Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Orta Asiya və Qafqazda qaraciyər və böyrəyin eyni anda transplantasiyası ilk dəfə Azərbaycanda keçirilib (Gün.Az)

Mərkəzi Neftçilər Xəstəxanasında ilk dəfə olaraq qaraciyər və böyrəyin eyni anda transplantasiyası icra olunub.

Gün.Az xəbər verir ki, bu gün dünyada nadir sayıla biləcək böyrək və qaraciyər transplantasiyasının Mərkəzi Neftçilər Xəstəxanasında ilk dəfə olaraq icra olunması ilə bağlı mətbuat konfransı keçirilib.

 

Konfransda çıxış edən Mərkəzi Neftçilər Xəstəxanasının İnsan Orqan və Toxumalarının Transplantasiyası Şöbəsinin müdiri Mircəlal Kazımi bildirib ki, qaraciyər transplantasiyası əməliyyatları 12 dekabr 2008-ci ildən Qafqaz, Qazaxıstan və Orta Asiya regionunda tək mərkəz olaraq Mərkəzi Neftçilər Xəstəxanasında icra olunur.

 

“Azərbaycanda transplantologiyanın tarixi yeni deyil. Hələ 1971-ci ildə regionda ilk dəfə akademik M.Cavadzadə tərəfindən Respublika Uroloji Xəstəxanasında böyrək transplantasiyası edilib. Bunun məntiqi nəticəsidir ki, Mərkəzi Neftçilər Xəstəxanasında da aktiv surətdə böyrək və qaraciyər transplantasiyası əməliyyatları icra olunur” – deyə, M.Kazımi bildirib.

 

Şöbə müdiri qeyd edib ki, əməliyyat zamanı 2 ayrı donordan ayrı-ayrılıqda böyrək və qaraciyər götürülüb və 40 yaşlarında olan xəstəyə köçürülüb.

 

“Xəstə şəkər və xroniki böyrək çatışmazlığından əziyyət çəkirdi. 6 ay ərzində bizim müşahidələrimiz altında müayinə və müalicələr aldı. Əməliyyata 1 ay qalmış ambulator müayinələr aparıldı. Əməliyyat uğurla başa çatıb. Hazırda xəstə özünü yaxşı hiss edir. Donorlar artıq evə buraxılıb”.

 

10/04/2012

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013