Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Qeysəriyyə kəsiyi əməliyyatı, yoxsa normal doğuş? (AzərTAc)

Son illərdə qadınlar qeysəriyyə kəsiyi əməliyyatına daha çox üstünlük verirlər. Bəs qeysəriyyə kəsiyi əməliyyatı nədir, onun üstünlükləri və riski nədən ibarətdir?

 

Bununla bağlı, Səhiyyə Nazirliyinin baş pediatrı, Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, professor Nəsib Quliyev AzərTAc-a müsahibəsində demişdir ki, hamiləlik zamanı qadınların orqanizmində əlavə tələbatlara ehtiyac yarandığından daha həssas və tez təsirlənən olurlar. Ancaq bu proses həm ana, həm də uşaq üçün böyük stress yaradır və bəzən xüsusi tibbi müdaxilə tələb olunur.

 

Professor bildirmişdir ki, ilk baxışda qeysəriyyə kəsiyi əməliyyatı uşaq dünyaya gətirməyin tez və asan üsuluna bənzəyir. Digər cərrahi müdaxilələrlə müqayisədə, o daha təhlükəsizdir. Təbii yolla doğuşdan fərqli olaraq daha rahat, tez və qabaqcadan düzgün proqnoz verilə bilən bir metoddur. Əməliyyat narkoz altında aparıldığı üçün, adətən ağrısız olur. Bu cəhətlər qeysəriyyə kəsiyi əməliyyatını hamilələr üçün daha cəlbedici edir.

 

Lakin daha dərindən araşdırdıqda, mühüm çatışmazlıqlar meydana çıxır ki, bu zaman qeysəriyyə kəsiyi əməliyyatının istifadəsini məhdudlaşdırmağa ehtiyac yaranır.

N.Quliyev demişdir ki, qeysəriyyə əməliyyatı anesteziya, infeksiya və qanaxma ilə bağlı ciddi problemlərin yaranması riskini artırır. Daha uzun müddət hospitalizasiyaya ehtiyac yaranır. Əməliyyatdan bir həftə keçməsinə baxmayaraq, ağrılar davam edir və yeni doğulmuş, həmçinin digər uşaqlara qulluq etmədə çətinliklər yaradır.

 

Təbii yolla doğuşla müqayisədə daha çox antibiotikə, ağrıkəsiciyə və qan köçürməyə ehtiyac yaranır. Adi gündəlik həyat rejiminə və iş həyatına qayıtmaq daha çox vaxt alır. Bunlardan əlavə, bu üsulda təbii yolla doğuşla müqayisədə maddi baxımdan xərclər daha çox olur.

 

Qeysəriyyə kəsiyi ilə dünyaya gəlmiş uşaqlarda, ümumiyyətlə, sancılar hələ başlamamış hallarda, daha çox tənəffüs və hərarətin tənzimlənməsi ilə bağlı problemlər meydana çıxır. Hətta uzun müddət davam edən və çətin doğuşlarla müqayisədə qeysəriyyə əməliyyatında bu risk mövcuddur. Bəzən yanlışlıqla uşağı skalpellə zədələmək olar.

Professor demişdir ki, qeysəriyyə kəsiyi əməliyyatına qərar verməzdən əvvəl hər bir hamilə qadın həkimi ilə birgə bu əməliyyatın risk və üstünlüklərini ölçüb-biçməlidir. Normal doğuşda ana və uşaq daha az riskə məruz qaldıqları halda qeysəriyyə əməliyyatında bu riskin səviyyəsi daha yüksək ola bilər.

 

N.Quliyevin sözlərinə görə, təbii yolla doğuşu reallaşdırmaq üçün qadınlar öz sağlamlıqlarının qayğısına qalmalı, o cümlədən düzgün qidalanmalı, fiziki hərəkətlər etməli, stressdən, alkoqoldan və tütündən uzaq olmağa çalışmalı, əvvəlcədən xəstəxanaya və həkimə müraciət etməlidirlər. Dərman və tibbi müdaxiləni yalnız ehtiyac yarandıqda istifadə etməyi qabaqcadan müəyyənləşdirmək lazımdır, çünki adətən onlar doğuşun normal gedişini poza bilər.

 

Əgər hamilə qadın bütün bu məsləhətlərə riayət edirsə və buna baxmayaraq ana və uşağın həyatı üçün ciddi problem yaranırsa, təhlükəsizlik baxımından yalnız o zaman qeysəriyyə kəsiyi əməliyyatına ehtiyac yaranır.

 

N.Quliyev diqqətə çatdırmışdır ki, anada və döldə heç bir patologiya yoxdursa, təbii yolla normal doğuşa üstünlük vermək məsləhətdir.

 

Səhiyyə Nazirliyinin baş pediatrı bildirmişdir ki, qeysəriyyə kəsiyi əməliyyatı ilə doğulmuş uşaqlar daha çox patologiyalarla qarşılaşırlar. Əməliyyat ilə doğulan uşaqlarda daha çox tənəffüs yolu xəstəlikləri, kəllə-beyin zədəsi, sinir sistemi və həzm prosesinin pozulması hallarına rast gəlinir. Bu körpələr allergik xəstəliklərə daha çox meylli olurlar.

 

Professor diqqətə çatdırmışdır ki, Azərbaycanda qeysəriyyə yolu ilə hər il 30 minə yaxın körpə doğulur ki, bu da doğuşların təxminən 20 faizi deməkdir. Halbuki Dünya Səhiyyə Təşkilatının məlumatına görə, bu rəqəm 15 faizi keçməməlidir. Əslində isə qeysəriyyə əməliyyatına yalnız patoloji hallarda üstünlük verilməlidir. Professorun fikrincə, bu kimi hallar baş vermirsə, mütləq şəkildə təbii doğuşa üstünlük verilməli və hamiləlik dövründə ana həkim tərəfindən təbii doğuşa hazırlanmalıdır. Çünki qeysəriyyə doğuşu bir əməliyyatdır və bunun da riskləri və fəsadları vardır.

 

Ölkəmizdə başqa sahələrlə yanaşı, səhiyyənin inkişafını da daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2013-cü il 25 noyabr tarixli Fərmanına əsasən, qeysəriyyə kəsiyi əməliyyatına dair tibbi əsaslar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Əməliyyatın qeyri-qanuni aparılmasına görə təqsirli şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.

7/12/2013

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013