Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Azərbaycanda 158 kənd həkiminə ailə həkimi statusu verilib (APA)

İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) ailə həkimlərinə tibb çantalarının verilməsi ilə bağlı tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən İSİM-in direktoru Ceyhun Məmmədov bildirib ki, Azərbaycanda həyata keçirilən səhiyyə sektorunda islahatlar layihəsinin əsas komponentlərindən biri də ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi və ailə təbabətinin inkişaf etdirilməsidir. O deyib ki, ölkədə ailə həkimlərinin statusu səhiyyə nazirinin əmri ilə 1998-ci ildə təsdiqlənib. Artıq bir neçə ildir Azərbaycan Tibb Universitetində və Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda ailə həkimləri kafedraları fəaliyyət göstərir.

 

C. Məmmədov qeyd edib ki, ailə həkimlərinin cərrahiyyə, mama-ginekologiya, göz, dəri və digər xəstəliklərdən bilikləri olmalıdır. Ailə həkimlərinin biliklərinin artırılması üçün onların kurslara cəlb edildiyini söyləyən İSİM direktorunun sözlərinə görə, bu günədək 158 kənd həkimi ailə həkimi statusu alıb.

 

Səhiyyə sektorunda islahatlar layihəsinin mütəxəssisi Kamran Rzayev isə ailə həkimlərinin Azərbaycanda hələlik 5 pilot rayonda fəaliyyət göstərdiyini söyləyib. Tibb ləvazimatları yerləşdirilən çantalar Şəki, Qax, Ağdaş, İsmayıllı və Abşeron rayonlarında fəaliyyət göstərən bütün ailə həkimlərinə veriləcək.

6/04/2012

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013