Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Ölkə teleməkanında ilk dəfə tibbi realiti-şouya start verilir (Day.az)

Azərbaycan televiziya məkanında səhiyyə ilə bağlı, maraqlı bir layihəyə start verilir. “Diaqnoz” adlanan yeni realiti-şou Respublika Diaqnostika Mərkəzi və Azad Azərbaycan Teleradio Şirkətinin birgə məhsulu olacaq. Layihə zamanı hər həftə ərzində həkimlər tərəfindən insanlara daha çox qoyulan “diaqnoz” - xəstəlik barədə dolğun informasiya təqdim ediləcək. Ancaq maraqlısı budur ki, bu məlumatlar insanlara adi deyil, daha maraqlı formada təqdim ediləcək. Filmdəki məlumatlar tamaşaçılara 2 qəhrəmanın - xəstənin və həkimin “dil”i ilə çatdırılacaq. Başqa sözlə, 20-25 dəqiqə davam edəcək bu filmdə hadisələri aktyorlar deyil, həqiqətən həmin xəstəlikdən əziyyət çəkən xəstə və onun həkimi nəql edəcək. Yəni “Diaqnoz”un süjet xətti real həyatdakı real faktlar üzərində qurulacaq. Burada hər şey realdır - xəstənin keçirdiyi üzüntü qədər onun yaxınlarının çəkdiyi iztirablar, göz yaşları da həqiqidir... Bütün bunları həyatın bu ağır sınağından keçmiş insanlar canlandırır.

 

Layihənin rejissoru Seyran Mahmudoğlu bildirib ki, sənədli film kimi çəkilən “Diaqnoz” müsahibə formatında olacaq. Filmin əsas qəhrəmanı Respublika Diaqnostika Mərkəzinə müraciət edən xəstələrdən biri olacaq. Bu filmin qəhrəmanı olacaq xəstə isə adi qaydada seçilmir. Bunun üçün əvvəlcə xəstəxanaya daxil olan xəstələr üzərində müşahidə aparılır və daha sonra həkimin tövsiyə ilə seçilən xəstəyə filmin qəhrəmanı olmaq təklif edilir. Xəstə buna razılıq verdikdən sonra onun xəstəliyi ilə bağlı bütün prosedurlar - xəstənin xəstəxanaya daxil olması, diaqnozun qoyulması, əməliyyatın aparılması, əməliyyatdan sonrakı müalicə dövrü və onun evinə sağlam insan kimi qayıtması, hətta xəstənin yaxınlarının çəkdiyi iztirablar, onların üzündəki həyəcanlar lentə alınır.

 

Layihənin ilk buraxılışı ürəyin işemik xəstəliyinə həsr edilib. Bu filmdə açıq ürək əməliyyatı çəkilib. Layihənin qəhrəmanı olan insan sağaldıqdan sonra evinə geri dönür: “Bu filmdə çox təsiredici bir məqam var. Xəstəyə əməliyyatdan sonra ciyərlərinin açılması üçün spirometr (Tri-Ball Respiratory Trainer) verilir. O, nəfəsinin təzyiqi ilə bunları şar kimi üfürməlidir. Bunu bir uşaq da edə bilər, ancaq xəstə bunu əvvəl edə bilmir. Bu prosedur əməliyyatdan sonra hər gün təkrarlanır. Sonda xəstənin bu şarı necə üfürə bildiyini görmək lazımdır. Xəstənin üzündə elə həyəcan yaranır ki...”.

 

Film şənbə günləri ATV-də 14:30 xəbərlər buraxılışından sonra nümayiş olunacaq.

27/09/2013

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013