Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Azərbaycanın baş pediatrı valideynlərin mantu sınağı ilə bağlı narahatlığına aydınlıq gətirib (Trend)

Məktəblərdə mantu sınağının aparılması üçün hər cür şərait var, buna görə də məktəblərdə mantu sınağı vurula bilər. Bunu cümə axşamı Trend-ə Azərbaycan Səhiyyə Nazirliyinin baş pediatrı, Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev oktyabrın 17-də Bakı şəhəri Xətai rayonunun 245 saylı orta məktəbində mantu sınağı vurulmuş 4 şagirdin vəziyyətinin pisləşməsindən sonra övladlarına mantu sınağı vurulmalı olan valideynlərdə yaranan narahatlığa münasibət bildirərkən deyib.

 

Mantu sınağı ilə bağlı valideynlər arasında yaranmış narahatlığı əsassız sayan baş pediatr bildirib ki, Bakının 245 saylı məktəbinin 4 şagirdi mantu sınağı vurulduqdan sonra vəziyyətinin pisləşdiyini bildirsə də, əslində, mantu sınağından sonra reaksiya sürətli deyil, yavaş baş verir. Ona görə də preparat dəri içinə yeridildikdən 5-10 dəqiqə sonra orqanizmdə heç nə törədə bilməz.

 

Dünən şəxsən həmin uşaqları müayinə etdiyini deyən Quliyev preparatın təsirindən şagirdlərin orqanizmində heç bir dəyişikliyin yaranmadığını söyləyib.

 

"Həmin 4 şagirdin 3-ü qız olub, onlar da ac olublar. Dördüncü dərs saatından sonra bu sınaq qoyulduğundan onlarda başgicəllənmə, ürək bulanma olub. Həmin şagirdlər həm də stress vəziyyətində olublar. Digər oğlan şagirdi isə isterik nevroz diaqnozu ilə iki ildən çoxdur ki, nevropatoloqun qeydiyyatındadır. Yazda isə isteriyaya görə stasionar müalicə olunub. İynə vurulandan sonra onda isterik oyanma baş verib, təzyiqi yüksəlib", - baş pediatr əlavə edib.

 

Quliyev deyib ki, Bakıda 678 min uşaq səhiyyə müəssisələrində qeydiyyatdadır. Bu il ərzində paytaxtda 211 644 nəfərə mantu sınağı qoyulub. Onların heç birində ağır fəsad müşahidə olunmayıb. Həmin uşaqların yalnız 2114 nəfərində vərəmə şübhə aşkar olunub.

 

İnstitut direktoru deyib ki, mantu sınağının əks göstəriciləri səpkili dəri, kəskin və xronik infeksion xəstəliklər, allergik hallar, epilepsiya xəstəliyidir. Uşaq yoluxucu xəstəlik keçirdikdə belə, karantin müddətində ona bu sınağı qoymaq olmaz.

 

"Kim fikirləşirsə ki, bu gündən sonra peyvənddə və ya mantu sınağında heç bir problem olmayacaq, o adam səhv edir. Biz birdəfəlik anlamalıyıq ki, təmiz su içən insan da öskürə bilər. Uşaqda isə emosinal vəziyyət stabil olmur, ona görə də cürbəcür hallar yarana bilər", - Quliyev əlavə edib.

 

Azərbaycanda mantu sınağından imtina edilib-edilməməsi zərurətinə gəldikdə, baş pediatr deyib ki, bu sınağın aparılması vacibdir. Çünki bütün dünyada vərəm sınağının bir forması var ki, o da mantu sınağıdır. Qolun biləyə yaxın hissəsində dəri altına yeridilən mantu sınağı nəticəsində dəyişikliklərin törədildiyini müəyyənləşdirmək üçün 72 saatdan sonra ona yenidən nəzarət baxışı keçirilir. Bu dəyişikliklər sağlam və xəstə uşaqlarda fərqli formalarda olur. Bunun köməyi ilə də uşaqların vərəmə yoluxub-yoluxmadığı, vərəmə qarşı immunitetin olub-olmadığı müəyyən edilir.

18/10/2012

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013