Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə Nazirliyində 2011-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib (APA)

Azərbaycan Səhiyyə Nazirliyində 2011-ci ilin yekunlarına həsr olunmuş geniş kollegiya iclası keçirilib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda çıxış edən səhiyyə naziri Oqtay Şirəliyev il ərzində görülmüş işlər, əldə olunmuş nailiyyətlər haqqında danışıb.

 

Sonra Səhiyyə Nazirliyinin aparat rəhbəri Zəkiyyə Mustafayevaya çıxış edərək bildirib ki, ildən-ilə səhiyyəyə ayrılan büdcə vəsaitləri artırılır. 2001-ci illə müqayisədə 2011-ci ildə bu vəsait təxminən 12 dəfə artıb. Z. Mustafayeva deyib ki, bu ildən stasionar tibb müəssisələrində istifadə olunan ən vacib dərman preparatlarının və tibbi ləvazimatların sayı 60-dan 166-ya çatdırılıb. Şəkərli diabet xəstələrinin aşkar edilməsi işinin yaxşılaşması nəticəsində qeydiyyata götürülən xəstələrin sayı 2 dəfədən çox artıb və hazırda 150 mini keçib. Z. Mustafayeva şəkərli diabetdən əziyyət çəkən xəstələrin ölüm göstəricisinin endiyini açıqlayıb. Xroniki böyrək çatışmazlığı olan xəstələrin müalicəsi məqsədilə hər il bölgələrdə yeni dializ mərkəzlərinin açıldığını söyləyən Z. Mustafayeva qeyd edib ki, hazırda ölkədə 24 mərkəzdə 1800-ə yaxın xəstə hemodializ seansları və dərman vasitələri ilə pulsuz təmin olunur.

 

Aparat rəhbərinin sözlərinə görə, Azərbaycanda uşaqlar yoluxucu xəstəlikdən qorunmaq məqsədilə 10 xəstəliyə qarşı peyvənd edilir. O, ötən illə müqayisədə bu il ölkədə vərəmlə xəstələnmə və bu xəstəlikdən ölüm hallarının sayının azaldığını deyib. Z. Mustafayeva bildirib ki, hazırda respublika üzrə 463 özəl tibb müəssisəsi və kabineti, eləcə də 914 əczaçılıq müəssisəsi fəaliyyət göstərir.

29/12/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013