Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Azərbaycanda həkimlərin işə qəbulunun yeni qaydaları açıqlanıb (APA)

Azərbaycan səhiyyə müəssisələrinə həkimlərin müsabiqə yolu ilə mərkəzləşdirilmiş qaydada işə qəbulu qaydaları açıqlanıb.

 

Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, yeni qaydalara əsasən, tibb müəssisələrində həkim ixtisası üzrə nəzərdə tutulmuş vəzifələrə şəxslər müsabiqə əsasında qəbul edilirlər. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Bu qaydalar səhiyyə müəssisələrinin rəhbərləri və onların müavinlərinə, həmçinin müəssisələrin struktur bölmələrinin rəhbərlərinə şamil edilmir. Vakant vəzifələrə işə qəbul üçün müsabiqə barədə məlumat nazirliyin rəsmi internet səhifəsində yerləşdirilir. Müsabiqədə iştirak üçün namizəd Səhiyyə Nazirliyinə şəxsən və ya rəsmi internet səhifəsində müvafiq elektron xidmət bölməsinə daxil olaraq elektron ərizənin doldurulması və müvafiq sənədlərin surətinin daxil edilməsi yolu ilə müraciət edir. Sənədlərin qəbulu Səhiyyə Nazirliyinin Kadrlar, elm və təhsil şöbəsi tərəfindən yalnız müsabiqə haqqında elanda göstərilən müddət ərzində aparılır.

 

Test imtahanında həkimlərin biliyi 50 sual verməklə yoxlanılacaq ki, bunların da 40-ı ixtisas üzrə, 10-u isə səhiyyə qanunvericiliyinin əsaslan üzrə olacaq. Test imtahanı iki saat müddətində keçirilir və hər düzgün cavab bir balla qiymətləndirilir (cəmi 50 mümkün bal). Test imtahanının yekununa görə 30 və ya daha çox bal toplamış namizəd müsahibəyə buraxılır. Müsahibə zamanı namizədə onun Azərbaycan Respublikasının Konstitusiyası, Səhiyyə qanunvericiliyinin əsasları və ixtisası sahəsində biliyinin və bacarıqlarının müəyyən edilməsi, ümumi dünyagörüşünün və kompüter biliklərinin qiymətləndirilməsi üçün hər namizədə beş sual verilir və 30 dəqiqə müddətdə aparılır. Müsahibənin nəticəsinə görə ən çox 25 bal toplamaq mümkündür, ən azı 16 bal toplamış namizəd müsahibə mərhələsini müvəffəqiyyətlə keçmiş hesab olunur. Müsabiqənin nəticəsi üzrə namizədə müvafiq səhiyyə müəssisəsində işə qəbul olunmaq üçün göndəriş verilir və həmin səhiyyə müəssisəsi bu barədə məlumatlandırılır. Namizəd göndərişi aldıqdan sonra 3 iş günü müddətində Əmək müqaviləsinin bağlanması üçün səhiyyə müəssisəsinə müraciət etməlidir. Səhiyyə müəssisəsinin rəhbəri 1 iş günü ərzində həmin namizədlə Əmək müqaviləsinin bağlanmasını və işə qəbulun rəsmiləşdirilməsini təmin edərək bu barədə Səhiyyə Nazirliyinə məlumat verməlidir.

18/02/2013

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013