Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Dinamik inkişaf prosesi Azərbaycanın səhiyyəsində də özünü göstərir (yap.org.az)

Müsahibimiz Azərbaycan Respublikası səhiyyə nazirinin müavini Elsevər Ağayevdir

 

- Elsevər müəllim, son illər Azərbaycanda səhiyyə sahəsində ciddi inkişaf müşahidə olunur. Hazırda bu sahədə əldə olunan nəticələr barədə məlumat verməyinizi xahiş edirik...

 

- Respublikamızda son illər baş verən sürətli iqtisadi inkişaf bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına da əsaslı təkan vermişdir. Son illər səhiyyənin idarəolunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları və başqa geniş miqyaslı tədbirlər həyata keçirilmişdir. Bu da öz növbəsində səhiyyəmizin dünya standartları üzrə inkişaf etməsinə, onun dünyanın qabaqcıl ölkələrinin səhiyyə sisteminə ardıcıllıqla inteqrasiya edilməsinə zəmin yaratmış və beynəlxalq miqyasda Azərbaycan səhiyyəsinin nüfuzunun nəzərəçarpacaq dərəcədə artmasına səbəb olmuşdur.

 

Səhiyyəmizin inkişafında son illər əldə edilmiş dinamik inkişaf tendensiyası öz növbəsində tibbi demoqrafik və səhiyyə göstəricilərinin yaxşılaşması üçün zəmin yaratmışdır. Belə ki, son 10 ili müqayisə etsək, 2011-ci ildə doğum göstəricisi əhalinin hər 1000 nəfərinə 13,7-dən 19,3-ə qalxmışdır. Təbii artım göstəricisi isə 8,1-dən 13,5-dək yüksəlmişdir ki, bu da Avropa ölkələri arasında ən yüksək göstəricilərdəndir.

 

Eyni zamanda, ildən-ilə səhiyyəyə daha çox büdcə vəsaiti ayrılır. 2003-cü illə müqayisədə 2011-ci ildə bu vəsait təxminən 10 dəfə artaraq 563 milyon manatdan artıq olmuşdur. Bu da respublikamızda aparıcı texnologiyalarla, müasir tibbi avadanlıqlarla təchiz olunmuş yeni tibb mərkəzlərinin yaradılması istiqamətində genişmiqyaslı işlərin həyata keçirilməsinə imkan yaratmışdır.

 

Stasionar tibb müəssisələrində müalicə olunan xəstələrin ərzaq, dərman preparatları, sarğı materialları və tibb ləvazimatları ilə davamlı təchizatı işi daha da təkmilləşdirilmişdir. Artıq stasionar tibb müəssisələrində istifadə olunan ən vacib dərman preparatlarının və tibbi ləvazimatların siyahısı genişləndirilərək, onların sayı 60-dan 166-ya çatdırılmışdır.

 

Görülən işlər əhalinin dövlət tibb müəssisələrinə olan inamının getdikcə artmasına sübutdur və bu göstəricilərinin gələcəkdə daha da yaxşılaşdırılması üçün zəmin yaradır.

 

- Ölkə səhiyyəsinin inkişafı prosesində qəbul olunmuş dövlət proqramlarının əhəmiyyəti nədən ibarətdir?

 

- Ulu öndər Heydər Əliyevin siyasi varisi cənab İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan səhiyyəsi yeni inkişaf mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyevin səhiyyəyə göstərdiyi xüsusi diqqət bu sahədə xeyli irəliləyişlərə səbəb olub. Dövlət başçısının müəyyən etdiyi proqramlar tibb müəssisələrinin təmir və bərpasını, onların ən müasir avadanlıqlarla təmin olunmasını, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təchiz olunmasını, müalicəsini, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsini, xüsusilə uşaqların bütün tibbi xidmətlərə ən yüksək səviyyədə əhatə olunmasını və səhiyyə sahəsində digər islahatların başlıca istiqamətlərini təşkil edir.

 

Bir sıra dövlət proqramlarının reallaşdırılmasında Heydər Əliyev Fondunun və fondun Prezidenti Mehriban xanım Əliyevanın böyük xidmətləri vardır. Fond diabetli, talassemiyalı xəstələrə qayğısında və onların müalicəsinin təşkilində, qanvermə aksiyalarının keçirilməsində, ana və uşaqların sağlamlığının qorunmasının yaxşılaşdırılmasında bir çox böyük layihələrə imza atmışdır.

 

Ümumiyyətlə, səhiyyə sahəsində qəbul edilmiş dövlət proqramlarının icrası uğurla davam etdirilməkdədir. Səhiyyənin prioritet sahələri olan şəkərli diabet, irsi qan xəstəlikləri, qan xidməti, xroniki böyrək çatışmazlığı, vərəm, yoluxucu xəstəliklərin immunoprofilaktikası üzrə növbəti beş ili əhatə edən yeni proqramlar hazırlanaraq Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmişdir.

 

- Son illər ərzində Azərbaycanda nə qədər səhiyyə obyekti tikilib istifadəyə verilib?

 

- Ölkəmizdə səhiyyə müəssisələrinin tikintisi, əsaslı təmiri və yenidənqurulması sahəsində böyük işlər həyata keçirilməkdədir. Belə ki, son 5 il ərzində 400-dən artıq səhiyyə müəssisəsində təmir və tikinti işləri aparılmışdır. Təkcə ötən il Respublika Klinik Uşaq Xəstəxanasında, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda, Uşaq Nevroloji Xəstəxanasında, Respublika Diaqnostika Mərkəzində, 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının 4 korpusunda, 3 nömrəli Klinik Uşaq Xəstəxanasında, Respublika Klinik Xəstəxanasında, 3 nömrəli şəhər Klinik Xəstəxanasında, Xaçmaz rayon Mərkəzi Xəstəxanasında, Şirvan şəhər Mərkəzi Xəstəxanasında, Bərdə rayon Doğum evində, Bakı şəhərinin 16, 18, 20 nömrəli poliklinikalarında, 3 nömrəli uşaq poliklinikasında təmir və yenidənqurma işləri aparılmış, Ağdaş, Şəki, Tovuz, Daşkəsən, Şabran rayonlarında yeni mərkəzi xəstəxanalar, Ucarda Uşaq Xəstəxanası tikilib istifadəyə verilmişdir. Adıçəkilən bütün tibb müəssisələri müasir tibbi avadanlıq və inventarla təchiz olunmuşdur. Bunların əksəriyyətinin açılışında ənənəvi olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev şəxsən iştirak etmişdir.

 

- Milli genefondumuzun qorunması işi hansı səviyyədədir? Bu mənada yeni nəslin sağlamlığının yüksək səviyyədə təmin olunması yönündə nə kimi addımlar atılır?

 

- Təbii ki, bu məsələ daim diqqət mərkəzindədir. Ana və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması dövlətin sosial yönümlü siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Ölkə rəhbərliyinin bilavasitə dəstəyi ilə son illər bu sahədə mühüm tədbirlər həyata keçirilmişdir. Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramının, həmçinin yenidoğulanların “Elektron sağlamlıq kartları” ilə təmin edilməsi, “Yoluxucu xəstəliklərinin immunoprofilaktikası” proqramlarının ana və uşaqların sağlamlığının qorunması işində əhəmiyyətli rolu olmuşdur.

 

Bakı şəhəri və Naxçıvan Muxtar Respublikası da daxil olmaqla yeddi perinatal mərkəzin yaradılması, Respublika Uşaq Xəstəxanasının, Bakı şəhəri 2 və 3 saylı klinik uşaq xəstəxanasının, Uşaq Nevroloji Xəstəxanasının əsaslı təmiri, bərpası və yeni avadanlıqlarla təchiz olunması, Uşaq Onkologiya və Uşaq Kardiocərrahiyyə mərkəzlərinin, Elmi-Tədqiqat Pediatriya İnstitutunun nəzdində Uşaq Konsultasiya Mərkəzinin, erkən yaşlı uşaqların cərrahiyyə şöbəsinin, uşaq hematologiya şöbəsinin yaradılması, bir çox rayonlarda yeni uşaq xəstəxanalarının tikilməsi və ya yenidən qurulması bu sahəyə göstərilən xüsusi qayğının nümunəsidir. Son bir neçə il ərzində Bakı şəhərində yerləşən bütün uşaq poliklinikaları əsaslı təmir edilərək müasir tibb avadanlığı ilə təmin olunmuşlar.

 

Yoluxucu xəstəliklərin profilaktikası, bu xəstəliklər səbəbindən əlilliyin azaldılması və qarşısının alınması işində uşaqların müasir təqvim əsasında vaxtında peyvənd olunması xüsusi əhəmiyyət kəsb edir. Bu gün Azərbaycanda, uşaqların yoluxucu xəstəlikdən qorunması üçün inkişaf etmiş Avropa ölkələrində olduğu kimi 10 xəstəliyə qarşı peyvənd edilir. O cümlədən, bu ildən etibarən körpələrimiz daha bir qorxulu infeksiyaya-Hemofilus B infeksiyasına qarşı planlı peyvəndə cəlb olunmuşlar. Yaxın zamanlarda pnevmoniya xəstəliyinə qarşı da peyvəndin tətbiq edilməsi planlaşdırılır. Qeyd etmək lazımdır ki, Azərbaycanda müstəqilliyin ilk illərində, uşaqlar cəmi 5 yoluxucu xəstəliyə qarşı peyvənd edilirdi.

 

Respublikada aparılan məqsədyönlü immunoprofilaktika tədbirləri nəticəsində əvvəllər poliomielit xəstəliyinə görə endemik sayılan Azərbaycan artıq neçə illərdir ki, bu xəstəlikdən azad diyara çevrilmişdir. Digər idarəolunan xəstəliklər üzrə də nəzərəçarpan nailiyyətlər qazanılmışdır. Belə ki, 2011-ci ildə difteriya, qızılca xəstəlikləri qeydə alınmamış, epidemik parotit xəstəliyi 27% azalmış, kəskin bağırsaq infeksiyalarında alovlanma qeyd olunmamışdır. Malyariya xəstəliyi praktiki ləğv olunma səviyyəsindədir.

 

Uşaq və yeniyetmələr arasında xəstəliklərin vaxtında aşkar edilməsi, dispanserizasiyası, müalicə-profilaktika və sağlamlaşdırıcı tədbirlərin keyfiyyətinin və səviyyəsinin yüksəldilməsi məqsədilə onların sağlamlığı barədə məlumatların “Vətəndaşların Elektron Sağlamlıq kartı Sistemi”nə daxil edilməsi istiqamətində işlər həyata keçirilir. Son illərdə respublikamızda həyata keçirilən bu tədbirlərin nəticəsində ana və uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət dinamika müşahidə olunur.

 

- Səhiyyə sahəsində təhsil və kadr məsələləri də diqqət mərkəzindədir. Bu barədə nə deyə bilərsiniz?

 

- Səhiyyəmizin dünya standartları üzrə inkişafının əsas istiqamətlərindən biri tibbi təhsil və kadr islahatıdır. Nazirlik tərəfindən bu sahədə müstəsna əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. Tibb işçilərimizin bilik və peşə bacarıqlarının artırılmasına Səhiyyə Nazirliyi tərəfindən xüsusi diqqət yetirilir.

 

Bir neçə il idi ki, problemin həlli yollarından biri olan, bütün dünyada qəbul edilən, tibb işçilərinin sertifikasiyanın tətbiqi üzrə gərgin iş aparılırdı. Artıq 2011-ci ilin yanvar ayından bu işə başlanılmışdır. Bu günə kimi 3800 həkimin sənədləri Sertifikasiya Komissiyası tərəfindən qəbul olunmuşdur. 3035 həkim 38 ixtisas üzrə test imtahanından və ikinci mərhələdə aparılan müsahibədən keçərək sertifikat almışdır. Qeyd etmək lazımdır ki, cari ildə orta tibb işçilərinin də test imtahanlarının aparılmasına dair hazırlıq işləri yekunlaşmış və onlar yaxın aylarda sertifikasiyaya cəlb olunacaqlar.

 

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 2011-ci ildə respublikanın tibb təhsili sistemində də köklü dəyişikliklər edilmişdir. Belə ki, diploma qədər tibb təhsilində tədris artıq yeni qəbul olunmuş dövlət standartları üzrə, beynəlxalq təhsil prinsiplərinə uyğun kredit sisteminin tətbiqi ilə aparılır.

 

Eyni zamanda, sözügedən qanuna uyğun olaraq, respublikada 2011-ci ildə ilk dəfə olaraq həkimlərin ixtisaslar üzrə hazırlığı dünyanın əksər ölkələrin tibb təhsil sistemində qəbul olunmuş rezidentura vasitəsi ilə həyata keçirilir. Gənc mütəxəssislərin respublikadan kənarda təkmilləşdirmə kurslarından keçməsi proqramı çərçivəsində səhiyyənin müxtəlif sahələri üzrə 200-dən artıq həkim və orta tibb işçisi xarici ölkələrinin qabaqcıl klinikalarında 3-6 aylıq ixtisasartırma kursları keçmişdir.

 

Eyni zamanda, həkimlər üçün şüa diaqnostikası, qastroenterologiya, kardiologiya, nefrologiya və s. ixtisaslar üzrə xaricdən dəvət olunmuş aparıcı mütəxəssislərin iştirakı ilə Bakıda ixtisasartırma kursları təşkil olunmuş və həmin kurslarda 500-dən artıq mütəxəssis öz təcrübi biliklərini artırmışdır.

 

- Elsevər müəllim, Azərbaycan səhiyyəsinin beynəlxalq aləmə inteqrasiyası prosesi haqqında da fikirlərinizi bilmək istərdik. Son vaxtlar bu istiqamətdə hansı uğurlar əldə edilib?

 

- Ölkələr arasında siyasi və iqtisadi münasibətlər inkişaf etdikcə, Azərbaycan səhiyyəsinin də beynəlxalq aləmə inteqrasiyası artır və əlaqələri genişlənir. Fikrimi əsaslandırmaq üçün təkcə ötən ilin bəzi məlumatlarını diqqətinizə çatdırmaq istəyirəm. Səhiyyəmizin indiki inkişafı haqqında həqiqətlər ötən ilin sentyabrında Nyu-Yorkda keçirilən BMT–nin qeyri infeksion xəstəliklərə qarşı qlobal mübarizəyə həsr olunmuş tədbirində həm ÜST Baş Direktorunun, həm də ÜST Avropa Regional Bürosunun Direktorunun nitqində səslənmişdir.

 

2011-ci ilin sentyabr ayında Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin 61-ci Sessiyasının Bakıda keçirilmiş və Azərbaycan bu qurumun İcraiyyə Komitəsinin üzvü seçilmişdir. Bu, Azərbaycanın bir dövlət kimi beynəlxalq aləmdə nüfuzunun getdikcə artmasının məntiqi nəticəsidir.

 

Beynəlxalq əməkdaşlıqda digər istiqamət ikitərəfli əlaqələridir ki, 2011-ci il üçün İtaliya, Rumıniya və Litva ilə səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında müqavilələr imzalanaraq qüvvəyə minmişdir. Hesab edirəm ki, beynəlxalq əlaqələrimiz bundan sonra da dinamik olaraq genişləcəkdir.

 

Yeni Azərbaycan Partiyası (yap.org.az)

9/03/2012

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013