Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

“Tibb dünyası” verilişi yeni rubrikalarla tamaşaçıların qarşısına çıxmaq niyyətindədir (Medportal.az)

Bakı Dövlət Universitetinin məzunu olan Xalidə Babayeva filologiya elmləri üzrə fəlsəfə doktorudur. Həmçinin, “Gənəfilm” Kino Yaradıcılığının inkişafına Təkan İctimai Birliyinin direktorudur. Artıq 14 ildir ki, mediada olan Xalidə xanım ilk iş fəaliyyətinə Azərbaycan-Türk Agentliyində başlayıb. Ordan isə birbaşa İnternyus-Azərbaycanda fəaliyyətini davam etdirib. Burda işlədiyi müddətdə bir çox telekanallarda yayımlanan tanınmış proyektlərdə çalışıb. Zaqafqaziya ölkələrinində yayımlanan beynəlxalq layihə olan “Keçid dövrü”, eyni zamanda, “Xəbər+”, “Mən Azərbaycan vətəndaşıyam” və digər proqramlarda reportajlar hazırlayıb.

 

“Ümumilikdə indiyədək minlərlə məqalə və televiziya materialları hazırlamışam. Onu da etiraf edim ki, əslinə qalsa elmi məqalə və sənədli film hazırlamağı daha çox sevirəm. 14 elmi məqalə, 1 kitab müəllifiyəm. 12 sənədli film hazırlamışam. Və həmin filmlərdən 5-i müsabiqə və festivallarda qalib olub. 2007-ci ildən isə Səhiyyə Nazirliyində çalışıram” – deyən müsahibimiz 6 ildir ki, ixtisaslaşmış jurnalistika ilə - tibbi jurnalistika ilə məşğuldur.

 

-Necə oldu ki, siz tibbi jurnalistika ilə maraqlandınız və tibb verilişi hazırlamaq qərarına gəldiniz?

 

-Bir qədər təsadüf oldu desəm yalan olmaz. Jurnalistlər üçün bir müsabiqə elan olunmuşdu. HİV- AİDS-lə mübarizə mövzusunda. Mən də həmin müsabiqəyə “Mən də sizlərdənəm” adlı bir məqalə verdim və yer qazandım. Bir neçə gün sonra mənə bir zəng gəldi- Səhiyyə Nazirliyinin mətbu orqanı olan “Tibb qəzeti”ndən. Mənim məqaləmə baxıb bəyənmişlər və həm həmin məqaləni qəzetdə dərc etmək istəyir, həm də mənimlə əməkdaşlıq etmək istəyirdilər…Və yavaş-yavaş mən bu qəzetin komandasına daxil oldum. Cəmi bir neçə ay sonra Səhiyyə Naziri Oqtay Şirəliyevlə görüşə çağırdılar məni. Nazirlik tərəfindən sağlamlıq televiziya verilişi hazırlamaq planlaşdırılırdı. Mənim daha əvvəldən televiziya təcrübəm olduğunu bilərək televiziya layihəsinə rəhbərlik etməyimi istədilər. Maraqlı bir layihəydi və məni cəlb etdi. Bu cazibə məni 5 ilə yaxındır ki, “Tibb dünyası” verilişinə bağlayır. Əslində 5 il az müddət deyil. Hətta bəzən yolda, mağazada (yəqin ki efirdən görüb tanıyırlar) mənə “doktor” deyə müraciət edirlər. Hətta bəzən studiyaya qonaq gələnlər də əsil peşəmin həkimlik olduğunu düşünürlər. Mən jurnalistika sahəsini-peşəmi çox sevirəm, amma doktor deyə muraciət də xoşuma gəlmir deyə bilmərəm. Hətta tanış-bilişlərin mütəlif xəstəlik, dərman preparatlarının qəbulu və digər məsələrlə bağlı suallarını demirəm. Demək ki, həqiqətən də tibb sahəsində ixtisaslaşa bilmişəm.

 

-Bu gün Azərbaycanda tibb verilişlərinin sayı kifayət qədərdir. Sizin proqram nəylə fərqlənir ?

 

-Əslində mənim bütün kanal və proqamlara, çəkilən zəhmətlərə hörmətim var. Amma bir şeyi təəssüflə qeyd etmək istərdim ki, bu tipli proqramların əksəriyyəti reklam xarakterli olduğuna görə reklam olunan klinikaların həkimləri çərçivəsindən kənara çıxa bilmir, hətta bəzən fəaliyyəti çox da qənaətbəxş olmayan klinikalar və onların həkimləri yanıltıcı informasiyalar verir, aldadıcı vədlər verir və sairə. Bizim proqramda belə bir halın baş verməsi mümkün deyil. İlk növbədə biz əsasən reklamdan qaçır və dövlət müəssisələrinin mütəxəssisləri və həm də bir daha vurğulamaq istərdim ki, seçilmiş həkimlər və mütəxəssilərlə məsləhətləşir, ən etibarlı mənbələrlə işləyirik. Bu verilişin tutumunu artırır və vətəndaşlara düzgün yol göstərməyə xidmət edir.

 

-Proqramda yeniliklər etmək fikriniz varmı?

 

-Yenilik hər zaman lazimdir. Necə ki, həyatda hər gün eyni şeylərlə məşğul olmaq həyatı maraqsız edir, insanı passivləşdir, proqramın da eyni temp və eyni formatda davam etməsi yeknəsəklik yardır. Tamaşaçı da daim yenilik istəyir.

 

Yeni mövsümdən yeni rubrikalarla tamaşaçıların qarşısına çıxmaq niyyətindəyik. Dünyada, Azərbaycanda baş verən elmi yeniliklərə xüsusilə yer vermək maraqlı olar deyə düşünürük. Çünki ilk növbədə bu gün neçə ki, xəstəliklər artır, eyni zamanda da yeni müalicə metodları, diaqnostik üsullar yenilənir və təkmilləşir. Əvvəllər bizə fəlakət kimi görünən xəstəliklərin bir çoxu artıq bu elmi yeniliklərin köməyilə cəmi bir neçə saat ərzində bizi yenidən həyata qaytara bilir. Təbii ki, önəmli olan məsələ bu yenilikləri əhalinin diqqətinə çatdırmaqdır. Biz də “Tibb xəbərləri” rubrikasında dünyada və Azərbaycandakı tibbi yeniliklər, kəşflər, ümumiyyətlə tibb dünyasında baş verənlər haqqında xəbərlər verəcəyik. Bundan əlavə, bəzən tibdə gözlənilməz, çox maraqlı hadisələr baş verir. Həm təəccübləndirən, həm sevindirən, həm dodaq qaçırdan məqamlarla rastlaşırıq. Proqramda bu tipli informasiyalara, məşhur insanların xəstəliklərinə və digər maraqlı məsələlərə də toxunmaq fikrimiz var. İnşallah yeni mövsümdə yeni format tamaşaçıların ürəyincə olar.

 

- Səhiyyə tez-tez tənqidə məruz qalır. Bu barədə nə düşünürsünüz?

 

- Məncə, iş olan yerdə tənqid olmalıdır. Amma ümumiyyətlə götürdükdə bütün sahələrdə olduğu kimi səhiyyədə də neqativ hallar baş verir. Bu gün səhiyyənin ən əsas problemi isə tibb işçilərinə olan inam məsələsidir. Təbii ki, son illər səhiyyə sahəsində baş verən yenilikləri görməmək mümkün deyil. Təsəvvür edin ki, son 10 ildə 500-dən artıq tibb müəssisəsi tikilib və yenidən istifadəyə verilib. Bütün bu müəssisələr həm də ən müasir tibbi avadanlıqlarla təchiz olunur. Ancaq səhiyyənin inkişafı təkcə maddi texniki baza ilə məhdudlaşmır. Ən vacib məsələ kadr, təcrübəli və vicdanlı mütəxəssis və əvvəl də qeyd etdiyim ki, inamdır. Son dövrlər həkimlərin ixtisaslarının artırılması sahəsində görülən işlər - tibb işçilərinin sertifikasiyası, işə qəbulun təkmilləşdirilməsi, rezidenturanın tətbiqi, ildə yüzlərlə həkim və tibb bacılarının xarici ölkələrdə təcrübə mübadilələrinə qoşulması yaxında öz bəhrəsini verəcək deyə düşünürəm.

 

-Sizə yəqin ki, tamaşaçı müraciətləri olur. Tamaşaçını ən çox nə maraqlıdır?

 

-Bəli. Tamaşaçılar tez-tez müraciət edirlər. İşıqlandırılan mövzularla bağlı məlumat istəyirlər. Onu deyim ki, bizim mövzular müxtəlif xəstəliklərlə bağlı olduğu üçün və insanlar arasında da az və ya çox hər hansı xəstəlikdən əziyyət çəkənlər var. Və təbii ki, tamaşaçı özünə lazım olan informasiyanı aldığı zaman məmnun qalır. Və bundan əvvəlki sualınızın cavabında da qeyd etdiyim ki, bu gün çoxsaylı klinikalar, həkimlər bəzən əhalini çaşdırır. Onlar doğru klinika, doğru mütəxəssis tapdiqlarını zənn etdikləri halda təbii ki dərhal əlaqə yaratmaq və yararlanmaq istəyirlər. Və biz də bu vasitəçiliyi həyata keçirə bildiyimiz üçün çox məmnunuq. 

19/07/2013

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013