Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Azərbaycada qan donorlarının sayı 2 dəfədən çox artıb (Trend)

Son 5 il ərzində "Qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Dövlət Proqramı"nın icrası nəticəsində Azərbaycada qan donorlarının sayı 2 dəfədən çox artıb. Trend-in məlumatına görə, bunu Azərbaycanın səhiyyə nazirinin müavini Elsevər Ağayev Bakıda cümə axşamı öz işinə başlayan və iki gün davam edəcək İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin qan xidməti rəhbərlərinin III müşavirəsində çıxış edərkən deyib.

 

Onun sözlərinə görə, qeyd edilən proqram çərçivəsində ölkədəki qan xidməti tibbi avadanlıq, qan torbaları və qan yoxlamaq üçün reaktivlərlə dövlət tərəfindən tam təmin edilib. Dövlət Proqramı çərçivəsində qan komponentlərinin miqdarı, keyfiyyəti və təhlükəsizliyi xeyli yüksəlib. Könüllü donorların sayının əhəmiyyətli dərəcədə artması pullu donoluqdan tam imtina edilməsinə də imkan yaradıb.

 

Səhiyyə Nazirliyinin B.Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Sultan Əliyev deyib ki, qan xidməti tibb müəssisələrini qan və qan komponentləri ilə təmin edən səhiyyə sahəsidir. Qan xidmətinin dinamik inkişafı olmadan cərrahiyyə, reanimasiya, doğuşayardım, hematologiya, onkologiya, travmatologiya və digər sahələrdə ixtisaslaşmış tibbi yardımın uğurla həyata keçirilməsi mümkün deyil.

 

İnstitut direktoru bildirib ki, qan xidmətinin əhəmiyyəti fövqəladə vəziyyətlərdə kütləvi sürətdə yaralı və zərərçəkənlərin olduğu zaman xüsusilə artır. Müasir, yüksək müalicəvi texnologiyaların səhiyyəyə təsiri nəticəsində qan və qan komponentlərinə olan ehtiyac daha da artacaq.

 

Qeyd edək ki, İTƏ-in üz ölkələri qan xidməti rəhbərlərinin 1-ci müşavirəsi İranın paytaxtı Tehran şəhərində, 2-ci müşavirə isə Türkiyənin paytaxtı Ankara şəhərində keçirilib. 2013-cü ildə İƏT-ə sədrlik Azərbaycana keçib və bu çərçivədə 3-cü müşavirə Bakıda təşkil olunub.

15/02/2013

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013