Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Azərbaycanda 3000-dən çox həkim tibb sahəsi üzrə daha beş il işləmək hüququ qazanıb (Trend)

2011-ci ilin yanvar ayından indiyədək Azərbaycanda 3324 həkim Səhiyyə Nazirliyinin 38 ixtisas üzrə keçirdiyi sertifikasiya imtahanında iştirak edib.

 

Nazirlikdən bazar ertəsi Trend-ə verilən məlumata görə, imtahan verənlərin yalnız 7 faizi tələb olunan balı toplaya bilməyib. Onlara hazırlaşmaq üçün 6 ay vaxt verildikdən sonra təkrar imtahana buraxılıblar ki, onlardan da cəmi 10 nəfər uğursuz nəticə əldə edib. Həmin şəxslərlə əmək müqaviləsi pozulub. Bu günə kimi 3035 həkim sertifikat alıb.

 

İmtahanda iştirak edənlərin 1306-sı 90 baldan çox, 1647-si 75-90 arası, 371-i 60-75 bal toplayıb. 56 həkim ixtisas dərəcəsi alıb.

 

Azərbaycanda həkimlərin sertifikasiyasına ötən ilin yanvarından başlanılıb.

 

Sertifikasiya iki mərhələdə keçirilir. İlk mərhələdə həkimlər imtahan verirlər. Bu mərhələdən keçən həkimlər sonra müsahibədən keçirlər. Müsahibə Səhiyyə Nazirliyinin mütəxəssisləri tərəfindən aparılır.

 

Test imtahanının və müsahibənin nəticələri əsasında sertifikasiyadan keçən şəxslərə sertifikasiya şəhadətnaməsi verilir. Sertifikasiyadan keçənlər 5 il müddətində müvafiq ixtisas üzrə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ əldə edirlər.

9/01/2012

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013