Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Azərbaycan səhiyyəsi “Eurovision - 2012” mahnı müsabiqəsinə tam hazırdır (AzərTAc)

Bakıda keçiriləcək “Eurovision - 2012” mahnı müsabiqəsini izləməyə gələcək qonaqların tibbi təminatını müzakirə etmək məqsədi ilə səhiyyə naziri Oqtay Şirəliyevın rəhbərliyi ilə xüsusi toplantı keçirilmişdir.

Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, toplantıda Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəis müavini Rauf Nağıyev müsabiqə ilə əlaqədar görülmüş tədbirlər barədə məlumat vermişdir.

 

Bildirmişdir ki, müsabiqə iştirakçılarına və qonaqlara yüksək tibbi xidmət göstərmək məqsədi ilə 200 tibb işçisi xüsusi hazırlıq keçmiş, müvafiq şöbələr üzrə 103 çarpayı ayrılmışdır.

 

 

Klinik Tibbi Mərkəzdə 40 həkim, 2 nömrəli uşaq klinik xəstəxanasında 10 həkim, 5 nömrəli doğum evində 5 həkim bütün şöbələr üzrə, 5 nömrəli şəhər klinik xəstəxanasında yanıq və reanimasiya şöbələri üzrə 4 həkim xarici dil kursları keçmişdir.

 

Bundan əlavə, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Yardım Stansiyası tərəfindən ayrılmış 31 təcili yardım briqadası növbədə olacaqdır ki, onlardan 13-ü mehmanxanalarda, 11-i “Baku Crystall Hall”da, 5-i Bakı İdman Sarayında, 2-si Dənizkənarı Milli Parkda növbə çəkəcəkdir. Bu briqadaların 104 həkimi və 37 orta tibb işçisi xarici dil üzrə müvafiq kurs keçmişdir.

 

8/05/2012

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013