Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Ümumdünya Səhiyyə Təşkilatı Avropa Regional Bürosunun Azərbaycanda keçiriləcək 61-ci sessiyasında 350-yə yaxın nümayəndə iştirak edəcək (APA)

Sentyabrın 12-15-də Bakıda Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun 61-ci sessiyası keçiriləcək.

APA-nın məlumatına görə, tədbirlə əlaqədar təşkil olunan mətbuat konfransında bildirilib ki, sessiyada 53 Avropa ölkəsindən 350-yə yaxın nümayəndə iştirak edəcək.

Ümumdünya Səhiyyə Təşkilatı Avropa Regional Bürosunun direktoru Suzanna Yakab deyib ki, sessiyada Azərbaycanda sosial səhiyyəyə aid aktual məsələlərin milli və regional səviyyədə müzakirəsi nəzərdə tutulur. Sessiyada təşkilatın direktoru Marqaret Çen, Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev və digər rəsmi şəxslər iştirak edəcək.

S. Yakab səhiyyə sahəsində hazırda Avropa ölkələrində rast gəlinən əsas problemlərdən danışıb. O bildirib ki, bu ölkələrdə vərəm, yoluxucu xəstəliklər və antibiotiklərin rezident formaları ilə bağlı problemlər var. Büro direktorunun sözlərinə görə, vərəm və əsasən HİV epidemiyasının yayılmasının qarşısını almaq üçün Avropa ölkələrində geniş tədbirlər həyata keçirilir. Büro direktoru Azərbaycan səhiyyəsi haqqında da fikirlərini açıqlayıb. O, bu sahədə inkişafın nəzərə çarpdığını söyləyib: “Azərbaycanda səhiyyəyə ayrılan vəsait xeyli artıb. Yeni xəstəxanalar, müalicə mərkəzləri açılır. Ümumdünya Səhiyyə Təşkilatı hazırda Azərbaycanda səhiyyə sahəsində həyata keçirilən böyük proqramın bəzi komponentləri ilə əlaqədar bu ölkə ilə əməkdaşlıq edir. Bu komponentlər xərçəng xəstəliyi, yoluxucu xəstəliklər, qan xəstəlikləri, vaksinasiyalar və s. ilə bağlıdır”.

S. Yakab sessiya çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosu ilə Azərbaycan arasında əməkdaşlıq haqqında saziş imzalanacağını açıqlayıb. Sənəddə növbəti il üçün əməkdaşlıq nəzərdə tutulur.

Tədbirdə çıxış edən Azərbaycan səhiyyə nazirinin müavini Elsəvər Ağayev isə Avropa Regional Bürosunun 61-ci sessiyasının Bakıda keçirilməsinin Azərbaycanın səhiyyə sahəsinə öz töhfələrini verəcəyini bildirib.

9/09/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013