Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Hepatit virusu ilə xəsətlənmə halları azalıb (lent.az)

Səhiyyə Nazirliyi Azərbaycanda hepatit virusunun yayılması ilə bağlı vəziyyət barədə məlumat açıqlayıb. Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva APA-ya açıqlamasında bildirib ki, 2013-cü ildə 2012-ci ilə nisbətən virus hepatit xəstəliyinin səviyyəsinin 26,2% azalması müşahidə olunub. A.Əliyeva qeyd edib ki, viruslu hepatit “A” - 33%, viruslu hepatit “B” - 19,8%, viruslu hepatit “C” ilə xəstələnmə – 26,5% azalıb.

 

 

Onun sözlərinə görə, hepatit B və C virusları ilə yoluxmuşlarda sağlam daşıyıcılıq halları mövcuddur və onların aşkarlanması xüsusi müayinə üsulları ilə həyata keçirilir: “Son zamanlar insanlar arasında daşıyıcılıq hallarının artması laborator şəbəkələrinin genişləndirilməsi və diaqnostika üsullarının keyfiyyətinin təkmilləşdirilməsi ilə əlaqələndirilir. Viruslu hepatit hadisələri arasında 2012-ci ilə nisbətən daha çox rast gəlinən viruslu hepatit “B” növüdür. Viruslu hepatit “A” infeksiyasının yoluxma mexanizmi kəskin bağırsaq infeksiyalarının yoluxma yolları ilə eynidir. “B” və “C” virus hepatitləri dəri və selikli qişaların tamlığının pozulması nəticəsində qana virusların keçməsi ilə baş verir”.

 

 

 

A.Əliyeva əlavə edib ki, respublika üzrə xəstələnmə halları əsasən ən çox Bakı və Sumqayıt şəhərlərində qeydə alınıb. Onun sözlərinə görə, viruslu hepatitlərlə xəstələnmə 25-50 yaşlarda daha çox təsadüf olunur.

 

26/02/2014

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013