Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

“Azərbaycanda ana südü ilə qidalanmanın mövcud problemləri və gələcək perspektivləri” mövzusunda konfrans keçirilib (APA)

“Azərbaycanın bölgələrində anaların 50 faizi, Bakıda isə 45-48 faizi 1 yaşadək körpəsini ana südü ilə qidalandırır”. APA-nın məlumatına görə, bunu bu gün “Azərbaycanda ana südü ilə qidalanmanın mövcud problemləri və gələcək perspektivləri” mövzusunda keçirilən milli konfransda Səhiyyə Nazirliyinin Kubra Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev deyib. O qeyd edib ki, körpələrin ana südü ilə qidalanma faizində yüksəlmə olsa da, istənilən səviyyəyə nail olunmayıb. İnstitut direktorunun sözlərinə görə, körpələri ana südü ilə qidalandırmada problemlərin yaranmasının 98-99 faizi subyektiv səbəblər, 1-2 faizi isə hipoqalaktiya ilə bağlıdır. Ana südünün xüsusi əhəmiyyətindən danışan N. Quliyev körpənin bu əvəzedilməz qida ilə qidalanmasının onun gələcək sağlamlığında böyük rol oynadığını deyib: “Ana südü ilə qidalandıran qadınlarda döş vəzisi xərçənginə yoluxma az hallarda baş verir”.

 

Heydər Əliyev Fondunun nümayəndəsi İlqar Mustafayev isə deyib ki, təmsil etdiyi təşkilat uşaqlarla bağlı bir neçə layihə həyata keçirib. O, Heydər Əliyev Fondunun bu problemin aktuallığına bələd olduğunu da deyib.

 

UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard isə Azərbaycanda anaların 12 faizinin körpələrini 6 ayadək ana südü ilə qidalandırdıqlarını bildirib. Ana südünün xüsusi əhəmiyyətini qeyd edən M.Herevardın sözlərinə görə, körpə 6 ay ərzində ana südü qəbul etdikdə kəskin respirator xəstəliklərdən ölmə 2, diareyadan ölmə 6 dəfə az baş verir: “Biz ana südü ilə əmizdirmədə yaranan sosial problemləri də araşdırmalıyıq. İmkan verə bilmərik ki, Azərbaycanda bir neçə nəsil ana südü ilə qidalanmadan kənarda qalsın”.

 

Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli də tədbirdə çıxış edib. O qeyd edib ki, çox vacib məsələ olsa da, “Ana südü haqqında” qanun Milli Məclisdə müzakirəyə çıxarıldıqda parlamentdə onun gündəmə gəlməsi iradla qarşılanıb: “Biz o zaman hətta körpələrini ana südü ilə qidalandıran anaların maliyyə dəstəyi məsələsini də gündəmə qoyduq. Amma buna nail ola bilmədik. Parlament bu məsələyə yenidən qayıda və qanuna əlavələr, dəyişikliklər edə bilər”. H. Rəcəbli də Azərbaycanda ana südü ilə qidalandıran anaların sayının az olmasından narahat olduğunu bildirib.

 

Millət vəkili Qənirə Paşayeva isə bu problemin həllində sosial reklamların xüsusi rol oynaya biləcəyini deyib. Onun sözlərinə görə, Milli Məclis sosial reklamların ödənişsiz qaydada daha geniş yayılması məsələsini müzakirəyə çıxarıla bilər.

25/11/2010

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013