Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Son 10 ildə səhiyyə sahəsinə ayrılan büdcə vəsaitlərinin artırılması Azərbaycanda yeni ən müasir tibb mərkəzlərinin yaradılmasını təmin etmişdir (AzərTAc)

Son 10 ildə səhiyyə sahəsinə ayrılan büdcə vəsaitlərinin artırılması Azərbaycanda aparıcı texnologiyalarla, müasir tibbi avadanlıqla təchiz olunmuş yeni ən müasir tibb mərkəzlərinin yaradılmasını təmin etmişdir. Səhiyyənin prioritet sahələri üzrə qəbul olunmuş 11 dövlət proqramının həyata keçirilməsi xəstələrə göstərilən tibbi xidmətin səviyyəsinin xeyli yüksəlməsinə, xəstəliklər üzrə müayinələrin həcminin artmasına, xəstələrin dərmanla təchizatının əhəmiyyətli dərəcədə yaxşılaşmasına imkan vermişdir.

 

Səhiyyə Nazirliyinin məlumatına görə, dərman xərclərinə 2013-cü ildə ayrılan təxminən 140 milyon manat məbləğində vəsaitin böyük hissəsi bu proqramlar çərçivəsində xəstələrin pulsuz dərman preparatları və tibbi ləvazimatlarla təminatına sərf olunmuşdur. Nəticədə bütün xəstəliklər üzrə ölüm halları azalmışdır.

 

Ölkəmizdə diabetli xəstələrə özünənəzarət vasitələri – qlükometrlər və test stripləri pulsuz olaraq paylanılmış və onların dərman təchizatı ilə bağlı uzun illərdən bəri davam edən problemləri aradan qaldırılmışdır. Bu səbəbdən şəkərli diabet xəstələrinin tibb müəssisələrində qeydiyyata götürülərək müalicəyə cəlb olunması işi yaxşılaşdırılmışdır. Hazırda 180 minə yaxın diabetli xəstə pulsuz dərman preparatlarından yararlanır.

 

Bundan əlavə, onkoloji xəstələrin şiş əleyhinə preparatlarla təminatında uzun illərdən bəri mövcud olan problem əsasən aradan qaldırılmışdır. 2006-2008-ci illərdə onkoloji xəstələr üçün müvafiq olaraq 14, 27, 37 adda kimya terapiyası dərmanları alınmışdırsa, hazırda bunların sayı 50-yə yaxındır. Görülən tədbirlər nəticəsində onkoloji xəstəliklərin aşkarlanması işi yaxşılaşmış və bununla bərabər, bu xəstəlikdən ölüm göstəricisi azalmışdır.

 

Xroniki böyrək çatışmazlığından əziyyət çəkən insanların hemodializ müalicəsi ilə təmin olunması işində də irəliləyiş əldə olunmuşdur. Hazırda respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən 27 hemodializ mərkəzində 2 mindən artıq xəstə müalicə seansları alır və onlar müvafiq dərman vasitələri ilə tam həcmdə pulsuz təmin olunurlar.

 

Yoluxucu xəstəliklərin profilaktikası məqsədi ilə hər il orta hesabla 500 min uşaq pulsuz peyvənd olunur. Bunun nəticəsidir ki, respublikada poliomielit, difteriya xəstəlikləri ləğv olunmuş, digərləri isə tək-tək hallarda baş verir.

 

Vərəmlə mübarizədə ölkəmizdə epidemioloji stabillik yaradılmış, bu xəstəlikdən ölüm halları 2,5 dəfə azalmışdır. Hazırda bütün vərəm xəstələrin dərmanla təchizatı dövlət hesabına təmin olunur.

 

Son 10 ildə ölkəmizdə talassemiyalı xəstələrin müalicəsinin səviyyəsinin yüksəldiyi üçün ölüm faizi azalmışdır. Əgər əvvəllər talassemiyalı xəstələr 10-12 yaşa qədər yaşayırdılarsa, indi onların ömrü 26 yaşa qədər uzanmışdır. Ölkəmizdə uğurla həyata keçirilən “Hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə Dövlət Proqramı” isə irsi qan xəstəliyindən əziyyət çəkənlərin həyat tərzinin yaxşılaşdırılmasına və ömürlərinin uzadılmasına xidmət edir. Proqram çərçivəsində xəstələr dərman preparatları ilə pulsuz təmin olunurlar.

 

Uşaqların sağlamlığını öz fəaliyyətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirən Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban xanım Əliyevanın talassemiyalı uşaqlara diqqəti də xüsusi qeyd olunmalıdır. Fond 2005-ci ildən ölkəmizdə bu xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə “Talassemiyasız həyat naminə” layihəsinə başlamışdır. Bundan əlavə, Bakı şəhərində istifadəyə verilən Talassemiya Mərkəzi indi hemofiliyalı uşaqların və onların valideynlərinin böyük ümid yeridir. Mərkəzdə regionda ilk dəfə olaraq sümük iliyinin köçürülməsi üçün əməliyyat otağı yaradılmış və bu prosesin tətbiqi istiqamətində geniş iş aparılır. Yaxın gələcəkdə Talassemiya Mərkəzində xəstəliyin radikal müalicəsinin tətbiqi nəzərdə tutulur, bu isə xəstələrin tam sağalması deməkdir.

 

Eyni zamanda, Səhiyyə Nazirliyi və digər dövlət qurumları tərəfindən vaxtaşırı təşkil edilən könüllü qanvermə aksiyalarından toplanan qan irsi qan xəstəliyindən əziyyət çəkənlərin müalicəsinə sərf olunur. Azərbaycanda təhlükəsiz donor qanı ilə təminat məsələsi bu gün praktiki olaraq həll edilmişdir. Qan tədarükü 6,8 tondan 25,9 tonadək artmışdır. Azərbaycanda qan tədarükündə heç bir problem yoxdur və kifayət qədər qan ehtiyatı vardır. Hazırda ölkəmiz pullu donorluqdan könüllü donorluğa keçmişdir.

 

Azərbaycan Respublikası Prezidentinin tövsiyələri rəhbər tutularaq Səhiyyə Nazirliyi tərəfindən “Sağlam həyat uğrunda” devizi altında 2012-ci ilin dekabr ayında həyata keçirilən “Sağlamlıq ayı” xəstəliklərin profilaktikası istiqamətdə atılan uğurlu addımlardandır. Elmi-tədqiqat institutlarının, aparıcı tibb müəssisələrinin mütəxəssislərindən ibarət briqadalar yaradılaraq bu genişmiqyaslı aksiyaya cəlb olunmuşdur. Profilaktik müayinələri aparan tibb müəssisələri əlavə olaraq lazımi avadanlıq və reaktivlərlə təmin olunmuşlar. Respublikanın bütün şəhər və rayonları bu müayinələrlə əhatə olunmuşdur. “Sağlamlıq ayı” ərzində 3 milyona yaxın müayinə aparılmışdır. Aşkar olunan xəstələr müvafiq müalicəyə cəlb edilmişlər. Belə aksiyaların hər il keçirilməsi nəzərdə tutulur.

 

Ana və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması sahəsində mühüm tədbirlər həyata keçirilmişdir. Nəticədə respublikada körpə ölümü göstəricisi 2003-cü ildə 16,7 promilli idisə, artıq bu rəqəm 10,8-ə bərabər olmuşdur. Ana ölümü əmsalı 2003-cü illə müqayisədə 18,5 promillidən 14,9-a enmişdir.

 

Hazırda respublikada 500-dən artıq özəl tibb müəssisəsi və kabineti, eləcə də 2 minə yaxın əczaçılıq müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrdə əhaliyə tibbi xidmətin göstərilməsi üçün yaradılan şəraitə və bu xidmətin keyfiyyətinə Səhiyyə Nazirliyi daim diqqət yetirir.

 

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, respublikada həkimlərin ixtisaslar üzrə hazırlığı dünyanın əksər ölkələrin tibb təhsil sistemində qəbul olunmuş rezidentura vasitəsilə həyata keçirilir. 2009-2012-ci illərdə səhiyyənin müxtəlif sahələri üzrə 451 həkim və orta tibb işçisi xarici ölkələrin qabaqcıl klinikalarında 3-6 aylıq ixtisasartırma kursları keçmişdir.

 

Eyni zamanda, həkimlər üçün müxtəlif ixtisaslar üzrə xaricdən dəvət olunmuş aparıcı mütəxəssislərin iştirakı ilə Bakıda ixtisasartırma kursları təşkil olunmuşdur.

Ölkə rəhbərliyinin diqqət və qayğısı nəticəsində tibb işçilərinin əməyinin stimullaşdırılması vacib amillərdən biri kimi daim diqqət mərkəzində saxlanılır. Son illər ərzində mütəmadi olaraq onların əmək haqları artırılır.

 

Müasir informasiya texnologiyalarının səhiyyə sisteminə tətbiq edilməsi sahəsində də əhəmiyyətli işlər görülmüşdür. “Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində “Vətəndaşların elektron sağlamlıq kartı” sistemi fəaliyyətə başlamışdır. Hazırda nazirliyin rəsmi internet saytında “Elektron xidmətlər” bölməsi yaradılmış və 10-dan artıq elektron xidmət artıq fəaliyyət göstərir.

 

Səhiyyəmizin beynəlxalq aləmdə də nüfuzu yüksəlmişdir. Bu gün Səhiyyə Nazirliyi müxtəlif səviyyəli saziş və protokollar əsasında 40-dan çox ölkə ilə səhiyyə sahəsində məhsuldar əməkdaşlıq edir.

10/10/2013

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013