Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Azərbaycan səhiyyəsi: uğurlar və perspektiv vəzifələr (AzərTAc)

Ölkəmizdə baş verən sürətli iqtisadi inkişaf bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına da əsaslı təkan vermişdir. Tam inamla demək olar ki, son illərdə dünya standartlarına uyğun inkişaf yolu tutmuş Azərbaycan səhiyyəsinin nüfuzu nəzərəçarpacaq dərəcədə artmışdır.

 

Azərbaycan səhiyyəsinin 20 il əvvəlki və indiki vəziyyətinin müqayisəolunmaz şəkildə dəyişdiyini kimsə inkar edə bilməz. Məlumdur ki, müstəqilliyimizin ilk illərində müharibə şəraitində yaşayan ölkəmiz iqtisadi çətinliklər içində boğulurdu. Xüsusilə səhiyyədə vəziyyət ürəkaçan deyildi. Lazımi tibbi avadanlıqlar, dərman çatışmırdı. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi və nüfuzu sayəsində beynəlxalq qurumlar Azərbaycana kömək etməyə başladılar. Ardıcıl surətdə həyata keçirilən profilaktik tədbirlər sayəsində Azərbaycanda yoluxucu xəstəliklərin yayılmasının qarşısı alındı.

 

Ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin diqqət və qayğısının nəticəsində Azərbaycanın səhiyyə sistemində aparılan uğurlu islahatların, tibb müəssisələrinin maddi-texniki bazanın təkmilləşdirilməsinin, təchizat və kadr hazırlığı ilə bağlı görülmüş işlərin bəhrəsini bu gün hər birimiz öz həyatımızda hiss edirik. Görülən işlər əhalinin dövlət tibb müəssisələrinə inamını getdikcə artırır.

 

Dövlətimizin başçısının səhiyyə sahəsində müəyyən etdiyi proqramlar tibb müəssisələrinin təmir və bərpasının, onların ən müasir avadanlıqlarla təchiz olunmasının, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təminatını və müalicəsinin, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsinin, xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunmasının başlıca istiqamətlərini təşkil edir.

 

Bir sıra dövlət proqramlarının reallaşdırılmasında Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri vardır. Fond diabetli, talassemiyalı xəstələrə qayğısında və onların müalicəsinin təşkilində, qanvermə aksiyalarının keçirilməsində, ana və uşaqların sağlamlığının qorunması işinin yaxşılaşdırılmasında bir çox böyük layihələrə imza atmışdır.

 

Bu gün ölkədə səhiyyənin prioritet sahələri üzrə qəbul olunmuş 11 proqramın icrası uğurla davam etdirilir. Ümumilikdə proqramların icrasına 387,7 milyon manat vəsait sərf olunmuşdur.

 

Azərbaycan Prezidenti İlham Əliyevin sonsuz qayğısı və diqqətinin məntiqi nəticəsi olaraq iqtisadiyyatın inkişafı səhiyyədə də görülən işlərin daha böyük vüsətlə davam etdirilməsinə imkan yaratmışdır. Ölkənin dinamik iqtisadi inkişafı demoqrafik və tibbi statistik göstəricilərinin yaxşılaşmasına səbəb olmuşdur. Son 10 il ərzində ölüm göstəricisi azalmış, doğum və bununla bərabər təbii artım göstəricisi yüksəlmişdir. Bu göstəricilərə görə Azərbaycan Avropa ölkələri sırasında öndə gedir.

 

Azərbaycanda səhiyyə sisteminə dövlət büdcəsindən ayrılan vəsaitin həcmi 2003-cü illə müqayisədə 11 dəfə artırılmışdır. Məhz bu artım əsasında 500-dək tibb müəssisəsi yaradılaraq və ya yeniləşərək əhalinin istifadəsinə verilmişdir. Bu müəssisələrin əksəriyyətinin açılış mərasimlərində ənənəvi olaraq Azərbaycan Respublikasının Prezidenti şəxsən iştirak etmiş və öz xeyr-duasını vermişdir.

Bundan əlavə, stasionar tibb müəssisələrində müalicə olunan xəstələrin ərzaq və dərman preparatları ilə təchizatı daha da yaxşılaşdırılmış, istifadə olunan ən vacib dərman preparatlarının və tibbi ləvazimatların çeşidi 60-dan 166-ya çatdırılmışdır. Xəstəxana çarpayılarının işinin səmərəsi əhəmiyyətli dərəcədə artaraq, onların məşğulluq göstəricisi son 10 ildə 3 dəfə yüksəlmiş və ambulator-poliklinika müəssisələrinə müraciətlər də 65 faiz çoxalmışdır.

 

Azərbaycan Respublikası Prezidentinin tövsiyələrini rəhbər tutan Səhiyyə Nazirliyi tərəfindən “Sağlam həyat uğrunda” devizi altında 2012-ci ilin dekabr ayında həyata keçirilən “Sağlamlıq ayı” xəstəliklərin profilaktikası istiqamətdə atılan uğurlu addımlardandır. Elmi-tədqiqat institutlarının, aparıcı tibb müəssisələrinin mütəxəssislərindən ibarət briqadalar yaradılaraq bu genişmiqyaslı aksiyaya cəlb olunmuşlar. Profilaktik müayinələri aparan tibb müəssisələri əlavə olaraq lazımi avadanlıq və reaktivlərlə təmin olunmuşlar. Respublikanın bütün şəhər və rayonları bu müayinələrlə əhatə olunmuşdur. “Sağlamlıq ayı” ərzində 3 milyona yaxın müayinə aparılmışdır. Aşkar olunan xəstələr müvafiq müalicəyə cəlb olunmuşlar. Belə aksiyaların gələcəkdə də keçirilməsi nəzərdə tutulur.

Əsaslı təmir və yenidənqurma işlərindən sonra M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində açıq ürək əməliyyatlarının icrasına başlanılmışdır. Mərkəzdə böyüklər və uşaqlar üzərində 700-ə yaxın əməliyyat keçirilmişdir. M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasında isə böyrəkköçürmə əməliyyatlarına başlanılmışdır.

 

Xroniki böyrək çatışmazlığı olan xəstələrin müalicəsi məqsədilə hər il respublikanın bölgələrində yeni dializ mərkəzləri açılır. Hazırda respublikamızda 27 mərkəzdə 2000-dən artıq xəstə hemodializ seansları alır və müvafiq dərman vasitələri ilə tam həcmdə təmin olunur.

 

Ana və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması sahəsində mühüm tədbirlər həyata keçirilmişdir. Əgər respublikada körpə ölümü göstəricisi 2003-cü ildəki 16,7 promilli idisə, artıq bu rəqəm 10,8-ə bərabər olmuşdur. Ana ölümü əmsalı 2003-cü illə müqayisədə 18,5-dən promillidən 14,9-a enmişdir.

 

Hazırda respublika üzrə 500-dən artıq özəl tibb müəssisəsi və kabineti, eləcə də 2 minə yaxın əczaçılıq müəssisəsi fəaliyyət göstərir. Səhiyyə Nazirliyi bu müəssisələrdə əhaliyə tibbi xidmətin göstərilməsi üçün yaradılan şəraitə və bu xidmətin keyfiyyətinə daimi diqqət yetirir.

 

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, respublikada həkimlərin ixtisaslar üzrə hazırlığı dünyanın əksər ölkələrinin tibb təhsil sistemində qəbul olunmuş rezidentura vasitəsilə həyata keçirilir. Qəbul planına uyğun olaraq ötən il 500 həkim Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sınaq imtahanlarından keçərək müxtəlif ixtisaslar üzrə rezidenturaya qəbul olunmuşlar. Bununla yanaşı, 2009-2012-ci illər ərzində səhiyyənin müxtəlif sahələri üzrə 451 həkim və orta tibb işçisi xarici ölkələrin qabaqcıl klinikalarında 3-6 aylıq ixtisasartırma kursları keçmişdir.

 

Eyni zamanda, həkimlər üçün müxtəlif ixtisaslar üzrə xaricdən dəvət olunmuş aparıcı mütəxəssislərin iştirakı ilə Bakıda ixtisasartırma kursları təşkil olunmuş və həmin kurslarda indiyədək 1363 mütəxəssis öz təcrübi biliklərini artırmışdır.

 

Tibb işçilərinin əməyinin stimullaşdırılması vacib faktorlardan biridir. Respublika rəhbərliyinin diqqət və qayğısı nəticəsində son illər ərzində mütəmadi olaraq onların əmək haqları artırılır. 2003-cü ildən etibarən tibb işçilərinin maaşlarının artırılması barədə 12 müvafiq qərar qəbul olunmuşdur.

 

Müasir informasiya texnologiyalarının səhiyyə sisteminə tətbiq edilməsi sahəsində də əhəmiyyətli işlər görülmüşdür. “Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində “Vətəndaşların elektron sağlamlıq kartı” sistemi fəaliyyətə başlamışdır. Hazırda müxtəlif xəstəliklər üzrə 10-a yaxın registr, kadrların vahid registri, yoluxucu xəstəliklərin elektron müşahidə sistemi, dərman maddələrinin dövriyyəsi, təcili tibbi yardım stansiyasının dispetçer xidməti və s. sahələrdə elektron proqramlar istifadə olunur. Səhiyyə sahəsində elektron xidmətlərinin genişləndirilməsi istiqamətində də işlər aparılır. Səhiyyə Nazirliyi tərəfindən 38 elektron xidmətin göstərilməsi nəzərdə tutulmuşdur. Hazırda nazirliyin rəsmi internet saytında “Elektron xidmətlər” bölməsi yaradılmışdır və artıq 11 elektron xidmət fəaliyyət göstərir.

 

Səhiyyəmizin beynəlxalq aləmdə də nüfuzu yüksəlmişdir. Bu gün Səhiyyə Nazirliyi müxtəlif səviyyəli saziş və protokollar əsasında 40-a yaxın ölkə ilə səhiyyə sahəsində məhsuldar əməkdaşlıq edir.

Bütün bunlar Azərbaycanda səhiyyə sahəsində qazanılan uğurların yalnız bir qismidir. Elə bu günlərdə İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin qanköçürmə müəssisələrinin 3-cü iclasının Bakıda keçirilməsi də Azərbaycanın getdikcə artan nüfuzunun bariz göstəricisidir. İclasda B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Soltan Əliyev özünün əcnəbi həmkarlarına bəyan etmişdir ki, Azərbaycanda qan tədarükündə heç bir problem yoxdur və kifayət qədər qan ehtiyatı vardır. Hazırda ölkəmiz pullu donorluqdan könüllü donorluğa keçmişdir.

Uğurlarla yanaşı, ölkəmizdə səhiyyə sahəsində hələ görüləsi işlər çoxdur. Elə buna görə Azərbaycan Prezidentinin Fərmanı ilə təsdiq edilmiş Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında səhiyyə sahəsində qarşıda duran başlıca vəzifələrə xüsusi diqqət ayrılmışdır.

 

Konsepsiyanın müvafiq bölümündə səhiyyəyə ayrılan vəsaitin ümumi daxili məhsulda payının dinamik şəkildə artırılması, həmin vəsaitin səmərəli və məqsədyönlü istifadəsini təmin edən mexanizmlər yaradılması nəzərdə tutulur. Səhiyyə sisteminin islahatları nəticəsində əsasən stasionar yardıma istiqamətləndirilmiş təbabətdən ilkin tibbi-sanitariya yardımının üstünlük təşkil etdiyi təbabətə keçilməsi reallaşdırılacaq, ailə həkimi praktikasının genişləndirilməsinə müvafiq şərait yaradılacaqdır. Eyni zamanda, ambulator-poliklinika xidmətinin təkmilləşdirilməsi üçün fəal və məqsədyönlü iş aparılacaqdır.

Bundan əlavə, yoluxucu xəstəliklərin profilaktikası məqsədilə müvafiq tədbirləri nəzərdə tutan 2015–2020-ci illər üçün sanitariya-epidemioloji xidmətin İnkişaf Proqramı hazırlanacaqdır. Bununla yanaşı, qeyri-infeksion xəstəliklərə (tütünçəkmə, piylənmə, fiziki fəallığın olmaması, spirtli içkilərdən sui-istifadə və s.) qarşı mübarizəyə dair 2013–2020-ci illəri əhatə edən xüsusi strategiya qəbul ediləcəkdir.

Eyni zamanda, ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2013–2020-ci illəri əhatə edən Dövlət Proqramı qəbul ediləcək, uşaq və yeniyetmələr arasında profilaktik müayinələr və dispanserləşdirmə aparılması işi gücləndiriləcəkdir. Yoluxucu xəstəliklərə qarşı mübarizənin gücləndirilməsi məqsədilə uşaqlar arasında immunoprofilaktika işlərinin aparılması üçün müvafiq tədbirlər həyata keçiriləcəkdir. Uşaqlıq dövrünə xas olan əlilliyin erkən profilaktikası və müalicəsi üzrə Milli Fəaliyyət Planı (2014–2020-ci illər) hazırlanacaq, uşaqlara göstərilən stasionar xidmətin daha da yaxşılaşdırılması ilə bağlı uşaq tibb müəssisələri profilləşdiriləcəkdir.

 

Bunlarla bərabər, əsas həyati vacib dərman preparatlarının bütün əhali qrupları üçün fiziki və iqtisadi cəhətdən əlçatan olmasının, həmçinin dərman preparatlarının keyfiyyəti, səmərəliliyi və təhlükəsizliyinin təmin edilməsi məqsədilə onların vahid qeydiyyat sisteminin yaradılması üçün zəruri tədbirlər görüləcəkdir. Dərman bazarına lisenziyalaşmamış və aşağı keyfiyyətli dərman preparatlarının daxil olmasının qarşısının alınması istiqamətində əməli addımlar atılacaqdır.

 

Kənd yerlərində işləyən həkim və orta tibb işçiləri üçün uyğun həyat şəraitinin yaradılması üzrə müvafiq işlər görüləcək və təşviqləndirici maddi təminat mexanizmləri müəyyənləşdiriləcəkdir.

Bunlar dövlətimizin başçısı tərəfindən əhalinin sağlamlığının daha etibarlı qorunması naminə müəyyən etdiyi vəzifələrdir. Şübhə yoxdur ki, Azərbaycanın dinamik iqtisadi inkişafı səhiyyə işçilərinə bu vəzifələrin öhdəsindən layiqincə gəlməyə imkan yaradacaqdır.

18/02/2013

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013