Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Azərbaycanda tibb işçilərinin bilik və peşə bacarıqlarının artırılmasına xüsusi diqqət vardır (AzərTAc)

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 4 iyun tarixli Sərəncamına əsasən, hər il iyunun 17-si Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur.

 

AzərTAc xəbər verir ki, bununla əlaqədar səhiyyə naziri Oqtay Şirəliyevin rəhbərliyi ilə tanınmış tibb işçiləri iyunun 16-da Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.

 

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də gül dəstələri düzülmüşdür.

 

Sonra Şəhidlər xiyabanına gələn həkimlər Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, “Əbədi məşəl” abidəsinin önünə əklil qoymuşlar.

 

Respublikamızda son illər baş verən sürətli iqtisadi inkişaf bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına da əsaslı təkan vermişdir. Son illər səhiyyənin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibb texnologiyaların tətbiqi, köklü kadr islahatları və başqa geniş miqyaslı tədbirlər həyata keçirilmişdir. Bu da öz növbəsində səhiyyəmizin dünya standartları üzrə inkişaf etməsinə, onun dünyanın qabaqcıl ölkələrinin səhiyyə sisteminə ardıcıllıqla inteqrasiya edilməsinə zəmin yaratmış və beynəlxalq miqyasda Azərbaycan səhiyyəsinin nüfuzunun nəzərəçarpacaq dərəcədə artmasına səbəb olmuşdur.

 

Azərbaycan səhiyyəsinin 20 il əvvəlki və indiki vəziyyəti müqayisəolunmaz şəkildə dəyişmişdir. Müstəqilliyimizin ilk illərində müharibə şəraitində yaşayan ölkəmiz iqtisadi çətinliklər içində boğulurdu. Xüsusilə səhiyyədə vəziyyət ürəkaçan deyildi. Lazımi tibbi avadanlıqlar, dərman çatışmırdı. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi və nüfuzu sayəsində beynəlxalq qurumlar Azərbaycana kömək etməyə başladılar. Profilaktik tədbirlər sayəsində yoluxucu xəstəliklərin Azərbaycanda yayılmasının qarşısı alındı. Hazırda o dövrlə müqayisədə səhiyyəyə ayrılan büdcə vəsaiti 15 dəfə artırılmışdır. Ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin diqqət və qayğısının nəticəsidir ki, 430-dan artıq yeni tikilmiş və ya əsaslı təmirdən çıxmış tibb müəssisələri müasir avadanlıqlarla təmin olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan ayrılmış vəsait hesabına Bakı Şəhər Təcili və Təxirəsalınmaz tibbi yardım xidmətinin avtoparkı ən müasir avtomobillərlə təchiz olunmuşdur.

 

Azərbaycan səhiyyəsində uğurla aparılan islahatlar, maddi-texniki bazanın təkmilləşdirilməsi, təchizat və kadr hazırlığı ilə bağlı görülmüş işləri hər birimiz öz həyatımızda hiss edirik. Görülən işlər əhalinin dövlət tibb müəssisələrinə olan inamının getdikcə artırır.

 

Prezident İlham Əliyevin səhiyyəyə göstərdiyi xüsusi diqqət bu sahədə xeyli irəliləyişlərə səbəb olmuşdur. Dövlət başçısının müəyyən etdiyi proqramlar tibb müəssisələrinin təmir və bərpasını, onların ən müasir avadanlıqlarla təmin olunmasını, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təchiz olunmasını, müalicəsini, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsini, xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunmasını və səhiyyə sahəsində digər islahatların başlıca istiqamətlərini təşkil edir.

 

Bir sıra dövlət proqramlarının reallaşdırılmasında Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük xidmətləri vardır. Fond diabetli, talassemiyalı xəstələrə qayğısında və onların müalicəsinin təşkilində, qanvermə aksiyalarının keçirilməsində, ana və uşaqların sağlamlığının qorunmasının yaxşılaşdırılmasında bir çox böyük layihələrə imza atmışdır.

Bu gün səhiyyə sahəsində qəbul edilmiş dövlət proqramlarının icrası uğurla davam etdirilməkdədir.

 

Səhiyyəmizin dünya standartları üzrə inkişafının əsas istiqamətlərindən biri tibbi təhsil və kadr islahatıdır. Tibb işçilərimizin bilik və peşə bacarıqlarının artırılmasına Səhiyyə Nazirliyi tərəfindən xüsusi diqqət yetirilir.

 

Bütün dünyada qəbul edilən tibb işçilərinin sertifikasiyanın tətbiqi üzrə iş uğurla başa çatmışdır. Artıq 3035 həkim 38 ixtisas üzrə test imtahanından və ikinci mərhələdə aparılan müsahibədən keçərək sertifikat almışdır. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq respublikanın tibb təhsili sistemində də köklü dəyişikliklər edilmişdir.

 

Eyni zamanda, həmin qanuna uyğun olaraq, respublikada həkimlərin ixtisaslar üzrə hazırlığı dünyanın əksər ölkələrinin tibb təhsil sistemində qəbul olunmuş rezidentura vasitəsilə həyata keçirilir. Hazırda səhiyyənin müxtəlif sahələri üzrə 450-dən artıq gənc həkim və orta tibb işçisi xarici ölkələrin qabaqcıl klinikalarında ixtisasartırma kursları keçirlər.

 

Eyni zamanda, həkimlər üçün şüa diaqnostikası, qastroenterologiya, kardiologiya, nevrologiya və s. ixtisaslar üzrə xaricdən dəvət olunmuş aparıcı mütəxəssislərin iştirakı ilə Bakıda ixtisasartırma kursları təşkil olunmuş və həmin kurslarda 500-dən artıq mütəxəssis öz təcrübi biliklərini artırmışdır.

 

Ölkələr arasında siyasi və iqtisadi münasibətlər inkişaf etdikcə, Azərbaycan səhiyyəsinin də beynəlxalq aləmə inteqrasiyası artır və əlaqələri genişlənir.

 

2011-ci ilin sentyabr ayında Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin 61-ci Sessiyası Bakıda keçirilmiş və Azərbaycan bu qurumun İcraiyyə Komitəsinin üzvü seçilmişdir. Bu, Azərbaycanın bir dövlət kimi beynəlxalq aləmdə nüfuzunun getdikcə artmasının məntiqi nəticəsidir.

16/06/2012

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013