Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Qafqazda ilk dəfə Azərbaycanın tibb müəssisəsinə laborator müayinələrin aparılması üçün beynəlxalq sertifikat verildi (Trend)

Azərbaycanda və regionda ilk dəfə olaraq, Respublika Diaqnostika Mərkəzi dünyada tibbi laboratoriyalar üzrə ən yüksək standart olan İSO 15189 standartını tətbiq etməyə başlayıb. Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Respublika Diaqnostika Mərkəzinin (RDM) baş direktoru Elşad Məmmədli deyib.

 

Onun sözlərinə görə, həmin standart əsasında RDM-in tibbi laboratoriyası dünyanın tibbi laboratoriyalarının ən nüfuzlu təşkilatı olan Laboratoriyaların Beynəlxalq Akkreditasiyası Birliyi - İLAC tərəfindən akkreditasiya olunub.

 

E.Məmmədli deyib ki, İSO 15189 standartını tətbiq edən laboratoriyalarda laborator müayinələrin cavablarının qeyri-dəqiq alınmasına gətirib çıxara biləcək amillər, mütəxəssis səhvi, cihazların nasaz, reagentlərin yararsız olması kimi faktorlarla bağlı risklər aradan qalxır.

 

Baş direktorun sözlərinə görə, laboratoriyalarda müayinələrin nəticələrinin səhv olması insan faktoru - mütəxəssisələrin bilik səviyyəsinin yetərincə olmaması, cihazların müəyyən tələblərə cavab verməməsi, reaktivlərin yararsız olması ilə bağlıdır: "Çox təəssüf ki, bəzən bazar iqtisadiyyatı qanunlarından istifadə edərək tibbi laboratoriyalarda daha ucuz materiallarından istifadə edilir. Bu da qeyri-dəqiq nəticələrin alınmasına gətirib çıxarır. Xəstənin özünün müalicəsi nöqteyi-nəzərdən düşünürük ki, müayinələrin nəticəsinin səhv olmasındansa, heç bir nəticənin olmaması daha üstündür. Laboratoriyalara inamın azalmasının subyektiv və obyektiv səbəbləri var. Biz tibb mütəxəssisləri insanların bu etimadsızlığını qırmaq fikrindəyik".

 

E.Məmmədli deyib ki, İLAC tərəfindən 4 il ərzində hər il mərkəzə nümayəndə heyəti göndəriləcək və burada audit aparılacaq. Bununla da mərkəzdə müvafiq sertifikatın standartlarına nə dərəcə əməl olunması müəyyənləşəcək.

 

Tədbirdə RDM-in yeni istifadəyə verilmiş internet saytının (www.rmdm.az) da təqdimatı olub.

20/09/2013

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013