Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

“Eurovision-2012” ilə əlaqədar səhiyyə müəssisələri gücləndirilmiş iş rejimində işləyəcək (Gün.az)

“Eurovision-2012” Mahnı Müsabiqəsi ilə əlaqədar Bakının bir çox səhiyyə müəssisəsi gücləndirilmiş iş rejimdə fəaliyyət göstərəcək.

 

Gün.Az Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, görülən işlər və müsabiqədə iştirak üçün ölkəyə gələcək qonaqların tibbi təminatını müzakirə etmək məqsədi ilə səhiyyə naziri Oqtay Şirəliyevın rəhbərliyi ilə xüsusi toplantı keçirilib.

 

Toplantıda “Eurovision-2012” iştirakçılarının və qonaqların tibbi təminatının təşkili barədə məlumat verən Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəis müavini Rauf Nağıyev ölkə başçısının adıçəkilən müsabiqənin Bakıda keçirilməsi haqqında sərəncamına, həmçinin səhiyyə nazirinin müvafiq əmrinə uyğun olaraq, müsabiqə iştirakçılarına, qonaqlara tibbi xidməti təşkil etmək məqsədilə müvafiq tədbirlər görüldüyünü bildirib.

 

Belə ki, mayın 13-20-də tarixlərində keçiriləcək məşqlər, mayın 21-dən 26-dək keçiriləcək müsabiqə zamanı ehtiyac olduğu halda lazımı tibbi xidmət göstərilməsi üçün 200 nəfər tibb işçisi xüsusi hazırlıq keçib, müvafiq şöbələr üzrə 103 çarpayı ayrılıb.

 

R.Nağıyev bildirib ki, Klinik Tibbi Mərkəzdə bütün şöbələr üzrə 40 nəfər həkim, 2 nömrəli Uşaq Klinik Xəstəxanasında da bütün şöbələr üzrə 10 nəfər həkim, 5 nömrəli Şəhər Klinik Xəstəxanasında yanıq və reanimasiya şöbələri üzrə 4 nəfər həkim, 5 nömrəli Doğum Evində bütün şöbələr üzrə 5 nəfər həkim xarici dil üzrə müvafiq kurs keçib.

 

Bakı şəhər TTTYS tərəfindən ayrılmış 31 təcili yardım briqadası növbədə olacaq ki, onlardan 13 briqada mehmanxanalarda, 11 briqada Kristal zalda, 5 briqada Əl Oyunları İdman Sarayında və 2 briqada isə Dənizkənarı Parkda növbə çəkəcək. Bu briqadaların 104 həkimi və 37 orta tibb işçisi xarici dil üzrə müvafiq kurs keçib.

 

Tədbirdə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndələri tərəfindən iaşə müəssisələrində sanitariya qaydalarına ciddi riayət olunmasına nəzarətin təmin olunacağı haqqında da məlumat verilib.

 

9/05/2012

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013