Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Azərbaycanda orqan transplantasiyası: uğurlar və perspektivlər

Azərbaycanda orqan transplantasiyası: uğurlar və perspektivlər

 

31.03.2014 [17:56]

Bakı, 31 mart (AzərTAc, Elçin Hüseynov). Orqanların transplantasiyası əməliyyatları hələ eramızdan əvvəl qədim Misirdə sınaqdan keçirilmişdir. Xəstənin həyatını başqa cür xilas etmək mümkün olmadıqda ona digər bir insandan orqanın köçürülməsi təcrübəsi ilk dəfə 1933-cü ildə Ukraynada gerçəkləşmişdir. İlk köçürülən orqan böyrək olmuşdur. 

İnsanlar üzərində təcrübədən əvvəl isə 1902-ci ildə avstriyalı alim E.Ulman tərəfindən itlər üzərində böyrək köçürülməsi əməliyyatları aparılmışdır. Ancaq heyvanlar üzərində əldə olunan nəticələr insanlarda eyni effekti verməmişdir. İlk dövrlərdə böyrək köçürülən xəstələrin demək olar ki, hamısı az yaşamışdır. Yalnız 1954-cü ildə amerikalı həkimlər Bostonda ilk yüksək nəticəli transplantasiya əməliyyatına imza atmışlar.

Azərbaycanda isə bir insanın orqanının başqa bir şəxsə köçürülməsi faktı akademik Mirməmməd Cavadzadənin adı ilə bağlıdır. Onun rəhbərliyi ilə 1971-ci il martın 4-də nəinki Azərbaycanda, Cənubi Qafqazda və Yaxın Şərqdə ilk dəfə xəstəyə böyrək köçürülmüşdür. Sonradan bu nailiyyətə görə, o, 1974-cü ildə SSRİ dövlət mükafatına layiq görülmüşdür. Mərhum akademikin rəhbərliyi ilə 1983-cü ilə kimi Azərbaycanda 30-a yaxın böyrəkköçürmə əməliyyatı aparılmışdır. Sonradan bu iş dayandırılmışdır. Sovet hakimiyyətinin dağılması ərəfəsində yaranan durğunluq, tibbi avadanlıqların köhnəlməsi, işin risklilik dərəcəsi - bütün bunlar həkimlərin əlini uzun müddət bu işdən soyutmuş, onlar transplantasiya ilə məşğul olmamışlar.

Bu sahədə ənənələrin bərpası yalnız müstəqillikdən sonrakı dövrdə müşahidə olunmuşdur. Müstəqilliyimizin ilk illərində müharibə şəraitində yaşayan və iqtisadi çətinliklər içində boğulan Azərbaycanda səhiyyənin vəziyyəti heç də ürəkaçan deyildi. Yalnız xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi və nüfuzu sayəsində səhiyyədə dirçəliş başlamışdır. Orqan transplantasiyası ilə bağlı hüquqi bazanın formalaşdırılması da ulu öndərin rəhbərliyi dövrünə təsadüf edir. Belə ki, 1999-cu ildə “İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında” Azərbaycan Respublikasının qanunu qəbul olunmuş, 2000-ci ildə isə Nazirlər Kabinetinin qəbul etdiyi qərara görə, transplantasiyasına icazə verilən orqan və ya toxumaların siyahısı tutulmuşdur.

Daha sonra Nazirlər Kabineti 2011-ci il noyabrın 17-də insan orqanları və toxumalarının transplantasiyası ilə bağlı bir neçə qərar qəbul etmişdir. “İnsan orqan və ya toxumalarının transplantasiyası Qaydaları və Şərtləri”nə əsasən, insan həyatının xilas edilməsi və sağlamlığının bərpası üçün digər tibbi üsullardan istifadə etmək mümkün olmadıqda, cərrahiyyə əməliyyatı aparmaqla xəstədə olmayan və ya zədələnən orqan, toxumaların donorun və ya insan meyitinin orqan və toxumaları ilə əvəz edilməsinə yol verilir. Orqan və toxumaların transplantasiyası donorun və resipiyentin yazılı razılığı əsasında həyata keçirilir. Resipiyent 18 yaşına çatmayıbsa, transplantasiyaya onun valideynləri və ya qanuni nümayəndəsi tərəfindən yazılı razılıq verilir. Transplantasiya yalnız ixtisaslaşdırılmış tibb müəssisəsində cərrahiyyə əməliyyatı tələblərinə riayət edilməklə həyata keçirilə bilər. Transplantasiyaya 18 yaşına çatmayan şəxslərin donor qismində cəlb edilməsi (sümük iliyinin transplantasiyası istisna olmaqla), resipiyentin sağlamlığı üçün təhlükə törədən xəstəliyi olan şəxslərdən orqan və toxumaların götürülməsi, resipiyentin qulluq tabeliyində və ondan fiziki, mənəvi, maddi cəhətdən asılı olan və ya həbsdəki şəxslərdən, hərbi əsirlərdən və ruhi xəstələrdən orqan və toxumaların götürülməsi, insan orqanlarının alğı-satqısı və onların transplantasiya məqsədi ilə götürülməsinə məcbur edilməsi, donor və resipiyentin razılığı olmadan tibb işçilərinin transplantasiya barədə məlumat yaymaları qadağan edilir.

Nazirlər Kabinetinin təsdiq etdiyi “İnsan orqan və toxumalarının transplantasiyasının həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisələrinin Siyahısı”na görə isə akademik M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanası, Mərkəzi Gömrük Hospitalı, akademik Zərifə Əliyeva adına Elmi Tədqiqat Oftalmologiya Mərkəzi və Mərkəzi Neftçilər Xəstəxanası transplantasiya əməliyyatlarını həyata keçirə bilərlər.

“Transplantasiya üçün insan orqan və ya toxumalarının götürülməsi, hazırlanması (konservasiyası) və saxlanması Qaydaları”na görə isə şəxs donorluqla bağlı münasibətini bildirməmişdirsə, ölümündən sonra yaxın qohumlarının və ya qanuni nümayəndələrinin icazəsi ilə onun orqan və toxumalarının götürülməsinə yol verilir. Şəxs sağlığında donorluqdan yazılı şəkildə imtina edərsə, ölümündən sonra ondan transplantasiya məqsədi ilə orqan götürülməsinə yol verilmir. Meyitdən transplantasiya məqsədi ilə orqan və toxumaların götürülməsinə qanunvericiliyin tələbləri gözlənilməklə, həkim konsiliumu tərəfindən bioloji ölümün baş verməsini və baş-beyin fəaliyyətinin tam dayanmasını təsdiq edən inkaredilməz faktın olmasından sonra tibb müəssisəsinin baş həkimi tərəfindən icazə verilir. Donorun ölüm aktının təsdiq edilməsində transplantoloqun və ya transplantologiya işinin təşkilində bu və ya digər formada fəaliyyət göstərən hər hansı bir şəxsin iştirakı qadağandır.

Donordan transplantasiya üçün cüt orqanlardan birini, tək orqan və ya toxumalardan isə donorun həyatı üçün təhlükəli hallar, yaxud onun sağlamlığında bərpaolunmaz pozuntular yaratmayacaq miqdarda və həcmdə götürmək olar.

Nazirlər Kabineti “İnsan orqan və (və ya) toxumalarının transplantasiyasının həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisələrinin Siyahısı”na daha bir müəssisənin adını əlavə etmişdir. Qərara əsasən, Respublika Diaqnostika Mərkəzində ürək, ağciyər (ürək-ağciyər kompleksi), qaraciyər, böyrəklər, mədəaltı vəzi və seqmentləri, mədəaltı vəzi onikibarmaq bağırsaqla birlikdə, dalaq, gözün buynuz qişası, sümük iliyi transplantasiyasının həyata keçirilməsinə icazə verilmişdir.

Müstəqil Azərbaycanın tarixində bir insanın orqanının başqa bir şəxsə köçürülməsi əməliyyatı 2005-ci ildə akademik Mirəsədulla Mirqasımov adına Respublika Klinik Xəstəxanasında iranlı həkimlərin rəhbərliyi ilə keçirilmişdir.

Xroniki böyrək çatışmazlığından əziyyət çəkən insanların hemodializ müalicəsi ilə təmin olunması son illər səhiyyənin qarşısında duran ən çətin problemlərdən biri idi. Səhiyyə Nazirliyindən bildirmişlər ki, bu problem də Prezident İlham Əliyevin qayğı və diqqəti nəticəsində öz həllini tapmışdır. Hər il respublikanın bölgələrində yeni mərkəzlər açılır. Hazırda respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən 30, o cümlədən regionlarda 23 mərkəzdə 2300-dən artıq xəstə hemodializ seansları və müvafiq dərman vasitələri ilə tam həcmdə pulsuz təmin olunur. Təkcə 2013-cü ildə 9 yeni hemodializ mərkəzi açılmış və bu mərkəzlərdə 102 dializ aparatı quraşdırılmışdır. Beləliklə, bu müalicəni almaq üçün pasiyentlərin növbə gözləmək problemi aradan qaldırılmışdır. Eyni zamanda, onların yaşadıqları əraziyə yaxın mərkəzdə bu seansların alınması problemi də demək olar ki, həll olunmuşdur. Bu xəstələrin radikal müalicə üsulu olan böyrəkköçürmə əməliyyatlarının sayı da atmışdır. 2013-cü ildə respublikada 60, o cümlədən dövlət xəstəxanalarında 57 belə əməliyyat icra olunmuşdur. Əvvəllər respublikada həyata keçirilməyən sümük iliyinin transplantasiya əməliyyatlarının aparılması üçün Respublika Talassemiya Mərkəzində hazırlıq işləri tamamlanmaq üzrədir. 2014-cü ilin ilk aylarında bu əməliyyatların başlanması nəzərdə tutulur.

Azərbaycanda qaraciyərin köçürülməsinə Mərkəzi Neftçilər Xəstəxanasında 2008-ci ildə başlanılmışdır. Bu orqan ilk dəfə Rasim Məmmədov adlı şəxsə köçürülmüşdür. Mərkəzi Neftçilər Xəstəxanasında Cərrahiyyə və Orqan Transplantologiya Mərkəzi Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir edilmiş və mükəmməl texnika ilə təchiz olunmuşdur. Ən müasir tibbi avadanlıqla təchiz olunmuş mərkəzin Qafqaz və Orta Asiya məkanında analoqu yoxdur. Heydər Əliyev Fondunun mərkəzə hədiyyə etdiyi “CUSA Excel” avadanlığı əməliyyatların daha uğurla aparılmasına geniş imkanlar açır. Bu nadir avadanlıq ultrason və aspirator funksiyaları nəticəsində qaraciyər transplantasiyası zamanı cərrahiyyə prosedurunu asanlaşdırır və toxumaların zədələnməsinin qarşısını alır.

Heydər Əliyev Fondu ilə Mərkəzi Neftçilər Xəstəxanasının əməkdaşlığı artıq uzun müddətdir davam edir. Fondun dəstəyi ilə mərkəzdə indiyədək 3 mindən çox pasiyent müayinə olunmuş, 450 xəstə üzərində açıq ürək əməliyyatı aparılmışdır. Əməliyyatların 200-ü Mərkəzi Neftçilər Xəstəxanasında, 250-si regionlarda icra edilmişdir. Mərkəzi Neftçilər Xəstəxanasında indiyədək 128 xəstəyə böyrək köçürülmüş, 59 xəstə üzərində aparılmış qaraciyər əməliyyatları müvəffəqiyyətlə başa çatdırılmışdır.

Azərbaycanda ilk dəfə süni ürək köçürülməsi əməliyyatı da uğurla həyata keçirilmişdir.

Mərkəzi Klinik Xəstəxananın baş həkimi, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, tibb elmləri namizədi Kamran Musayev bildirmişdir ki, süni ürək cihazının taxılması əməliyyatları son illər dünyada geniş icra olunur. Bu, ürək problemlərinin qarşısını almaq istiqamətində ən effektiv müalicə üsullarından biridir. Ürək cərrahiyyəsində süni ürək köçürülməsi əməliyyatı kifayət qədər kompleks bir əməliyyatdır. Yüksək ixtisaslı kadrlar və müasir texnologiyanın son nailiyyəti olan cihazlar tələb edildiyi üçün təəssüf ki, belə əməliyyat bütün mərkəzlərdə həyata keçirilmir. Bu gün artıq respublikamızda süni ürək cihazının köçürülməsi reallığa çevrilmişdir. Belə əməliyyatların ölkəmizin kadrları tərəfindən aparılması ölkə səhiyyəsinin və kardiologiyasının yüksək səviyyəsinin göstəricisidir.

Göründüyü kimi, Azərbaycanda dövlət transplantologiyanın inkişafı üçün maraqlıdır və transplantologiya mərkəzi də bu sahənin əhalinin orqan köçürülməsinə olan tələbatını ödəmək üçün nəzərdə tutulmuşdur.

Mərkəzi Neftçilər Xəstəxanasının cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazıminin sözlərinə görə, hazırda dünyanın çox nadir mərkəzlərində qan qrupu uyğun olmayan xəstələr üzərində transplantasiya əməliyyatları aparılır. Biz Azərbaycanda da qan qrupu uyğun olmayan xəstələr üzərində də əməliyyatların aparılmasını istəyirik. Yəqin ki, iyul ayından Azərbaycanda bu əməliyyatlara başlayacağıq.

Hazırda Azərbaycanda qarşıya qoyulan əsas hədəflərdən biri gözün buynuz qişasının transplantasiyasının həyata keçirilməsidir. Respublika Diaqnostika Mərkəzinin baş oftalmoloqu Xəlil Hüseynov bildirmişdir ki, 2003-cü ildən 2011-ci ilə qədər ölkədə bu əməliyyatlar keçirilmişdir. Azərbaycanda buynuz qişasının transplantasiyasının aparılmasına icazə verilsə də, Göz Bankı yoxdur. Ona görə də biz Azərbaycanda Göz Bankının açılacağını gözləyirik. Bu, spesifik bir bankdır. Orada göz xüsusi olaraq, transplantologiya üçün hazırlanır.

Gözün buynuz qişasının transplantasiyasının hazırkı dövrdə Azərbaycan üçün çox əhəmiyyətli olduğunu deyən həkim vurğulamışdır ki, azərbaycanlı xəstələrin çoxu bu əməliyyatın aparılması üçün ya İrana, ya da Türkiyəyə gedirlər. Lakin həmin xəstələr Azərbaycana qayıtdıqdan sonra onların müəyyən problemləri yarandıqda həmin həkimlərin nəzarəti altında ola bilmirlər.

Qeyd edək ki, Respublika Diaqnostika Mərkəzində artıq 12 xəstəyə uğurla böyrək köçürülmüşdür. Yaxın gələcəkdə bu mərkəzdə qaraciyər transplantasiyası, eləcə də daha mürəkkəb əməliyyatların aparılması da planlaşdırılır.

1/04/2014

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013