Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Azərbaycanın səhiyyə naziri Maltada Dünya Səhiyyə Təşkilatı Avropa Regional Komitəsinin 62-ci sessiyasında çıxış etmişdir (AzərTAc)

Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev Maltada Dünya Səhiyyə Təşkilatı (DST) Avropa Regional Komitəsinin 62-ci sessiyasında iştirak etmişdir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Danimarka Krallığının şahzadəsi Meri, Maltanın Baş naziri Lorens Qonzi, DST-nin baş direktoru Marqaret Çan, Avropa İttifaqının səhiyyə komissarı Con Dallinin iştirak etdikləri sessiyanı Oqtay Şirəliyev açmışdır.

 

O.Şirəliyev çıxışında DST Avropa Regional Komitənin Bakıda keçirilən 61-ci sessiyasından danışmış, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artdığını və son illər ölkədə səhiyyə və sosial sahədə aparılan genişmiqyaslı islahatların həyata keçirilməsində Prezident İlham Əliyevin dəstəyini qeyd etmişdir

Sonra tədbirə Maltanın səhiyyə naziri Cozef Kassar sədrlik etmişdir. İcraçı sədr və icraçı sədrin müavini vəzifələri müvafiq olaraq İsveç və Bolqarıstana, sessiyanın xüsusi hesabatçısı vəzifəsi isə Azərbaycana həvalə edilmişdir.

 

Azərbaycan tərəfi sessiya çərçivəsində Belarus, Qazaxıstan, Rusiya Federasiyası, Türkiyə, Malta və digər ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə işçi görüşlər keçirmişdir. Görüşlərdə səhiyyə və tibb elmi sahəsində ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin vəziyyəti və gələcək perspektivlər müzakirə edilmişdir.

 

Azərbaycan nümayəndə heyətinin rəhbəri DST-nin baş direktoru Marqaret Çan ilə görüş keçirmişdir. Görüşdə Marqaret Çan Azərbaycanda ölkə rəhbərliyinin səhiyyə və sosial sferaya verdiyi diqqət və qayğını, habelə Azərbaycana səfəri ilə xoş təəssüratlarını bir daha qeyd etmişdir.

 

DST-nin Avropa Regional Komitəsinin direktoru Jujanna Yakab ilə işçi görüşdə isə 2012-ci ilin noyabr ayında Azərbaycanda ətraf mühit və səhiyyənin inkişafı problemlərinə həsr edilmiş nazirlər forumunun işinin gedişi haqqında müzakirələr aparılmışdır.

 

DST Avropa Regional Komitəsinin növbəti 63-cü sessiyasının 2013-cü ilin sentyabrında Portuqaliyanın Lissabon şəhərində keçirilməsi qərara alınmışdır.

 

19/09/2012

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013