Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Bəzi Avropa ölkələri Azərbaycanın səhiyyə sahəsində əldə etdiyi nailiyyətləri qazanmağa çalışmalıdır - ÜST (TREND)

Azərbaycan səhiyyə, xüsusilə vaksinasiya sahəsində bir çox nailiyyətlər əldə edib. Bəzi Avropa ölkələri Azərbaycanın əldə etdiyi bu nailiyyətləri qazanmağa çalışmalıdırlar. Trend-in məlumatına görə, bunu bu gün keçirdiyi konfransında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun rəhbəri Zsuzsanna Jakob bildirib.

 

Sentyabrın 12-15-də Bakıda ÜST-nin Avropa Regional Bürosunun 61-ci sessiyası keçiriləcək.

 

Azərbaycan hökumətinə bu tədbirin keçirilməsinə görə təşəkkür edən Jakob deyib ki, son 2 il ərzində Azərbaycanda səhiyyəyə ayrılan vəsait də sürətlə artır, yeni müəsissələr tikilir, təmir edilir.

"Ölkə Prezidentinin bu sahədə həyata keçirilən tədbirlərə birbaşa dəstək verməsi isə ən mühüm addımdır", - o bildirib.

 

Jakob iclasda müzakirə ediləcək məsələlər barəsində də danışıb. Onun sözlərinə görə, ÜST-nin əsas məqsədlərindən biri Avropa regionunda səhiyyə ilə bağlı vəziyyətin yaxşılaşdırılmasıdır.

 

"Avropa regionu digər regionlardan fərqli olaraq, bir çox xüsusiyyətlərə malikdir. Məsələn, burada son 20 ildə insanların ömür uzunluğu artır. Amma yenə də regiondakı bəzi ölkələrdə bu göstərici üzrə 20 ilə qədər fərq var. Bizim məqsədimiz budur ki, bu fərqi aradan qaldıraq. Bu məqsədlə 2020-ci ilədək olan müddəti əhatə edəcək proqram hazırlayırıq. Bu proqramda konkret olaraq, hansı sahələrdə hansı tədbirlərin görülməsi qeyd olunur", - Büro rəhbəri deyib.

 

Jakob əlavə edib ki, regionda qeyri-yoluxucu xəstəliklərin qarşısını almaq da nəzərdə tutulur. Bunun üçün tədbirlər planı hazırlanıb. ÜST rəsmisi Bakıda keçiriləcək iclasda bu sənədin qəbul olunacağına ümid etdiyini bildirib.

 

Onun sözlərinə görə, antibiotiklərə qarşı resident formalı yeni xəstəlik əmələ gəlib. Bu da insanların antibiotikdən çox istifadə etməsinin nəticəsidir.

 

"Əlbəttə ki, bütün bu işlər Regional Büronun iclasında müzakirə ediləcək. Çalışacağıq ki, xəstəliklərin profilaktikası gücləndirilsin. Bunun üçün xüsusi tədbirlər görülməlidir. Tütündən istifadə ilə bağlı sənəd hazırladıq və onun faydası oldu. Bundan başqa, biz alkoqollu ickilərin qəbulu ilə bağlı sənəd hazırlamağı nəzərdə tuturuq. Avropa ölkələri vərəmlə mübarizədə həmişə aktivliyi ilə seçilir. Amma son vaxtlar vərəmin resident formaları ortaya çıxıb. Bununla bağlı sənədlər hazırlamağı da planlaşdırırıq", - Büro rəhbəri qeyd edib.

9/09/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013