Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Dekabrda Azərbaycanda “Sağlam həyat uğrunda” profilaktik tədbirlər aylığı keçiriləcək (APA)

“Bizim ən böyük bəlamız odur ki, ayaq üstə duranda hər şeyin yaxşı olduğunu düşünürük. Lakin heç bir xəstəliyi olmayan insanlar da profilaktik məqsədlə həkimə müraciət etməlidirlər”. APA-nın xəbərinə görə, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, dekabrın 1-dən 31-dək Azərbaycanda “Sağlam həyat uğrunda” devizi altında profilaktik tədbirlər aylığı keçiriləcək. Nazir müavini əhalini bu aylıqda aktiv iştirak etməyə səsləyib. E.Ağayevin sözlərinə görə, hər bir insan müayinələrdən keçməklə ilk növbədə öz sağlamlıqlarına əmin ola bilərlər: “Daha sonra isə belə müayinələr nəticəsində hər hansı xəstəliyi erkən mərhələdə aşkarlamaq olar. Bu da onun daha tez müalicə edilməsinə imkan verir”.

 

Nazir müavini əlavə edib ki, insanları sağlam həyat tərzinə cəlb etmək məqsədilə keçirilən aylıq ölkənin bütün regionlarında təşkil olunacaq: “Müayinə olunmaq istəyənlər Bakıda müalicə-profilaktika müəssisələrinə, xüsusilə ambulator müəssisələrə, poliklinikalara, regionlarda isə mərkəzi xəstəxanaların poliklinika şöbələrinə müraciət etməlidirlər. Səhiyyə Nazirliyinin Elmi Tədqiqat İnstitutlarının rəhbərlik etdiyi briqadalar regionlarda əhalinin profilaktik məqsədlə müayinə edilməsində iştirak edəcək. Aylığın məqsədi və bunun üçün müayinələr aparmaqdır”.

27/11/2012

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013