Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə Nazirliyi səhiyyə işçilərinin sertifikasiyasına başlayıb (APA)

Səhiyyə Nazirliyi praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesini həyata keçirilməsi işinə başlayıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, artıq uzun illərdi ki, dünya praktikasında öz təsdiqini tapmış və hazırda da ölkəmizdə tətbiq olunan sertifikasiya prosesi Nazirlər Kabinetinin bu ilin iyunun 8-də verdiyi qərarla təsdiqlənmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası” na uyğun rəhbər tutaraq tərəfindən həyata keçirilir.

 

Sertifikasiyanın məqsədi əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi və ölkədə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanılmasıdır. Sertifikasiya prosesinə beş ildə bir dəfə ali və orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş səhiyyə mütəxəssisləri cəlb edilirlər.

 

Hamilə qadınlar, uşağı üç yaşınadək sosial məzuniyyətdə olan və məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə çalışan qadınlar, həmçinin uşağını təkbaşına böyüdən kişilər sertifikasiyaya cəlb edilməyəcəklər.

 

Bundan başqa, alı və orta ixtisas tibb təhsil müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər təhsilini təsdiq edən sənədin verildiyi gündən, habelə ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş səhiyyə mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən 5 il müddətində sertifikasiyadan keçməyəcəklər.

 

Digərlərinin - tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, səhiyyə müəssisələrində çalışan və özəl praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesi Səhiyyə Nazirliyi tərəfindən həyata keçiriləcək. Səhiyyə mütəxəssislərinin sertifikasiyası 2 mərhələdə - test və müsahibə yolu ilə reallaşdırılacaq. Test imtahanı 100 sualdan ibarətdir və imtahan 3 saat davam edəcək. Test imtahanının yekununa görə 60 və ya daha çox bal toplamış şəxslər müsahibəyə buraxılacaq. Test imtahanının keçirilməsinə 30 gün qalmış imtahana cəlb olunan hər bir şəxs bilavasitə, yaxud işlədiyi səhiyyə müəssisəsinin rəhbərliyi tərəfindən məlumatlandırılacaq. Test imtahanının və müsahibənin nəticələri əsasında sertifikasiyadan keçən şəxslərə sertifikasiya şəhadətnaməsi verilir və onlar 5 il müddətində müvafiq ixtisas üzrə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ əldə edirlər.

30/11/2010

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013