Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Azərbaycanda həkimlərin körpələrə “gözüyumulu” qoyduğu diaqnoz (Trend)

Azərbaycanın baş pediatrı Nəsib Quliyev ölkədəki həkim-nevroloqların körpələrə çox tez-tez "kəllədaxili təzyiq" diaqnozu qoymasından narahatlığını bildirib. Baş pediatr cümə axşamı Trend-ə verdiyi müsahibəsində bildirib ki, son illər ərzində ölkədə "kəllədaxili təzyiq" diaqnozu ilə doğulan körpələrin sayının artması fikri ilə razılaşmır.

Onun sözlərinə görə, körpələrin kəllədaxili təzyiq və beyin travması diaqnozu ilə dünyaya gəlməsi halları həmişə mövcud olub. Amma əvvəllər müayinə üsulları bunu vaxtında aşkarlamağa imkan vermirdi.

Bu diaqnozun təyin edildiyi körpələrin sayının indi daha çox görünməsinin səbəblərindən biri respublikaya yeni tibb avadanlıqlarının gətirilməsi, özəl və dövlət tibb müəssisələrində müayinə imkanlarının genişlənməsi ilə bağlıdır. Pediatr hesab edir ki, əldə edilən yeni imkanlar uşaqlarda baş verən dəyişiklikləri daha tez görüb vaxtında diaqnoz qoymağa şərait yaradır.

Amma ümumilikdə Quliyev bu fikirdədir ki, bu gün həkimlər uşaqlara düzgün diaqnoz qoymurlar. Həkimlər uşaqlarda bəzi nevroloji əlamətləri görən kimi onlara təxmini olaraq, "kəllədaxili təzyiqin yüksəlməsi" diaqnozunu qoyur, sonra isə körpələrə çoxsaylı dərmanlar yazırlar. Amma əslində körpələrdə, xüsusən də ilk aylarda müşahidə edilən nevroloji əlamətlər xəstəlik deyil. Bu, uşaqlarda sinir sisteminin hələ yetişmədiyini göstərir.

"Körpələrə "kəllədaxili təzyiq" diaqnozunun qoyulması bizi bu gün çox narahat edən məsələdir. Çünki bu məsələdə tibdə hiperdiaqnostika mövcuddur. Yəni uşaqlara olmayan, şişirdilmiş diaqnozlar qoyulur. Kəllədaxili təzyiqin olduğunu dəqiq demək üçün o təzyiqi ölçmək lazımdır. Bizdə isə təxmini olaraq, "gözüyumulu" diaqnoz qoyurlar və nəticədə belə problemlər yaranır", - baş pediatr əlavə edib.

O bildirib ki, həkimlərin dəqiq diaqnoz qoya bilməmələrinin əsas səbəbi onların dəqiq müayinə üsullarından istifadə etməmələridir. Həkimlər bu diaqnozu dəqiq təyin etmək üçün körpənin kəllədaxili təzyiqini ölçməli, onun beyninin neyrostenoqrafiya müayinəsini aparmalıdırlar. Amma bu müayinələr aparılarkən uşaqların çoxunda heç bir təzyiqin olmadığı, onlara şişirdilmiş diaqnozun qoyulduğu bəlli olur.

Baş pediatr bildirib ki, Elmi Tədqiqat Pediatriya İnstitutuna "kəllədaxili təzyiq" diaqnozu ilə gələn hər 100 uşağın 95-96-da bu diaqnoz təsdiq olunmur.

"Görün, bu, necə biabırçılıqdır. Ona görə də analarımıza məsləhətim odur ki, uşaqlarını dövlət tibb müəssisələrində müayinə etdirsinlər. Çünki problemin biri də bununla bağlıdır. Özəl müəssisələrin ayrı prinsipləri, ayrı məqsədləri var. Onlar uşaqlara cürbəcür müayinə və müalicə təyin edib buraxacaqlar. Valideynlərin dövlət tibb müəssisəsində qoyulmuş diaqnoza şübhələri olarsa, onda Pediatriya İnstitutuna müraciət etsinlər. Burada 2 saat ərzində körpədə təzyiqin olub-olmadığını söyləyə bilərik", - Quliyev qeyd edib.

Baş pediatr onu da əlavə edib ki, keysər əməliyyatı ilə uşağın dünyaya gəlməsi birbaşa olaraq, uşağın kəllədaxili təzyiqlə doğulmasına təsir göstərmir və bunların qarşılıqlı şəkildə əlaqələndirilməsi doğru deyil.

10/11/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013