Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Ölkənin baş pediatrı anaları diqqətli olmağa çağırdı (Mərkəz)

Hansı halda uşaq yeməkdən imtina edir?

 

Əksər analar üçün qaçılmaz məqamlardan biri də uşağın iştahasızlığıdır. Müəyyən müddətə qədər uşaq ananın verdiyi hər bir yeməyi həvəslə yeyir. Birdən o, hətta sevdiyi yeməkdən belə imtina etməyə başlayır. Uşağınızın səhhəti barədə nəticə çıxarmağa tələsməyin. İştahanın təsadüfi və davamlı olmayan müddətə azalmasını çox da narahatlıqla qəbul etməyin. Uşaq hər hansı bir kəskin xəstəliyə tutulan zaman iştahası müvəqqəti olaraq azalır. Bu zaman ona verilən yeməyi zorla, axıra qədər yeməsini təkid etmək məsləhət deyil. Uşağa daha çox meyvə, tərəvəz, su, müxtəlif şirələr (xüsusilə yüksək hərarət zamanı) və daha yüngül, yarımduru yeməklər vermək məsləhətdir.

 

Daimi olan iştahasızlıq çox pis göstəricidir. Yanaşı olaraq, uşaq tez-tez xəstələnirsə və inkişafına görə də yaşıdlarından geri qalırsa, bu, daha da təhlükəli bir haldır. Belə halda mütləq həkimə müraciət etmək lazımdır.

 

Bununla bağlı mütəxəssis rəyi almaq üçün Respublika Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyevlə əlaqə saxladıq. Həkimin sözlərinə görə, iştahasızlıq heç də yüngül məsələ deyil: “İnsan ac qaldığı təqdirdə onun orqanizmində ağır fəsadlar yarana bilər. Bir də görürsən ki, bir qrup insan başlayır aclıq aksiyası keçirməyə, bu, birbaşa canına qəsd deməkdir. Uşaqlardakı iştahasızlığa gəldikdə isə bu, böyük problemdir. Bu məsələdə valideynlər diqqətli olmalıdırlar. Çünki adətən pis qidalanmanın arxasında ciddi problemlər durur. Sətəlcəm, onkoloji xəstəliklər zamanı, ürək qüsuru olanda da uşaqlar yeməkdən imtina edə bilirlər. Odur ki, bu tip simptomlar yarandıqda mütləq mütəxəssisə müraciət edilməlidir. Diaqnoz qoyulduqdan sonra isə xəstəliyə qarşı müvafiq müalicə işi aparılmalıdır”.

N. Quliyev bildirdi ki, uşaq 1 yaşınaqədər çəkisini 3 dəfə artıraraq orta hesabla 10 kiloqrama çatdırmalıdır.

 

Bəs, əziz oxucularımız, uşağın iştahasını necə yaxşılaşdırmaq olar? Hər şeydən əvvəl bütün yaş dövrlərində olan uşaqların gündəlik rejimini qaydaya salmaq lazımdır. Uşaq tez-tez təmiz havaya çıxarılmalı, hərəkətdə olmalıdır. Zəifləmiş uşaqlar daha çox istirahət etməlidirlər. Onlar erkən yatmalı, səhərlər daha gec oyanmalıdırlar. Günorta mütləq yatmalıdırlar. Heç bir halda, yeməkdən 1-2 saat qabaq uşağa şirniyyat, şirələr, qazlı içkilər vermək olmaz. Uşaqlarda iştahanın pis olmasının səbəbi, əksər hallarda qida rejiminin pozulmasıdır. Əksər hallarda uşaqlara həddən artıq yağlı, şirin qidalar verilir. Bu zaman onların növbəti qidalanmaya qədər acıması ləngimiş olur. Əvvəl yediyi qidanı həzm etmək və aclıq hiss etməsi üçün uşağa bir qədər vaxt vermək lazımdır. Heç bir halda uşağın başını qataraq və onu əyləndirərək yedizdirməyə çalışmayın. Bu, iştahanın uzun müddətli itirilməsinə səbəb ola bilər. Çünki yemək zamanı uşağın fikri bütünlüklə oyuncaqlara, kitablara, nağıllara, qohumlar tərəfindən qurulmuş “sirk” tamaşalarına yönəlir. Bu zaman həzm şirələrinin ifrazı kəskin şəkildə ləngiyir və nəticədə qidanın həzm edilməsi də pisləşir. Bundan başqa, yemək zamanı uşaqlar üçün multiplikasiya filmlərinə baxmağa şərait yaratmaq, yemək yeyəcəkləri halda onlara hədiyyələr vəd etmək, daha böyük uşaqlara isə yeyərkən kitab oxumağa icazə vermək olmaz. Digər tərəfdən, uşagı zorla yedizdirmək, yemədiyi üçün onu danlamaq, üstünə qışqırmaq da olmaz! Bütün bunların nəticəsində sonda valideynlər yalnız bir şeyi əldə edirlər – uşaqda istənilən qidaya nifrət hissi yaranır.

Yeməyin uşağa hansı şəkildə təqdim olunması da çox vacib məsələdir. Yemək masasını uşaqla birgə hazırlayın. Əvvəl uşağa az miqdarda yemək çəkin ki, gözü qorxmasın. Yalnız özü istədiyi halda ona əlavə yemək verin. Çoxçeşidli yeməklər hazırlayın. Eyni yeməyi gün ərzində təkrar verməyin. Yadda saxlayın: qida qatı və kalorili olmalıdır. Çörəyi, sıyığı, supu az miqdarda verə bilərsiniz, amma balıq, ət, kəsmik, yumurtanın normal miqdarda yeyilməsinə fikir verin. Uşaq mütəmadi olaraq normadan az həcmdə yeyirsə, onu daha tez-tez, gündə 5-6 dəfə yedizdirin. Amma yedizdirmələr arasındakı müddət çox qısa olmamalıdır (təxminən 3,5 saat, südlü qidadan sonra isə 3 saat).

 

Ən vacib olan daha bir şey də var. Uşaq yemək masası arxasına sakit, yaxşı əhvali-ruhiyyə ilə, istirahət etmiş, kefi pozulmamış və qıcıqlanmamış vəziyyətdə əyləşməlidir. Nahar və şam yeməyindən qabaq heç bir səs-küylü, qıcıqlandırıcı oyunlara imkan vermək olmaz. Onlar həzm şirəsinin ifrazını xeyli dərəcədə ləngidir. Uşaq maraqlı oyun oynayarkən qəflətən oyunu dayandırıb onu yeməyə vadar etmək olmaz. Bu onun xoşuna gəlməyəcək, sonda uşaq inadkarlıq edərək yeməkdən tamamilə imtina edəcək. Yeməyə təxminən 15-20 dəqiqə qalmış uşağı hər hansı bir vasitə ilə (əllərini yu, masanı açmağa kömək et və s) qida qəbulu prosesinə hazırlaşdırın. Ona yeməyi tərifləyərək bəzi xoşagələn sözlər də deyə bilərsiniz: məsələn, bu gün ana və ya nənə çox dadlı yemək bişirib, kotlet bu gün çox gözəl görünür, ləzzətli qoxusu var. Əgər uşaq yenə də yeməyə qarşı neqativ fikirdədirsə, yemək vaxtını 15-20 dəqiqə təxirə salın. Oyununu və ya işini başa çatdırmasına imkan verin. Bir müddət sonra isə onu yenidən masaya dəvət edin. Yeməyi axıradək yeyibsə, uşağı mütləq tərifləmək lazımdır. Bəzi uşaqlar səhərlər pis yeyirlər. Onları yuxudan oyadan kimi yedizdirməyin. Birlikdə səhər idmanı etsəniz, yuyunsanız, oynasanız, uşağın iştahası bərpa olunacaq.

 

Pis yediyi üçün uşağın yanında həyəcanınızı göstərməyin. Onun iştahasızlığı, pis yeməsi barədə narahat olduğunuzu ona bildirməyin. Uşaqlar belə şeylərə tez alışır. Sonra ərköyünlük edir, yeməkdən imtina edir, oz istəyinə nail olmaq üçün hər cür şıltaqlığa əl atırlar.

 

Əziz valideynlər, unutmayın ki, yalnız həkimlə məsləhətləşdikdən sonra iştahası pis olan uşağa xüsusi iştahgətirici preparatlar, C vitamini, kompleks vitaminlər vermək olar.

13/12/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013