Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Həkimlər testlə seçiləcək (New Baku Post)

Azərbaycan səhiyyə müəssisələrinə həkimlərin müsabiqə yolu ilə mərkəzləşdirilmiş qaydada işə qəbulu qaydaları açıqlanıb. Yeni qaydalara əsasən, tibb müəssisələrində həkim ixtisası üzrə nəzərdə tutulmuş vəzifələrə şəxslər müsabiqə əsasında qəbul edilir. Qaydalar səhiyyə müəssisələrinin rəhbərlərinə və onların müavinlərinə, həmçinin müəssisələrin struktur bölmələrinin rəhbərlərinə şamil edilmir. Səhiyyə nazirinin müavini Elsevər Ağayevin “New Baku Post”a eksklüziv açıqlaması:

 

– Həkimlərin işə qəbulu necə aparılacaq?

 

– Həkimlərin işə qəbulu ilə bağlı vahid mexanizm artıq Ədliyyə Nazirliyi tərəfindən təsdiqlənib. Fevralın 18-dən başlayaraq vakansiyalar da Səhiyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilir. Müsabiqədə iştirak üçün namizəd Səhiyyə Nazirliyinə şəxsən və ya rəsmi internet səhifəsində müvafiq elektron xidmət bölməsinə daxil olaraq elektron ərizənin doldurulması və müvafiq sənədlərin surətinin daxil edilməsi yolu ilə müraciət edə bilər. Biliyin yoxlanılması testlə aparılır. Həkimlərin biliyi 50 sualla yoxlanılacaq. Sualların 40-ı ixtisas, 10-u isə səhiyyə qanunvericiliyinin əsasları üzrə olacaq. Test imtahanı iki saat müddətində keçirilir və hər düzgün cavab bir balla qiymətləndirilir. Test imtahanında 30 və ya daha çox bal toplayan namizəd müsahibəyə buraxılır. Müsahibədə Azərbaycan Respublikasının Konstitusiyası, Səhiyyə qanunvericiliyinin əsasları və ixtisas sahəsində biliyin və bacarıqların müəyyən edilməsi, ümumi dünyagörüşün və kompüter biliklərinin qiymətləndirilməsi üçün hər namizədə 5 sual və 30 dəqiqə vaxt verilir. Müsahibədə ən çox 25 bal toplamaq mümkündür, ən azı 16 bal toplayan namizəd bu mərhələni müvəffəqiyyətlə keçmiş hesab olunur. Müsabiqənin nəticəsinə görə namizədə müvafiq səhiyyə müəssisəsində işə qəbul olunmaq üçün göndəriş verilir və həmin səhiyyə müəssisəsi bu barədə məlumatlandırılır. Namizəd göndərişi aldıqdan sonra 3 iş günü müddətində əmək müqaviləsinin bağlanması üçün səhiyyə müəssisəsinə müraciət edə bilər.

 

– Azərbaycanda nə qədər həkimə ehtiyac var?

 

– Azərbaycanda əhalinin ümumi sayına görə həkimlərin sayı az deyil. Şəhərlərdə və rayon mərkəzlərində vakansiyalar demək olar ki, tam tutulmuş vəziyyətdədir. Amma etiraf edək ki, ucqar yerlərdə kadrlara ehtiyac var. Həkimlərin ucqar yerlərə işə cəlb olunması üçün maraqlandırıcı tədbirlər olmalıdır. Prezident Administrasiyasının müvafiq şöbələrində bu istiqamətdə iş aparılır. Stimullaşdırıcı tədbirlərin olması gözlənilir. Vaxtı ilə Səhiyyə Nazirliyi tərəfindən 5 illik proqram qəbul olunmuşdu. Ucqar bölgələrə işləməyə gedən həkimlərə birdəfəlik müavinətlər verilirdi. İndi isə daha təkmil variantlar üzərində işlənilir.

 

– Bir çox halda insanlar müalicə üçün xaricə üz tutur. Sizcə, niyə?

 

– Deməzdim son vaxtlar əhalinin sağlamlıq baxımından, tibbi xidmətlə bağlı xaricə üz tutması artıb. Əksinə, maddi-texniki baza artdıqca, həkimlərin kadr hazırlığı yüksəldikcə bu cür hallar azalır. Əvvəllər daha çox idi. Bu gün Azərbaycanda həyata keçirilə bilməyən əməliyyat demək olar ki, qalmayıb. Bu yaxınlarda sümük iliyinin transplantasiyası da həyata keçiriləcək. Əvvəllər də olmuşdu, amma indi daha təkmil şəkildə olacaq. Orqan nəqli həyata keçirilir. Böyrək, qaraciyər köçürülür. Ürək əməliyyatları uğurla reallaşır. Harda müalicə olunmaq insanların şəxsi işidir, amma Azərbaycanda bu gün deyilən məsələlərin həllinin tapılması üçün imkan var.

 

– Dərmanların satışında vahid qiymət nəyi nəzərdə tutur?

 

– Cənab Prezident tərəfindən artıq Nazirlər Kabinetinə tapşırıq verilib ki, 2 ay müddətinə dərmanların vahid qiyməti və ekspertizasının tarifləri ilə əlaqədər təkliflər hazırlansın. Səhiyyə Nazirliyi əvvəldən də İqtisadi İnkişaf Nazirliyi ilə birgə bu sahədə iş aparırdı. Vahid qiymət dedikdə nədən söhbət gedir? Yəni eyni istehsalçının preparatları üçün ölkədə vahid qiymət təsdiq olunur və mərkəzdən, ucqar yerdən asılı olmayaraq bütün aptek şəbəkələrində eyni qiymətə satılır. Dərmanın qiyməti də qutunun üstündə ölkəsindən asılı olaraq göstərilir. Bu barkod kodlaşdırılmış şəkildə olur və yaxud da qiymət yazılır. Hələ formadan danışmaq tezdir. Bu gələcəyin işidir. Çox güman ki, bu kimi məsələlər də Tarif Şurasına həvalə olunacaq. Təbii ki, Tarif Şurasında Səhiyyə Nazirliyi də təmsil olunur.

 

– Vahid qiymət necə təyin olunacaq?

 

– Adətən istinad ölkələri seçilir. Dünyanın aparıcı ölkələrinin, Avropa ölkələrinin təcrübəsinə görə dərmanların vahid qiymətinin müəyyənləşdirilməsi üçün 3-dən 5-ə qədər istinad ölkəsi seçilir. Və bu istinad ölkələrindəki dərmanların qiyməti analiz olunaraq Azərbaycan üçün eyni istehsalçının dərman preparatlarına qiymət qoyulur. Orda pərakəndə aptek və topdansatış aptek şəbəkəsinin də bəlli faizləri olur. Yəni dərmanın qiymətindən asılı olaraq faiz müəyyənləşdirilir. Bu çox da rahat və asan proses deyil. Çətin prosesdir. Ancaq biz buna getməliyik. Çünki Azərbaycan bütün istiqamətlərdə dünya təcrübəsini tətbiq edən ölkə kimi bu təcrübəni də keçməlidir. Onu da deyək ki, Azərbaycanı əhatə edən və bizim bazara dərmanları daxil olan ölkələrin bir qismində hələ də dərmanlara vahid qiymət mexanizmi tətbiq olunmayıb. Biz öz nümunəmizi Avropadan, dünyaya inteqrasiya etmiş ölkələrindən götürəcəyik. Bu addım Azərbaycanda atılacaq.

20/02/2013

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013