Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Elsevər Ağayev: 2013-cü il ərzində Azərbaycan səhiyyəsinin inkişafı istiqamətində ciddi nailiyyətlər qazanılıb (Yap.org.az)

Müsahibimiz Azərbaycan Respublikası səhiyyə nazirinin müavini Elsevər Ağayevdir

 

- Elsevər müəllim, başa çatmaqda olan 2013-cü il ölkəmizin həyatında bir sıra mühüm uğurlarla yadda qaldı. Bu baxımdan, bu dövr ərzində səhiyyə sahəsində əldə olunan nəticələr, qazanılan nailiyyətlər haqqında məlumat verməyinizi xahiş edirik...

 

- Ölkə rəhbərliyinin apardığı sosial yönümlü siyasətin nəticəsi olaraq son illər ərzində səhiyyənin inkişafı istiqamətində geniş miqyaslı tədbirlər həyata keçirilmişdir. Bu da öz növbəsində səhiyyəmizin dünya standartları üzrə inkişaf etməsinə, onun dünyanın qabaqcıl ölkələrinin səhiyyə sisteminə ardıcıllıqla inteqrasiya edilməsinə zəmin yaratmış və beynəlxalq miqyasda Azərbaycan səhiyyəsinin nüfuzunun nəzərəçarpacaq dərəcədə artmasına səbəb olmuşdur.

 

Səhiyyənin inkişaf tendensiyası 2013-cü ildə də davam etdirilmiş, bu da öz növbəsində tibbi demoqrafik və səhiyyə göstəricilərinin yaxşılaşması üçün zəmin yaratmışdır. Belə ki, son 10 il ərzində doğum göstəricisi əhalinin hər 1000 nəfərinə 13,9-dan 18,6-a qalxmış, ölüm isə 6,0-dan 5,9-ə düşmüşdür. Təbii artım 7,9-dan 12,7-dək yüksəlmişdir ki, bu da Avropa ölkələri arasında ən yüksək göstəricidir.

 

Respublikada səhiyyəyə ayrılan büdcə vəsaiti 2003-cü illə müqayisədə 11 dəfədən çox artaraq hazırda təxminən 669 milyon manat təşkil edir. 2014-cü il üçün 725 milyon vəsait nəzərdə tutulmuşdur ki, bu da 2013-cü illə müqayisədə 8%-dən çox artım deməkdir. Büdcə vəsaitlərin artırılması və investisiya fondundan ayrılan vəsait respublikamızda aparıcı texnologiyalarla, müasir tibbi avadanlıqlarla təchiz olunmuş yeni tibb mərkəzlərinin yaradılmasına imkan vermişdir. Azərbaycan Respublikası Prezidentinin Respublikada sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında məlum Fərmanları səhiyyənin inkişafına böyük təkan vermiş və geniş imkanlar yaratmışdır.

 

Son 10 il ərzində ümumilikdə 500-ə yaxın səhiyyə müəssisəsində təmir və tikinti işləri aparılmışdır. Onlardan təxminən 70%-i regionların payına düşür. Təkcə 2013-cü il ərzində 81 tibb müəssisəsində təmir-tikinti işləri aparılmışdır. Bunlardan 43-i Bakı şəhərində, 38-i isə regionlarda yerləşən səhiyyə müəssisəsidir. 56 tibb müəssisəsində (33-Bakı, 23-rayon) təmir işləri başa çatdırılmış və onlar istifadəyə verilmişdir. Bundan əlavə ən müasir səviyyədə inşa və təchiz edilmiş Bakı Sağlamlıq Mərkəzi də yaxın günlərdə istifadəyə veriləcəkdir.

 

İri səhiyyə ocaqlarının, o cümlədən Azərbaycan Tibb Universitetinin Cərrahiyyə Klinikasının, Sumqayıt şəhər 1 nömrəli Xəstəxanasının, Astara, Ağcabədi, Cəlilabad, Lənkəran və Yevlax rayon mərkəzi xəstəxanalarının açılışında ənənəvi olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev şəxsən iştirak etmişdir. Tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, onların müasir tibb avadanlığı, dərman, sarğı materialları və ərzaqla təminatının yaxşılaşdırılması və idarəetmə sisteminin təkmilləşdirilməsi nəticəsində əhaliyə göstərilən tibbi xidmətin həcmi və keyfiyyəti nəzərəçarpacaq dərəcədə artmışdır. Eyni zamanda xəstəxana çarpayılarının işinin səmərəsi yüksəlmişdir. Əgər 2003-cü ildə hər çarpayı il ərzində 82 gün işləyibsə, 2013-cü ildə bu rəqəm 249 günə bərabər olmuşdur. Beləliklə, bu illər ərzində çarpayıların məşğulluq göstəricisi təxminən 3 dəfə artmışdır. Ambulator-poliklinika müəssisələrinə müraciətlər də bu illər ərzində 65% çoxalmışdır.

 

- Hər bir sahənin inkişafında müvafiq dövlət proqramlarının qəbul edilərək icra olunması da vacib rol oynayır. Məlum olduğu kimi səhiyyə ilə bağlı da mühüm proqramlar qəbul olunub. Həmin proqramların icrası haqqında nə deyə bilərsiniz?

 

- Qeyd edim ki, əhaliyə göstərilən tibbi xidmətin həcminin genişləndirilməsində və keyfiyyətinin artırılmasında səhiyyənin ayrı-ayrı sahələri üzrə qəbul edilmiş və budcədən maliyyələşdirilən dövlət proqramlarının xüsusi rolu olmuşdur. Təkcə 2013-cü ildə proqramların icrası məqsədilə 80,1 milyon manat vəsait sərf olunmuşdur. İlbəil proqramların icrasına ayrılan vəsait artırılır. 2014-cü ilə 86,0 milyon manat vəsaitin ayrılması planlaşdırılır.

 

Proqramların əhatə etdiyi sahələr üzrə həyata keçirilən tədbirlər nəticəsində ana və uşaqlara, onkoloji, endokrinoloji, irsi qan xəstəliyi, böyrək çatışmazlığı və s. xəstələrə göstərilən tibbi xidmətin səviyyəsi xeyli yüksəlmiş, bu xəstəliklər üzrə müayinələrin həcmi artırılmış, xəstələrin dərmanla təchizatı əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. Nəticədə bu xidmət növlərinin keyfiyyətini xarakterizə edən göstəricilərdə nəzərəçarpacaq müsbət dinamikaya nail olunmuşdur.

 

Belə ki, şəkərli diabet xəstələrinin aşkar edilməsi işinin yaxşılaşdırılması nəticəsində qeydiyyata götürülən xəstələrin sayı 2003-cü illə müqayisədə təxminən 3,6 dəfə artması ilə bərabər bu xəstəlik səbəbindən ölüm göstəricisi hər 100 min nəfərə 2,6 dəfə aşağı enmişdir.

 

Bədxassəli şişlərlə mübarizə işində nəzərəçarpacaq irəliləyiş əldə olunmuşdur. Onkoloji yardım göstərən tibb müəssisələrinin maddi-texniki bazası yaxşılaşdırılmışdır. Milli Onkoloji Mərkəz ən müasir tibbi texnika ilə, o cümlədən mobil diaqnostik komplekslə də təchiz edilmişdir. Onkoloji xəstələrin şiş əleyhinə preparatlarla təminatı xeyli yaxşılaşmışdır. Əgər, 2006-ci ildə onkoloji xəstələr üçün 14 adda kimya terapiyası dərmanları alınmışdısa, 2012-ci ildə 46 və 2013-cü ildə bunların sayı 58-ə çatdırılmışdır. Görülən tədbirlər nəticəsində onkoloji xəstəliklərin aşkarlanması işi yaxşılaşmışdır. Bu xəstəlikdən ölüm göstəricisinin son 10 il ərzində stabilləşməsinə nail olunmuşdur.

 

Xroniki böyrək çatışmazlığından əziyyət çəkən insanların hemodializ müalicəsi ilə təmin olunması son illər səhiyyənin qarşısında duran ən çətin problemlərdən biri idi. Bu problem də ölkə Prezidentinin qayğı və diqqəti nəticəsində öz həllini tapdı. Hər il respublikanın bölgələrində yeni mərkəzlər açılır. Hazırda respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən 30, o cümlədən regionlarda 23 mərkəzdə 2300-dən artıq xəstə hemodializ seansları və müvafiq dərman vasitələri ilə tam həcmdə pulsuz təmin olunur. Təkcə 2013-cü ildə 9 yeni hemodializ mərkəzi açılmış və onlarda 102 dializ aparatı quraşdırılıb. Beləliklə, bu müalicəni almaq üçün pasiyentlərin növbə gözləmək problemi aradan qaldırılıb. Eyni zamanda onların yaşadıqları əraziyə yaxın mərkəzdə bu seansların alınması problemi də demək olar ki, həll olunub. Bu xəstələrin radikal müalicə üsulu olan böyrəkköçürmə əməliyyatlarının sayı da atrmışdır. 2013-cü ildə respublikada 60, o cümlədən dövlət xəstəxanalarında 57 belə əməliyyat icra olunub.

 

Son illər strateji əhəmiyyətli məsələ kimi qan xidmətinin inkişafına xüsusi diqqət yetirilir. Tədarük olunan qan və onun komponentlərinin miqdarı ilbəil artır, əhalinin donorluğa cəlb edilməsi işi aktivləşir. 2003-cü ildə 6,8 ton qan tədarük edilmişdirsə, 2012-ci ildə 26 ton, 2013-cü ildə isə bu rəqəm 30,1 tona çatmışdır. Hazırda tibb müəssisələrinin və xəstələrin donor qanına olan ehtiyacı tam ödənilir. Qəbul olunmuş dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlər sayəsində talassemiya və hemofiliyalı xəstələrin müalicəsində müsbət nəticələr əldə edilmişdir. Bu xəstələrin normal həyat fəaliyyətinin təmin olunması üçün müvafiq şərait yaradılıb, onların ömür müddəti uzadılıb və son 10 ildə talassemiyadan ölüm göstəricisi 5, hemofiliyadan isə təxminən 2 dəfə azalıb. Əvvəllər respublikada həyata keçirilməyən sümük iliyinin transplantasiya əməliyyatlarının aparılması üçün Respublika Talassemiya Mərkəzində hazırlıq işləri tamamlanmaq üzrədir. 2014-cü ilin ilk aylarında bu əməliyyatların başlanması nəzərdə tutulur.

 

Səhiyyənin digər sahələrinin də dövlət proqramları ilə əhatəsi genişlənir. Belə ki, “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı”nın qəbul olunması bu xəstəliyinə tutulmuş şəxslərin dövlət tibb müəssisələrində müayinə və müalicəsinin həcminin və keyfiyyətinin artırılmasına, onların inyeksiya vasitələri və dərman preparatları, o cümlədən yüksək effektli preparatlarla təminatının yaxşılaşdırılmasına şərait yaratmışdır.

 

Dağınıq skleroz xəstələrinin elektron registri yaradılmış, onların Səhiyyə Nazirliyinin Nevroloji Mərkəzində müayinəsi təşkil edilmiş və 2013-cü ildən etibarən bu xəstələrin ilk dəfə olaraq yüksəkeffektli dərman preparatları ilə pulsuz təmin olunmasına başlanılmışdır.

 

Qeyd olunanlardan əlavə “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası”na uyğun olaraq “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2013-2020-ci illər üçün Dövlət Proqramı”, “Azərbaycanda qeyri-infeksion xəstəliklərə qarşı mübarizəyə dair Strategiya” layihələri hazırlanmışdır. Uşaqların sağlamlığının qorunması işinin dövlət siyasətinin ən prioritet istiqamətlərdən olduğunu bir daha sübut edən “Uşaqların icbari dispanserizasiyası haqqında” Qanun və dövlət proqramı qəbul edilmişdir.

 

Səhiyyənin digər vacib sahələrindən olan onkoloji xəstəliklərə qarşı mübarizəyə dair 2014-2024-cü illəri əhatə edən dövlət proqramının layihəsi hazırlanaq hökumətə təqdim edilmişdir.

 

Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2008-ci il tarixli 3043 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın Tədbirlər Planına uyğun olaraq Demoqrafiya və Sağlamlıq Sorğusu həyata keçirilmiş və nəticələrinə dair hesabat hazırlanmışdır.

 

- Elsevər müəllim, yuxarıda ölkədəki demoqrafik vəziyyətdən bəhs etdiniz. Ana və uşaqların sağlamlığının qorunması üçün göstərilən tibbi xidmətin keyfiyyəti hansı səviyyədədir?

 

- Ana və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması dövlətin sosial yönümlü siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Ölkə rəhbərliyinin bilavasitə dəstəyi ilə son illər bu sahədə mühüm tədbirlər həyata keçirilmişdir. Ana və uşaqların sağlamlığının qorunması üzrə dövlət proqramının, həmçinin yenidoğulanların “Elektron sağlamlıq kartları” ilə təmin edilməsi, “Yoluxucu xəstəliklərinin immunoprofilaktikası” proqramlarının ana və uşaqların sağlamlığının qorunması işində əhəmiyyətli rolu olmuşdur.

 

Cari ildə antenatal xidmətin təşkilində və hamilələrin hospitalizasiyasında mövcud olan problemlərin aradan qaldırılması istiqamətində bir sıra mühüm işlər görülmüşdür. Bu məqsədlə nazirlik tərəfindən tibb müəssisələrinin bu sahədə fəaliyyətini tənzimləyən normativ sənədlər qəbul olunmuşdur. Hazırda hospitalizasiya bölgü prinsipi əsasında, perinatal yardım səviyyələri üzrə müəssisələrə uyğun olaraq həyata keçirilir.

 

Mövcud problemlərdən biri də qeysəriyyə kəsiyi əməliyyatlarının son illər ərzində ilbəil artmasıdır. Tibbi göstəriş olmadan belə əməliyyatların həyata keçirilməsinin qarşısının alınması məqsədilə qanunvericilikdə müvafiq dəyişikliklər edilmişdir. Eyni zamanda Səhiyyə Nazirliyi tərəfindən “Qeysəriyyə kəsiyi əməliyyatının aparılmasının tibbi əsasları” və bu əməliyyatlar üzrə klinik protokol hazırlanaraq kollegiyanın qərarı ilə təsdiq edilmişdir.

 

Son illər ərzində ana və uşaqlara tibbi xidmət göstərən müəssisələrin maddi texniki bazası möhkəmləndirilib, onların dərman preparatları və tibbi texnika ilə təminatı yaxşılaşdırılıb. Bakı şəhərində yerləşən bütün uşaq poliklinikaları əsaslı təmir edilərək müasir tibb avadanlığı ilə təmin olunmuşlar. Regionlarda fəaliyyət göstərən uşaq tibb müəssisləri yeni tikilmiş və təmir olunmuş binalara köçürülür. Respublikamızda həyata keçirilən bu tədbirlərin nəticəsində ana və uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət dinamika müşahidə olunur.

 

Əgər 2003-cü ildə respublikada körpə ölümü göstəricisi 16,7 promilli idisə, 2013-cü ildə bu rəqəm 10,8-ə bərabər olmuşdur. Ana ölümü əmsalı 2003-cü illə müqayisədə 18,5-dən 2013-cü ildə 14,5-a enmişdir.

 

- Yoluxucu xəstəliklərin profilaktikası sahəsində Səhiyyə Nazirliyinin həyata keçirdiyi tədbirlər nə kimi nəticələr verməkdədir?

 

- Yoluxucu xəstəliklərin profilaktikası sahəsində məqsədyönlü tədbirlərin həyata keçirilməsi bu il ərzində davam etdirilmişdir. Bu istiqamətdə uşaqların müasir təqvim əsasında vaxtında peyvənd olunması xüsusi əhəmiyyət kəsb edir. İndiyə kimi 10 xəstəliyə qarşı aparılan peyvəndlərə bu ilin dekabr ayından pnevmoniya xəstəliyinə qarşı peyvənd də əlavə olmuşdur. Ölkə üzrə peyvənd planı təxminən 95-99% yerinə yetirilmişdir.

 

Respublikada aparılan məqsədyönlü immunoprofilaktika tədbirləri nəticəsində xüsusi profilaktika vasitələri ilə idarəolunan xəstəliklərin azaldılması üzrə stabil dinamika əldə edilmişdir. Belə ki, 2013-cü ildə məxmərək, difteriya xəstəlikləri qeydə alınmamış, epidemik parotit 2012-ci illə müqayisədə 40%-dək azalmış, göyöskürək və tetanus xəstəliklərinə isə sporadik hallarda rast gəlinmişdir.

 

Son illərdə ölkədə genişmiqyaslı əksepidemik tədbirlərin aparılması nəticəsində malyariyaya görə epidemioloji sabitliyə nail olunmuşdur. Azərbaycan tarixində ilk dəfə olaraq cari ildə bu infeksiyanın yerli yoluxma halları qeyd olunmamışdır.

 

Vərəmlə mübarizə üzrə dövlət proqramı və Milli Strategiya çərçivəsində xəstəliyin yayılmasının qarşısının alınması məqsədilə bir sıra tədbirlər həyata keçirilmişdir. Respublikanın şəhər və rayonlarında vərəm xəstəxanalarının tikintisi və təmiri aparılmışdır. Elmi-tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda yaradılmış Milli Referens Laboratoriyası ilə yanaşı mikrobioloji müayinələrin aparılması Gəncə və İmişlidə də təşkil edilmişdir. Bu laboratoriyalar müasir diaqnostik cihaz və avadanlıqla təchiz edilmişdir. Vərəmin diaqnostikasının yaxşılaşdırılması, vərəmin multirezistent formalı xəstələrin aktiv müalicəyə cəlb olunması, geniş miqyaslı profilaktik tədbirlərin görülməsi, vərəmli xəstələrin birinci və ikinci sıra dərman preparatları ilə tam təmin olunması nəticəsində epidemioloji vəziyyətin stabilləşməsinə nail olunmuşdur. Bununla yanaşı bu xəstəlikdən ölüm göstəricisi son 10 il ərzində 2,6 dəfə azalmışdır.

 

- Dərmanların keyfiyyətinə nəzarət hansı səviyyədədir? Eləcə də, ölkəmizdə fəaliyyət göstərən özəl tibb müəssisələrinin işinin keyfiyyətinə necə nəzarət edilir?

 

- Son illərdə dərmanların keyfiyyətinə nəzarət, saxta dərmanların ölkəyə gətirilməsinin qarşısının alınması istiqamətində təsirli tədbirlər həyata keçirilmişdir. Hazırda 4278 adda dərman vasitəsi dövlət qeydiyyatına alınmış və dərman vasitələrinin dövlət reyestrinə daxil edilmişdir.

 

Əczaçılıq fəaliyyəti göstərən müəssisələrə və satılan dərman preparatlarının keyfiyyətinə nəzarət gücləndirilmişdir. Bununla əlaqədar respublikada fəaliyyət göstərən apteklərə mütəmadi olaraq baxış keçirilir, qeyri-qanuni fəaliyyət göstərən müəssisələr barədə tədbir görülür. 2013-cü il ərzində ümumilikdə ölkə üzrə 270 aptekdə yoxlamalar keçirilmişdir. Xüsusi razılıq (lisenziya) olmadan əczaçılıq fəaliyyəti ilə məşğul olan 5 aptek aşkarlanaraq fəaliyyətləri dayandırılmışdır. Həmçinin, keçirilən reydlər nəticəsində Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmamış və yararlıq haqqında analiz protokolları olmayan 8601 qutu, istifadə müddəti bitmiş 65 qutu dərman preparatları aşkar olunaraq müsadirə edilmişdir.

 

Səhiyyəmizin tərkib hissəsi olan özəl səhiyyə strukturlarının fəaliyyəti də nazirliyin diqqət mərkəzində olmuşdur. Hazırda respublika üzrə 500-ə yaxın özəl tibb müəssisəsi və kabineti, eləcə də 600-dən artıq əczaçılıq müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrdə əhaliyə tibbi xidmətin göstərilməsi üçün yaradılan şərait və bu xidmətin keyfiyyəti Səhiyyə Nazirliyi mütəxəssisləri tərəfindən mütəmadi olaraq araşdırılır.

 

Tibb fəaliyyətinə xüsusi razılığın (lisenziyanın) verilməsi işinin təkmilləşdirilməsi, qanunvericiliklə müəyyən edilmiş qaydada yüksək ixtisaslı mütəxəssisləri cəlb etməklə müasir tələblərə uyğun dürüst və şəffaf üsullarla həyata keçirilməsini təmin etmək məqsədilə Səhiyyə Nazirliyinin əmri ilə xüsusi komissiya və Analitik Ekspertiza Mərkəzində müvafiq şöbə yaradılmışdır. Bu sahədə nəzarətin gücləndirilməsi nəticəsində yalnız Bakı şəhərində lisenziyasız fəaliyyət göstərən stomatoloji xidmət göstərən 200-dən artıq hüquqi və fiziki şəxslər aşkar edilərək, onlar barədə müvafiq tədbir görülmüşdür.

 

Ümumiyyətlə 2013-cü il ərzində 376 xüsusi razılıq (lisenziya) olmadan özəl tibb və ya əczaçılıq fəaliyyətilə məşğul olma faktı aşkar olunaraq inzibati icraat aparılmışdır. Cari il ərzində tibb müəssisələrinin və səhiyyə işçilərinin fəaliyyəti ilə bağlı vətəndaşların ərizə və şikayətləri əsasında araşdırmalar aparılaraq müəyyən tədbirlər görülmüşdür. İl ərzində Səhiyyə Nazirliyinə 16 mindən artıq, o cümlədən 1566 elektron xidmət vasitəsilə müraciət daxil olmuşdur.

 

Bundan əlavə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin “161-qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş 290, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş 314 neqativ hal barədə şikayətə nazirlikdə baxılmışdır. Aparılan araşdırmalar zamanı müəyyən edilmiş pozuntu faktları üzrə 176 tibb işçisi barədə məsuliyyət tədbirləri görülmüş, 1 müraciət üzrə cinayət xarakterli pozuntu faktı aşkar olunduğundan 1 tibb işçisi barədə Korrupsiyaya Qarşı Mübarizə İdarəsi vasitəsilə cinayət işi qaldırılmışdır.

 

- Azərbaycan səhiyyəsinin dünya standartları üzrə inkişafının əsas istiqamətlərindən biri tibbi təhsil və kadr islahatlarıdır. Bu istiqamətdə də görülən işlər barədə fikirlərinizi bilmək istərdik...

 

- Tibbi kadrların hazırlanmasının və tibbi təhsilin dünya standartları səviyyəsinə qaldırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq respublikada həkimlərin ixtisaslar üzrə hazırlığı müasir təhsil sisteminə uyğun olaraq rezidentura vasitəsi ilə həyata keçirilir. Qəbul planına uyğun olaraq 2011-ci ildə 305, 2012-ci ildə 487, 2013-cü ildə isə 501 həkim Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sınaq imtahanlarından keçərək müxtəlif ixtisaslar üzrə rezidenturaya qəbul olunmuşlar. 2011-ci ildə rezidentlərin hazırlığı 10 klinik bazada aparılırdısa, 2013-cü ildə onların sayı 37-ə çatdırılmışdır. 2013-cü ildə 7 ixtisas üzrə rezidenturanın ilk buraxılışı olmuşdur. Tibb işçilərinin sertifikasiyası 2013-cü ildə də davam etdirilmiş və il ərzində 4-dək həkim və 6 minə yaxın orta tibb işçisi sertifikat almışdır.

 

“Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli fəaliyyət Planı”na əsasən 2013-cü ildən həkimlərin işə mərkəzləşdirilmiş qaydada test imtahanı ilə qəbul edilməsinə başlanılmışdır. Elektron vasitələrdən istifadə olunmaqla keçirilən bu imtahan həm həkimlərin işə qəbulunda şəffaflığı təmin etməyə, həm də onların peşəkarlıq səviyyəsini obyektiv qiymətləndirməyə imkan verir.Cari ilin aprel ayından başlayaraq keçirilmiş 3 imtahan nəticəsində 156 həkim mərkəzləşdirilmiş qaydada işə qəbul olunmuşdur. Bəzi regionlarda orta tibb kadrlarına olan yüksək tələbatı nəzərə alaraq 3 yeni tibb kolleci açılmışdır (Cəlilabad, Quba, Saatlı).

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş gənc mütəxəssislərin xarici ölkələrdə təhsili üzrə dövlət proqramı çərçivəsində 2013-ci ildə tibbi müdavimlər Avropanın nüfuzlu Universitet klinikalarında cəmi 124, o cümlədən Almaniyada 30, Belarus Respublikasında 11, Türkiyədə 83 müdavim səhiyyənin müxtəlif sahələri üzrə təkmilləşdirmə kurslarında peşə biliklərini artırmışlar. Eyni zamanda Avropadan dəvət olunmuş mütəxəssislərin iştirakı ilə təşkil edilmiş kurslara 243 müdavim cəlb olunmuşdur. Bundan əlavə, 2013-cü ildə xarici mütəxəssislərin cəlb edilməsi ilə Azərbaycanda aparılan nəzəri praktiki təlimlərdə 240 müdavim iştirak etmişdir.

 

Müasir informasiya texnologiyalarının səhiyyə sisteminə tətbiq edilməsi sahəsində də əhəmiyyətli işlər görülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Səhiyyə Nazirliyi üzrə təsdiq edilmiş siyahıdan 28 elektron xidmət hazırlanaraq nazirliyin rəsmi saytı vasitəsi ilə istifadəyə verilmişdir. Eyni zamanda 27 elektron xidmət Rabitə və İnformasiya Texnologiyaları nəzdində fəaliyyət göstərən “Elektron hökumət” portalına qoşulmuşdur. Səhiyyə Nazirliyi tərəfindən aparılan elektron informasiya sistemlərində Fərdi İdentifikasiya Nömrəsi tətbiq edilmişdir. Bundan əlavə stasionar tibb müəssisələrinin fəaliyyətinə elektron nəzarət sistemi, kadrların mərkəzləşdirilmiş qaydada işə qəbulu və digər proqramlar hazırlanaraq tətbiq edilmişdir.Hazırda müxtəlif xəstəliklər üzrə 11 registr fəaliyyət göstərir.

 

- Elsevər müəllim, dövlətimizin dünyada nüfuzu daha da artmaqdadır və bir çox ölkələr Azərbaycanla müxtəlif istiqamətlər üzrə əlaqələrin genişləndirilməsinə maraq göstərirlər. Bu mənada, səhiyyə sahəsində beynəlxalq əlaqələrimizi necə qiymətləndirmək olar?

 

- Ölkələr arasında siyasi, iqtisadi və elmi münasibətlər inkişaf etdikcə, Azərbaycan səhiyyəsinin beynəlxalq aləmə inteqrasiyası artır, əlaqələri genişlənir və səhiyyəmizin beynəlxalq aləmdə nüfuzu getdikcə artır. Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatının qanunverici strukturlarına seçilməsi xoş bir ənənəyə çevrilmişdir. 2005-ci ildən başlayaraq ardıcıl olaraq Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi bu təşkilatın ali orqanlarında təmsil olunmuşdur.

 

2013-cü ilin may ayında ÜST İcraiyyə Komitəsinin 133-cü sessiyasında Azərbaycan səhiyyəsinin rəhbəri İcraiyyə Komitəsinin Birinci Vitse Prezidenti seçilmişdir. Beynəlxalq qurumlarla (ÜST, BMT-nin Əhali Fondu, BMT-nin Uşaq Fondu, Qlobal Fond, Qlobal Alyans və s.) əməkdaşlıq çərçivəsində səhiyyə sahəsində müxtəlif proqram və layihələr həyata keçirilir.

 

Bununla yanaşı Türkiyə, Rusiya, Amerika Birləşmiş Ştatları, Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, İtaliya, Rumıniya və Litva və digər ölkələrlə səhiyyə və tibb elmi sahəsində imzalanmış ikitərəfli müqavilələr əsasında əməkdaşlıq aparılır.

26/12/2013

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013