Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Baş psixiatr: "Ölkədə intihar edənlərin əksəriyyəti sağlam insanlardır" (ANSPRESS)

Deyirəm, indiki dövrdə Azərbaycanda gərək dəli olmayasan. Söhbət heç də Koroğlunun dəlilərindən ya da Leylinin dərdindən dəli olub çöllərə düşən Məcnundan getmir. Söhbət bu ölkədə ruhən xəstələnən, lakin yatmağa yer tapmayan, cəmiyyətdə gülüş obyektinə çevrilən insanlardan gedir. Bu cəmiyyətdə ruhi xəstələr “dəli”, onların müalcə aldığı yer isə “dəlixana” adlandırılır. Hələ intiharların artan sayından danışmıram. Ölkədə kim intihar edirsə, deyirlər, ruhi xəstəydi. Yəni normal insan hər hansı bir sosial və ya digər problemi üzündən özünə qəsd edə bilməzmi? Bu və digər sizi maraqlandıran suallarımızı bu dəfə Respublikanın baş psixiatrı, Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının müdiri Gəray Gəraybəyli cavablandırdı.

Respublikada neçə psixiatriya müəssisəsi var? 

Hazırda ölkədə 18-19 psixiatriya müəssisəsi fəaliyyət göstərir. Bu gün ölkədə son 40 ildə ilk dəfə olaraq həm psixiatriyaya yardım, həm də ümumiyyətlə psixi sağlamlıq istiqamətində köklü dəyişikliklər həyata keçirilir. Böyük bir proqram hazırlanır. Plana əsasən 3 il ərzində bu müəssisələrin bir qismi əsaslı təmir ediləcək, bir qismi isə tamamilə yenidən qurulacaq. Hazırda 1 saylı Respublika Psixiatriya Xəstəxanasında əsaslı təmir və yenidənqurma işləri aparılır. Artıq müasir tələblərə cavab verən bir neçə korpus tikilib və müasir avadanlıqlarla təchiz olunub. Təəssüf ki, bir çox insanlar psixi xəstələrin mütləq qapalı bir yerdə saxlanılmalı olduğunu düşünürlər. Onlar hesab edirlər ki, ölkədə psixiatriya müəssisəsi nə qədər çox olsa, bir o qədər yaxşıdır. Məncə, bu, çox yanlış fikirdir. Burada söhbət xəstəxanaların açılması və ya çarpayı fondunun genişləndirilməsindən yox, məhz alternativ yardım növlərindən gedir. Məsələn, o qədər adam var ki, kiçik problem üçün psixiatrik xəstəxanaya girməkdən utanır, həkimə müraciət etmirlər, problem qalır və daha da dərinləşir. 

İnkişaf etmiş Avropa ölkələrində çarpayı fondu o qədər də çox deyil. Məsələn, Amsterdam kimi şəhərdə 12 nəfərlik izolyator var. Ondan yalnız kəskin xəstələr üçün istifadə olunur və burada 3-4 gün saxlanıldıqdan sonra xəstələrin müalicələri həm ev, həm də ambulator şəraitdə davam etdirilir. 

Bizə xəstəxanalarda yerin olmamağından şikayətlənirlər

-Düzdür. Bu, təmir işləri ilə əlaqədardır. Hazırda yuxarıda vurğuladığım kimi Maştağa qəsəbəsindəki xəstəxananın kişi şöbələrində təmir gedir. Bu səbəbdən ora kişi xəstələrin qəbulu bir qədər çətinləşib. Bu, müvəqqəti haldır. Ötən il qadınların qəbulu ilə bağlı da belə bir problem yaranmışdı. İndi isə heç bir problem yoxdur. Məsələn, bizdə şəhər xəstəxanasında kişi şöbəsi hazırda doludur. Lakin kəskin xəstələri yer oldu-olmadı qəbul etmək məcburiyyətindəyik. Həmçinin, Nərimanov rayonu Nərimanov qəsəbəsindəki Bakı Şəhər Əsəb Ruhi Dispanseri də cari ilin iyun ayında əsaslı təmirə dayanıb. Binanın noyabr-dekabr aylarında istifadəyə veriləcəyi gözlənilir. Burada müasir tələblərə cavab verən, geniş fəaliyyətli müəssisə yaratmaq fikrimiz var. Biz burada Şəhər Psixi Sağlamlıq Mərkəzi də açmaq niyyətindəyik. Psixi problemləri olan insanlar bu mərkəzə müraciət edəcək və burada yatmamaq şərti ilə müalicə olunacaq. Depressiya, təşviş və stres pozuntuları, doğuşdan sonra yaranan pozuntular var. Bəyəm, bu xəstələrin hamısı xəstəxanada yatmalıdırlar?

Son illər Azərbaycanda intihar halları çoxalıb. Həm də kim intihar edir, adını ruhi xəstə qoyurlar. Azərbaycanda həqiqətənmi ruhi xəstələrin sayı çoxdur? 

-Bu gün intihar bütün dünyanın və psixiatriyanın problemidir. Dünyada baş verən iqtisadi və sosial problemlər Azərbaycana da təsirsiz ötüşmür. Sovet dövründə belə hadisələr mətbuatda çox işıqlandırılmırdı. İndi isə əksinədir. Bu səbəbdən ola blsin ki, insanlarda belə halların artması barədə fikir formalaşıb. Hazırda dünyada intihar hallarına görə Çin birinci yerdədir. Avropada isə Macarıstan, Rusiya, Skandinaviya ökələri ön sıralardadır. Skandinaviya ölkələrində ki, əhali pis yaşamır, onlar niyə intihar edirlər? Deməli burada söhbət pis yaşayışdan deyil, müxtəlif problemlərdən gedir. Azərbaycanda intiharların sayı Asiya və Qərb ölkələrinə nisbətdə həmişə az olub. Bu bilirsiniz nə ilə əlaqədardır? İntihara səbəb olan amillər olduğu kimi, intihardan çəkindirən amillər də var. Məsələn, İslam dinində özünə qəsd böyük günah hesab olunur. Bura həmçinin ailədaxili, ailələr və qohumlararası münasibətlər daxildir. Elə adamlar var ki, 20-30 ildir özünü öldürmək istəyir, lakin buna heç cəhd də etmir. Bizim camaat daha çox insanpərvər və istiqanlıdır. Bu da insana təsəlli verən bir şeydir. İnsan özünü tənha hiss etdikdə həyatdan küsür və bu da intihara səbəb olan çox ciddi amildir. Burada söhbət fiziki tənhalıq yox, psixoloji cəhətdən tənhalıqdan gedir. Bizdə olan dini və milli ənənələr Azərbaycanda digər ölkələrə nisbətən intihar hallarının az olması ilə nəticələnib. Lakin yenə də artmaq tendensiyası var. 

Azərbaycanda intihar edənlərin yalnız 15-20 faizi ruhi xəstələrdir 

Özünə qəsd edənlərə ruhi xəstə adının qoyulmasına gəldikdə isə, Ümumdünya Səhiyyə Təşkilatının açıqladığı rəsmi statistik rəqəmlərə görə, Azərbaycanda intihar edənlərin yalnız 15-20 faizi ruhi xəstələrdir. Həmçinin, intihar edənlərin 15-20 faizi “psixiatr və ya psixoloqun nəzarəti altında ola bilərdilər” cümləsi də burada ifadə olunur. Yerdə qalan 50-60 faiz isə sağlam insanların payına düşür. Bura xərçəng xəstələri, həyat yoldaşını itirən şəxslər, həmçinin sosial və digər problemlərdən özlərinə qəsd edən insanlar daxildir. 

Ümumiyyətlə, intiharların sırf sosial problemlər üzündən baş verdiyini də demək olmaz. Gəlin həqiqəti danışaq. Ölkədə insanların yaşayışı günü-gündən yaxşılaşır. Şəhərdə müşahidə olunan xarici maşınlar, istifadə olunan telefonlar, şəhər supermarketlərində insan sıxlığı və s. bundan xəbər verir. Eyni zamanda bu heç də o demək deyil ki, bizdə kasıb təbəqə yoxdur. İnsanların eyni səviyyədə yaşadığı bir cəmiyyət yoxdur. Bu, mümkün də deyil. Məgər, zəhmətkeş insanla tənbəl adam eyni yaşamalıdır? 

Respublikada qohumlarası cinayətlər, o cümlədən qohumlarası zorlama hallarının artmasına necə münasibət bildirərdiniz? Ümumiyyətlə, bunlar nədən irəli gəlir? 

- Bu tipli cinayətlər həmişə olub. Onlar artmayıb, sadəcə indi belə cinayətlər haqqında açıqlığı ilə məlumat verilir. Sovet dövründə isə bu, ciddi şəkildə gizlədilirdi. Adi vətəndaşların bundan xəbəri olmurdu. İndi 12-15 və s. yaş həddində olan yeniyetmə və gənclər internetdən istənilən şey haqqında məlumat toplaya bilirlər.

Seksual meyl kortəbii instinkdir. Onun hansı istiqamətdə getməsi bir çox şeydən, həm insanın səhhətindən, həm düşdüyü ətraf mühitdən, həm cəmiyyətdən, həm də aldığı məlumatlardan asılıdır. Seksual tərəfdən inkişaf etməmiş insanlar belə xəbərləri oxuyanda, onun qeyri-normal olduğunu anlamırlar. Bu cinayəti törədən insanların əksəriyyəti cavanlardır. 

Qohumlar və ya valideynlə övlad arasında baş verən seksual zorakılıq halları psixologiyada ağır bir pozuntu – insest (Yaxın qohumlar arasında olan seksual əlaqə) adlanır. Bu cinayəti törədən insanın psixikası mütləq ətraflı müayinə olunmalıdır. Fikrimcə, bu, insanların 90-95 faizinin psixi fəaliyyətində problemlər var. 

Depressiyaya düşməmək və ya ondan çıxmaq üçün nə etmək lazımdır? 

-Depressiya dünyada ən qabaqcıl problemlərdən biridir. Bir neçə ay öncə mən beynəlxalq konqressdə iştirak edirdim. Orada bir avstriyalı professor tədqiqatlara əsaslanaraq təklif irəli sürdü ki, depressiyanı tam şəkildə profilaktika etmək mümkün deyil. Yəni bunun üçün hansısa konkret bir tədbir yoxdur. O, depressiyaya düşməmək üçün əsas 3 amilin vacib olduğunu bildirdi: normal yuxu yatmaq (8 saat), gündə 3 dəfə normal qidalanmaq və gündə ən azı iki saat fiziki fəallıq göstərmək. Lakin bu o demək deyil ki, bütün bunlara riayət edən insan 100 faiz depressiyadan sığortalanacaq.

Depressiya bir xəstəlikdir və bundan çıxmaq üçün insan mütləq müalicə olunmalıdır. Bu, iki həftədən artıq, bəzən bir aydan artıq səbəbsiz olaraq əhval-ruhiyyənin pozulması, həyatdan küskünlük, həyatdan həzz almaq hissinin itməsidir. 

Var stressdən yaranan reaktiv depressiya var. Bu depressiyanın yüngül formasıdır. Yüngül formada olanlar həmin vəziyyətdən çıxa bilirlər. Ümumiyyətlə, heç bir insan həyatında baş verən mənfi hadisələrə xoş reaksiya verə bilməz. 

Hansı cinsin nümayəndələri daha çox depressiyaya meyllidir? 

-Hesab olunur ki, qadınlarda meyllik kişilərdən bir qədər çoxdur. Depressiya nəticəsində baş verən intihar halları isə kişilərdə üstünlük təşkil edir. 

Ölkədə psixoloji problemi olan insanlarla əlaqə saxlamaq üçün "qaynar xətt" niyə yoxdur?

-Azərbaycanda belə bir xidmət var idi. Bakı və Sumqayıtda qeyri-hökumət təşkilatlarının təklifi ilə bir layihə kimi ayrı-ayrılıqda 4 il müddətinə fəaliyyət göstərib. İndi isə artıq psixi sağlamlıq mərkəzləri yaratmaq istəyirik. Həm Bakıda, həm respublikanın digər böyük şəhərlərində xüsusi olaraq psixoloqların "qaynar xətt"lərlə işləməsi nəzərdə tutulur. 

Hazırda şizofreniya diaqnozu qoyulan xəstələrin sayı nə qədərdir? Bildiyimizə görə, bu, ruhi xəstəliyin ən ağır mərhələsidir

-Şizofreniya xroniki xəstəlikdir. Statistikaya baxsaq görərik ki, bütün dövrlərdə Azərbaycanda bu xəstəlik həmişə 1 faiz ətrafında olub. Bu xəstəliyin tamamilə dəqiq səbəbi öyrənilməyib. Bunu müəyyən edən şəxsə Nobel mükafatı təyin olunub. Məşhur akademik Andrey Çnejnevski bütün ömrünü bu xəstəliyə sərf edib. Onun üçün o zaman Moskvada xüsusi Tədqiqat Psixiatriya İnstitutu yaradılmışdı. Lakin bu müddət ərzində “siz şizofreniyanın neçə forması olduğunu öyrənə bilmisinizmi?” sualına o belə cavab verib: dünyada neçə belə xəstə varsa, o qədər də onun növü var. 

Hansı insanlar daha çox intihara meyl edir? 

-Emosional və həssas adamlar, təşvişli insanlar, tez stresə düşən adamlar, nisbətən iradəsi zəif olan adamlar. Mən deməzdim bunlar hamısı risk qrupunu təşkil edir. Lakin bəlkə də onlarda bu meyllilik, risk faktorları digərlərinə nisbətdə bir qədər artıqdır. Bir sözlə, heç kim intihardan sığortalanmayıb. 

Psixoanalizin banisi, məşhur Ziqmund Freydin belə bir sözü var: “hər bir insanın həyatında ən azı bir dəfə intihar etmək fikri yaranır”. İntiharın psixoloji modeli kifayət qədər mürəkkəbdir. 

Cəmiyyətdə ruhi xəstələrə münasibət necə olmalıdır? 

-Bu çox vacib məqamdır. Hesab edirəm ki, inkişaf etməkdə olan ölkənin müasir cəmiyyət göstəricilərindən biri də bu məsələdir. Cəmiyyətin şüur cəhətdən inkişaf kriteriyalarından biri onun məhz xəstələrə, o cümlədən psixi xəstələrə münasibətidir. 

Psixi xəstələrə mənfi münasibət stiqmatizasiyaya gətirib çıxarır. Bu kiminsə adının ləkələnməsi deməkdir. Məsələn, bizim cəmiyyətdə ruhi xəstələrə "dəli", onların müalicə aldığı yerlərə isə "dəlixana" deyirlər ki, bu da insanlarda pis hisslər yaradır. Bu səbəbdən də insanlar psixiatorun yanına getməyə, öz problemlərini deməyə utanırlar. Halbuki, heç bir insan irsiyyətindən, maddi və ya sosial vəziyyətindən, cəmiyyətdə tutduğu roldan və vəzifəsindən asılı olmayaraq psixi xəstəlikdən sığortalanmayıb. Biz tolerant bir ölkədə yaşayırıq. Psixi xətələrə olan münasibət dəyişməlidir.

Hər il neçə xəstə müalicə olunaraq evə buraxılır? 

-Xəstələrin hər il 70 faizi sağalaraq evə buraxılır. 30 faizini isə xroniki xəstələr təşkil edir. Bəzən bir il ərzində eyni adam bir neçə dəfə xəstəxanaya gəlir. Yəni belə hallar olur. Xroniki xəstədir, gedir 3-4 ay yaxşı olur, sonra yenə gəlir. 

Qeyri-ənənəvi orientasiyalı insanların çoxalması təhlükəli deyil ki? 

-Bu, insanlardan tolerantlıq tələb edən bir şeydir. Qeyri-normal adlandırdığımız orientasiyalı insanlar bütün dövrlərdə olub. Hər dövrdə onlara münasibət də müxtəlif olub. Son illər onların hüquqlarının müdafiəsi ilə bağlı məsələlər ortaya çıxıb və bu günə qədər öz orientasiyasını gizlədən adam, indi tamamilə açıq şəkildə bunu elan etməyə başlayıb. Fikrimcə, burada cəmiyyətin hansısa orta xətti güdə bilməsi vacibdir. Mən onlara qarşı repressiyalar, onarı xəstəxanaya yerləşdirmək və ya həbs etməyin əleyhinəyəm. Ötən əsrin 60-cı illərində Amerikada Biber adlı professor hesab edirdi ki, bu, psixi xəstəlikdir və elektroşok terepaya ilə onu tam müalicə etmək olar. Nəticədə onlarla insanın beyni pozuldu, lakin adamların orientasiyasında bir dəyişiklik olmadı. Cəza və ya qadağa ilə də bunun qarşıını ala bilmədilər.

Lakin mən eyni zamanda onların açıq-aşkar reklam şəklində özlərini təqdim etmələrinin qəti əleyhinəyəm. Bəli homoseksualizmin elə forması var ki, anadangəlmə olur. Amma eyni zamanda bunun qazanılmış formaları da olur. Söhbət yeniyetmə təbəqədən gedir. Seksual meyl hələ tam formalaşmayan şəxslər bu qıcıqları görüb səhv istiqamət ala bilərlər. 

Ekstrasenslərin ruhi xəstələri müalicə etməsinə necə yanaşırsınız? 

-Mən bu məsələyə çox skeptik yanaşıram. Ekstrasensorika və parapsixologiya barədə böyük savadım olmasa da hesab edirəm ki, hər bir təklif və üsulun əsasında elm dayanmalıdır. Mən parapsixologiyanın olmadığını demirəm və ya ekstrasenslərin hamısının yalançı olduğunu da söyləmirəm. Çünki ekstrasensorika elminin olduğunu bilirəm.

Lakin eyni zamanda bu sahədə fırıldaqçılar da az deyil. Yaxşı olardı ki, bir qrum və ya elmə əsaslanmış insanlar sözügedən şəxsləri tədqiqatlardan keçirərək onların xəstə müalicə etməsinə izn versinlər. Biz həkimlər belə dırnaqarası parapsixoloq və ya ekstrasenslərin “müalicəsindən” əziyyət çəkən insanları çox görmüş və kəskin vəziyyətdə xəstəxanaya qəbul etmişik. 

Qarabağ müharibəsindən aldığımız stressi necə aradan qaldırmaq olar

Bu bizim millətimiz üçün böyük və xroniki bir stressdir. Yəni müharibə dövründə insanlar daima televizorun qarşısında hansısa kəndin işğalı və ya azad olunmasına dair məlumat gözləyirdilər. Bunu bəlkə də gözləmə nevrozu adlandırmaq olar. Adamın ailəsində problemi olanda onu həll etmədən sakitləşmədiyi kimi, bu da elə. Bunun çarəsi yalnız problemin həllindədir. İnanıram ki, münaqişənin həlli hamımıza müsbət stress verəcək.

18/09/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013