Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Azərbaycanda orta tibb işçiləri sertifikasiyadan keçiriləcək (Trend)

Yaxın vaxtlarda Azərbaycanda orta tibb işçilərinin sertifikasiyadan keçirilməsinə başlanılacaq. Bu barədə Trend-ə çərşənbə günü Səhiyyə Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, artıq imtahan üçün suallar hazırdır. Yaxın günlərdə imtahan sualları açıqlanacaq. Hazırda isə orta tibb işçilərinin sertifikasiyasına hazırlıq məqsədilə sınaq imtahanları keçirilir.

Sertifikasiya iki mərhələdə keçiriləcək. İlk mərhələdə namizədlər imtahan verəcəklər. Bu mərhələdən keçən namizədlər müsahibədən keçəcəklər. Müsahibə Səhiyyə Nazirliyinin mütəxəssisləri tərəfindən aparılacaq.

Test imtahanının və müsahibənin nəticələri əsasında sertifikasiyadan keçən şəxslərə sertifikasiya şəhadətnaməsi verilir. Sertifikasiyadan keçənlər 5 il müddətində müvafiq ixtisas üzrə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ əldə edirlər.

Hazırda Azərbaycanda praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə yalnız həkimlərin sertifikasiyası keçirilir. Azərbaycanda həkimlərin sertifikasiyasına bu ilin yanvarından başlanılıb.

19/10/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013