan, dövlət və özəl səhiyyə sektorundakı inkişafdan danışmışdır.


Çin nümayəndə heyətinin Azərbaycana səfəri vqustun 27-dək davam edəcək, qonaqlar bir sıra tibb müəssisələrində olacaqlar.

 

24/08/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013