Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

“Evrovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar Bakının bir çox səhiyyə müəssisələri gücləndirilmiş iş rejimində çalışacaq (APA)

“Evrovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar Bakının bir çox səhiyyə müəssisələri gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

 

Səhiyyə Nazirlyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, müsabiqədə iştirak üçün ölkəyə gələcək qonaqların tibbi təminatını müzakirə etmək məqsədi ilə səhiyyə naziri Oqtay Şirəliyevın rəhbərliyi ilə xüsusi toplantı keçirilib.

 

“Eurovizion -2012” mahnı müsabiqəsinin iştirakçılarının və qonaqların tibbi təminatı barədə məlumat verən Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəis müavini Rauf Nağıyev müsabiqə iştirakçılarına, qonaqlara tibbi xidməti təşkil etmək məqsədilə müvafiq tədbirlər görüldüyünü bildirib. O deyib ki, mayın 13-ü və 20-də keçiriləcək məşqlər, mayın 21-dən 26-dək keçiriləcək müsabiqə zamanı ehtiyac olduğu halda lazımı tibbi xidmət göstərilməsi üçün 200 nəfər tibb işçisi xüsusi hazırlıq keçib, müvafiq şöbələr üzrə 103 çarpayı ayrılıb.

 

R.Nağıyev bildirib ki, Klinik Tibbi Mərkəzdə bütün şöbələr üzrə (terapiya, nevrologiya, kardiologiya, reanimasiya, uşaq və böyüklər üçün travmatologiya, cərrahiyyə , o cümlədən üz-çənə cərrahiyyəsi, toksikologiya, doğum, ginekologiya və yoluxucu) 40 nəfər həkim xarici dil üzrə müvafiq kurs keçib. 2 nömrəli Uşaq Klinik Xəstəxanasında da bütün şöbələr üzrə (pediatriya, yoluxucu, o cümlədən meningit, reanimasiya və otolorinqoloji ) xidmətlər üzrə 10 nəfər həkim xarici dil üzrə müvafiq kurslara cəlb olunub. 5 nömrəli Şəhər Klinik Xəstəxanasında yanıq və reanimasiya şöbələri üzrə 4 nəfər, 5 nömrəli Doğum Evində bütün şöbələr üzrə (reanimasiya, doğum və ginekologiya) 5 nəfər həkim xarici dil üzrə müvafiq kurs keçib.

 

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası tərəfindən ayrılmış 31 təcili yardım briqadası növbədə olacaq ki, onlardan 13 briqada mehmanxanalarda, 11 briqada (məşqlər zamanı 7, müsabiqə zamanı əlavə 4 ) “Kristal zal”da, 5 briqada (məşqlər zamanı 4, müsabiqə zamanı əlavə 1) Əl Oyunları İdman Sarayında və 2 briqada isə Dənizkənarı Parkda növbə çəkəcək. Bu briqadaların 104 həkimi və 37 orta tibb işçisi xarici dil üzrə müvafiq kurs keçib.

 

Tədbirdə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndələri tərəfindən iaşə müəssisələrində sanitariya qaydalarına ciddi riayət olunmasına nəzarətin təmin olunacağı haqqında da məlumat verilib. Sonda nazir O. Şirəliyev müsabiqənin uğurlu, yadda qalan olması üçün bütün səylərdən istifadə olunmasının vacibliyini vurğulayıb.

8/05/2012

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013